25 avqust 2017, 11:00

Ceyhun Hüseynovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident,

“Qarabağ” futbol klubu bu qələbəsi ilə Azərbaycanın idman ölkəsi olduğunu dünyaya bir daha sübut etdi. Ona görə də Azərbaycanda idmanın inkişafına daimi dəstəyinizi və qayğınızı əsirgəmədiyinizə görə Sizə dərin minnətdarlığımı bildirir və Sizi ürəkdən təbrik edirəm.

Bir ölkədə idman varsa, deməli orada sağlamlıq da var. Sağlam bədən varsa, deməli sağlam ruh da var. Sağlam ruh varsa, deməli bu millətin qələbəyə yetəcək qədər əzmi, iradəsi də var. Futbol meydanındakı qələbənin hərb meydanında davamının gələcəyi gün də uzaqda deyil. “Qarabağ”da zəfər çalmaq üçün əzm də, iradə də var idi. İşğal altında olan torpaqlarımızı – Qarabağı azad etmək üçün də xalqımızda kifayət qədər əzm və iradə var.

Cənab Prezident, “Qarabağ” futbol klubu “Kopenhagen”lə iki oyunun nəticəsinə əsasən Avropanı fəth etmək yoluna qədəm qoydu. İnşallah, münaqişənin də nəticəsi xalqımızın istədiyi kimi olacaq. “Qarabağ” klubu xalqımıza yeni ruh gətirdi. İnşallah, biz də Qarabağımızı azad edib öz ruhumuzu doğma torpaqlarımıza yenidən qatarıq.

Bütün bunlarla yanaşı, yenə də qurdunu gizlədə bilməyənlər var. Ey, “Qarabağı”ın qələbəsinə sevinə bilməyənlər, bizim totemimiz “çöl qurdu” olub, “iç qurdu” yox. “Çöl qurdu” üçün üz-üzə dayanmaq, sözü üzə demək, mərdi-mərdanə savaşmaq, xəyanətdən uzaq olmaq xarakterik olduğu halda, iç qurdu... Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləkinə müxalifətdə durmasın.

Hörmətlə,

Hüseynov Ceyhun Nadir oğlu.

 Azərbaycan Respublikası, Gəncə şəhəri.