26 avqust 2017, 17:00

Esmira Şirinova və başqalarından, Gədəbəy, Azərbaycan

Möhtərəm cənab Prezident,

Müasir Azərbaycan Respublikasının banisi, qurucusu, memarı və uğurlu gələcəyimizin təməlini qoyan, xalqımızın tərəqqisini və xoşbəxtliyini özünün başlıca fəaliyyət istiqaməti kimi müəyyənləşdirən ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik ənənələrinin Sizin tərəfinizdən qorunub saxlanması və inkişaf etdirilməsi bu gün ölkəmizi sürətlə irəli aparır.

Ölkəmizdə iqtisadi islahatların uğurla aparılmasının nəticəsidir ki, rayonumuzda da kənd təsərrüfatı, sənaye və emal sahələri inkişaf etdirilir. Yeni iş yerləri açılır, əhalinin məşğulluq səviyyəsi yüksəlir. Ölkəmizdə, eləcə də rayonumuzda əhalinin rifahı yüksəldikcə əmin-amanlıq, xoşbəxtlik və sakitlik möhkəmlənir.

Möhtərəm Prezident, bunların hamısı Sizin rəhbərliyiniz ilə aparılan düzgün, uğurlu, davamlı siyasətin nəticələridir.

2017-ci il rayonumuz üçün yaddaqalan hadisələrlə zəngin oldu. Sizin avqustun 20-də rayonumuza səfəriniz gədəbəylilər üçün ən müqəddəs bayram kimi qeyd olundu. Bu səfərdən sonra Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı vəsait ayrılması barədə imzaladığınız Sərəncam rayonumuzun füsunkar gözəlliyinə yaraşıq gətirəcək.

Möhtərəm Prezident, gədəbəylilərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə rayonun bir qrup ziyalı qadını adından Sizə dərin minnətdarlığımızı bildiririk. Azərbaycanın zəngin, qüdrətli və müasir dövlət quruculuğunun möhkəmləndirilməsi naminə fəaliyyətinizdə Sizə parlaq qələbələr, möhkəm cansağlığı və uzun ömür arzu edirik.

Gədəbəy rayonunun bir qrup ziyalı qadını adından dərin hörmətlə,

Şirinova Esmira

Paşayeva Qərənfil

 Alhüseynova Afət

Həsənova Zəkiyyə

Zeynalova Mətanət və başqaları.

Azərbaycan Respublikası, Gədəbəy rayonu.