22 avqust 2017, 18:30

Sona Həsənova və başqalarından, Şəmkir, Azərbaycan

Əziz Prezidentimiz,

Azərbaycanın bütün rayonları kimi, Şəmkir rayonu da Sizin diqqət və qayğınızı hər zaman öz üzərində hiss edir. Sizin rayonumuza səfərləriniz hər bir şəmkirli üçün bayrama çevrilir, xoş xatirələrlə yadda qalır. Bu günlərdə rayonumuza növbəti səfəriniz zamanı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialının açılışında iştirakınızla biz toxuculara böyük sevinc və qürur hissi yaşatdınız. Şəmkirli toxucular bu günü səbirsizliklə gözləyirdilər.

Xalçaçılıq bizim ailə sənətimizdir, nənələrimizin, analarımızın yadigarıdır. Rayonumuzun kəndləri tarixən Gəncəbasar bölgəsinin ən məhsuldar xalçaçılıq məntəqələri olub. Biz də bu müqəddəs ənənəni davam etdirəcəyik, yaşadacağıq və gənclərə öyrədəcəyik. Bunun üçün yaratdığınız şəraitə görə Sizə bütün kollektivimiz adından dərin minnətdarlığımızı bildiririk. Azərbaycanın hər yerində xalça toxumaq istəyən yüzlərlə qızlarımız, gəlinlərimiz var. Arzumuz budur ki, respublikamızın bütün rayonlarında xalçaçılar üçün belə gözəl iş yerləri yaradılsın, toxuduğumuz gözəl xalçalar ölkəmizin şöhrətini artırsın.

Sizi əmin edirik ki, şəmkirli xalçaçılar öz fəaliyyətləri ilə respublikamızın bütün toxucularına örnək olacaqlar.

“Azərxalça” ASC-nin Şəmkir filialının toxucuları adından dərin hörmətlə,

Həsənova Sona Xasay qızı

İsayeva Sədaqət Hüseyn qızı

Əsgərova Minəzər Əli qızı

Qafarova Bəsti Adıgözəl qızı

Məmmədova Dilbər Dəmir qızı.

Azərbaycan Respublikası, Şəmkir şəhəri.