15 avqust 2017, 15:00

İsa Əhmədovdan, Zaqatala, Azərbaycan

Möhtərəm cənab Prezident,

Uğurlu gələcəyimizin təməlini qoyan, xalqımızın tərəqqisini və xoşbəxtliyini özünün başlıca fəaliyyət istiqaməti kimi müəyyənləşdirən ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik ənənələrinin Sizin tərəfinizdən qorunub saxlanması və inkişaf etdirilməsi bu gün ölkəmizi sürətlə irəli aparır. Məhz bu siyasətin nəticəsidir ki, dünyada davam edən mənfi iqtisadi proseslərə baxmayaraq, Azərbaycanda iqtisadi islahatlar getdikcə dərinləşir. Ölkəmizdə sabitlik qorunub saxlanılır, əmin-analıq, təhlükəsizlik hökm sürür, quruculuq işləri aparılır, insanlar rahat yaşayır və Azərbaycan bütün dünyada demokratik, qüdrətli, öz sözünü deməyə qadir olan bir ölkə kimi tanınır.

Hörmətli cənab Prezident, 2017-ci il rayonumuz üçün yadda qalan hadisələrlə zəngin oldu. Sizin avqustun 3-də rayonumuza səfəriniz və bu səfərdən sonra 23 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi və Zaqatala şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı vəsait ayrılması barədə sərəncamlarınız rayonumuzun füsunkar gözəlliyinə yeni çalarlar gətirəcək.

Möhtərəm Prezident, Zaqatalaya göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə rayon ağsaqqalları adından dərin təşəkkürümüzü bildiririk. Bütün xalqımız kimi, Zaqatala ağsaqqalları da Sizə böyük rəğbət və sevgi bəsləyir, ölkəmizdə aparılan siyasəti dəstəkləyir, Azərbaycanın zəngin, qüdrətli və müasir dövlət quruculuğunun möhkəmləndirilməsi uğrunda fəaliyyətinizdə Sizə parlaq qələbələr, möhkəm cansağlığı və uzun ömür arzu edirlər. 

Dərin hörmət və ehtiramla,

Əhmədov İsa,

Respublika Ağsaqqallar Şurası Zaqatala rayon təşkilatının sədri 

Azərbaycan Respublikası, Zaqatala rayonu.