05 sentyabr 2017, 15:35

Şirvan Əbilovdan, Masallı, Azərbaycan

Çox hörmətli Prezidentimiz,

Azərbaycanın xilaskarı, xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin siyasi xətti Sizin səmərəli fəaliyyətiniz, dərin zəkanız, yüksək təşkilatçılıq bacarığınız sayəsində daha uğurla inkişaf edir. Sizin respublikamıza rəhbərlik etdiyiniz illərdə ölkəmiz böyük iqtisadi sıçrayışa nail olub, iqtisadi qüdrətini artırıb, hərbi potensialını yüksəldib, dünyanın inkişaf etmiş ölkələri sırasında öz mövqeyini möhkəmləndirib, bununla bərabər, xalqımızın mədəni səviyyəsi yüksəlib, rifahı yaxşılaşıb. Yaşadığım Masallı rayonu da bu inkişafdan bəhrələnib.

Hörmətli cənab Prezident, Sizin dəstəyiniz və təşəbbüskarlığınızla rayonumuzda bir çox mühüm sosial obyektlər tikilib istifadəyə verilib, yollar abadlaşdırılıb, yeni park və xiyabanlar salınıb. Masallı qısa müddət ərzində on illərə bərabər inkişaf yolu keçib, böyüyüb və gözəlləşib. Keçən ilin sentyabrında Masallıya tarixi səfəriniz, burada bir çox mühüm sosial-ictimai obyektlərin xeyir-duasını verməyiniz rayon sakinləri tərəfindən rəğbətlə qarşılandı.

Möhtərəm Prezident, mən Ulu Öndərin qayğısını və diqqətini həyatımda həmişə hiss etmişəm. Ümummilli Lider Vətəninə, xalqına, dövlətinə sədaqətlə xidmət edənləri həmişə dəyərləndirirdi. Mən də uzun illər müxtəlif sahələrdə işləmişəm. Siz də Ulu Öndərin yolu ilə gedərək mənim əməyimi yüksək qiymətləndirirsiniz. Belə ki, 2007-ci ildə mən Prezident təqaüdünə layiq görülmüşəm. Fərəhimin həddi-hüdudu yoxdur. Sərəncamınızla məni “Tərəqqi” medalı ilə təltif etməyiniz isə Sizin təkcə mənə deyil, bütün masallılılara olan sayğınızdır. Bu yüksək mükafat mənim ömrümü daha da uzadacaq, həyatımı daha da rövnəqləndirəcəkdir. Yüksək qayğınıza görə ailə üzvlərimin və yaşadığım Mahmudavar kəndinin bütün sakinlərinin minnətdarlığını Sizə çatdırmağı özümə borc bilirəm. Uca Tanrıdan Sizə uzun ömür, möhkəm cansağlığı, Azərbaycanımızın daha da inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Allah Sizi qorusun, cənab Prezident!

Hörmətlə,

Əbilov Şirvan Rəşid oğlu, Prezident təqaüdçüsü.

Azərbaycan Respublikası, Masallı rayonu, Mahmudavar kəndi.