22 avqust 2017, 12:30

N.Mürsəlov və başqalarından, Göyçay, Azərbaycan

Hörmətli cənab Prezident,

Respublikamızda ulu öndərimiz Heydər Əliyevin sosial və iqtisadi sahədə apardığı siyasət, inkişaf Sizin tərəfinizdən uğurla davam etdirilməkdədir.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası çərçivəsində Göyçay rayonunda da bir sıra uğurlu layihələr həyata keçirilib. Yeni iş yerlərinin açılması əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına kömək edir. Su və qaz xətlərinin yenilənməsi əhalinin bu sahədə olan tələbatının daha yaxşı ödənilməsinə gətirib çıxarıb. Rayon əhalisi üçün sevindirici və yadda qalan hadisələrdən biri də Alıkənd və Mırtı kəndlərinə təbii qazın verilməsi oldu.

Rayonun Bığır, Cırqurd, Şəkər, Veysəlli, Mırtı və Alıkənd kəndlərini birləşdirən kəndlərarası avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması da sakinləri sevindirir. Bu yolun çəkilişindən sonra əhalimiz qonşu kəndlərlə, rayon mərkəzi və paytaxtımızla rahat əlaqə yarada biləcək, istehsal etdikləri məhsulları satış məntəqələrinə vaxtında və keyfiyyətlə çıxara biləcəklər. Bununla da kəndlərimizin daha bir sosial probleminə son qoyulacaq.

Cənab Prezident, bizə göstərdiyiniz bu qayğıya görə sakinlər adından Sizə dərin minnətdarlığımızı bildiririk. Doğma Azərbaycanımızın inkişafı yolunda fəaliyyətinizdə Allah Sizə kömək olsun.

Mırtı və Alıkənd kəndlərinin sakinləri adından dərin hörmətlə,

Mürsəlov N, şəhid atası,

Ağayev A,

Həsənov V,

Həsənov R və başqaları.

Azərbaycan Respublikası, Göyçay rayonu.