22 avqust 2017, 12:00

Akif Hüseynovdan, Mingəçevir, Azərbaycan

Möhtərəm cənab Prezident,

Mingəçevir şəhərində həyata keçirilən abadlıq işləri ilə əlaqədar Sizə dərin minnətdarlığımızı bildiririk.

Bizim məhəllənin ərazisinin asfaltlanması və piyada səkilərinin tamamilə yenidən qurulması üçün etdiyimiz müraciət tez bir zamanda öz müsbət həllini tapdı. Qışda palçıq, yayda toz əlindən hərəkət etmək mümkün olmayan məhəlləmiz hazırda ən səliqəli və təmiz bir əraziyə çevrilib.

Ümumiyyətlə, son illərdə şəhərimizdə aparılan abadlıq və quruculuq işləri xüsusi səliqə və sahmanla həyata keçirilir ki, biz də şəhər sakinləri olaraq şəhərimizin gözəlləşməsi və abadlaşması ilə qürur duyuruq.

Cənab Prezident, təbii ki, biz bütün bunların Sizin nəzarətiniz altında olduğunu və Sizin tapşırıqlarınıza uyğun icra edildiyini çox yaxşı başa düşürük. Bu işlərə görə məhəlləmizin sakinləri və ailəm adından bir daha Sizə minnətdarlığımı bildirir, möhkəm cansağlığı, ölkə rəhbəri kimi bütün işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Hüseynov Akif.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.