Gerb

12 sentyabr 2017, 19:40

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 12 sentyabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. “www.azexport.az” internet portalı haqqında Əsasnamə (bundan sonra – Əsasnamə) “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 fevral tarixli 1255 nömrəli Fərmanına və “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 sentyabr tarixli 2349 nömrəli Sərəncamına uyğun hazırlanmışdır və “www.azexport.az” internet portalının (bundan sonra – Portal) hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

1.2. Portal Azərbaycan Respublikasında istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatların əks etdirilməsini, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibini və imzalanmasını, real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsini, Azərbaycan Respublikasında istehsal olunan malları elektron ticarət qaydasında təqdim edən ixracatçıların ixrac əməliyyatlarını həyata keçirmək üçün tələb olunan icazələri vahid elektron ərizə əsasında elektron qaydada əldə etmələrini, ixrac gömrük bəyannaməsinin, habelə qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsi hesabına ixrac təşviqinin ödənilməsi ilə bağlı müraciətlərin təqdim edilməsini, istifadəçilərin və iştirakçıların portaldan sərbəst istifadəsini, ona inteqrasiya olunmuş informasiya sistemlərindən məlumatların (əldə edilməsi qanunla məhdudlaşdırılan informasiya istisna olmaqla) əldə edilməsini və bu Əsasnamədə nəzərdə tutulmuş digər xidmətlərin göstərilməsini təmin edir.

1.3. Bu Əsasnamədə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. operator – İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi;

1.3.2. iştirakçı – özünə məxsus informasiya sistemi ilə portalda informasiya mübadiləsində iştirak edən orqan;

1.3.3. istifadəçi – Azərbaycan Respublikasında və ya xarici dövlətdə vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxs, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxs;

1.3.4. istifadəçinin elektron kabineti – Azərbaycan Respublikasında istehsal olunan malların istehsalçıları tərəfindən məlumatların portala daxil edilməsini və yenilənməsini, habelə həmin malları elektron ticarət qaydasında təqdim edən ixracatçılar tərəfindən ixrac əməliyyatlarının həyata keçirilməsi ilə bağlı məlumatların əldə edilməsini və həmin məlumatlarla tanışlığı, ödənişlərin həyata keçirilməsini, operatorla və iştirakçılarla qarşılıqlı əlaqəni təmin edən xüsusi fərdi elektron səhifə;

1.3.5. “virtual FİN” – elektron imza verilməsi məqsədilə portal vasitəsilə daxil olmuş müraciətlərlə bağlı müsbət qərar qəbul edilmiş qeyri-rezidentlərə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi ilə verilən, hərflərdən və rəqəmlərdən ibarət unikal fərdi identifikasiya nömrəsi;

1.3.6. “e-qeyri-rezident” altsistemi – “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində yaradılan və qeyri-rezidentlərin elektron imza verilməsi barədə müraciətlərini qəbul və təhlil edən, onlara “virtual FİN” verən, habelə “virtual FİN” verilmiş qeyri-rezidentlərin reyestrini aparan altsistem;

1.3.7. elektron imza – gücləndirilmiş elektron imza olan “E-imza” və ya “ASAN imza”;

1.3.8. “E-imza” – Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində qeydiyyatdan keçmiş və akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən “token” tipli məlumat daşıyıcısında verilən gücləndirilmiş elektron imza vasitəsi;

1.3.9. “ASAN imza” (mobil elektron imza) – Azərbaycan Respublikası Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilən və elektron imza vasitəsi kimi mobil telefon və xüsusi SİM kart tələb edən gücləndirilmiş elektron imza vasitəsi;

1.3.10. sərbəst satış sertifikatı – ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edən, ixracatçılar tərəfindən könüllü olaraq əldə edilən və hüquqmüəyyənedici hesab olunmayan sənəd.

1.4. Bu Əsasnamədə istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

1.5. Portalın fəaliyyətinin təşkili, təkmilləşdirilməsi və saxlanma xərcləri dövlət büdcəsi və qanunla qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Portalın saxlanma, fəaliyyət və inkişaf xərclərini maliyyələşdirmək məqsədilə Operator tərəfindən qarşılıqlı razılıq əsasında şərtlər və ödənişlər müəyyən edilə bilər.

2. Portalın fəaliyyət prinsipləri

2.1. Portalın fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

2.1.1. şəffaflıq – portalın fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənməsi imkanının mövcudluğu;

2.1.2. istifadə rahatlığı – istifadəçilərin və iştirakçıların portaldan istifadəsinin və informasiya mübadiləsinin rahat, əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;

2.1.3. səmərəlilik – müraciətlərin təqdim edilməsi, qəbulu, cavablandırılması üçün tələb olunan vaxtın və maliyyə xərclərinin optimallaşdırılması, habelə istifadəçilər və iştirakçılar arasında qarşılıqlı əlaqənin, istifadəçilərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi;

2.1.4. operativlik – müraciətlərin təqdim edilməsinin, qəbulunun, cavablandırılmasının, nəticələrinin göndərilməsinin, informasiyanın əldə olunmasının və mübadiləsinin real vaxt rejimində həyata keçirilməsi;

2.1.5. əlaqəlilik – iştirakçıların informasiya sistemlərinin uzlaşdırılması və qarşılıqlı inteqrasiyasının təmin edilməsi;

2.1.6. təhlükəsizlik – sertifikatlaşdırılmış proqram təminatından və proqram-texniki vasitələrdən istifadə olunması, informasiya mübadiləsi zamanı normativ hüquqi aktların tələblərinə əməl edilməsi, təşkilati, texniki və texnoloji tədbirlər həyata keçirməklə informasiyanın tamlığının, dəyişməzliyinin və mühafizəsinin təmin olunması;

2.1.7. fasiləsizlik – portalda və ona inteqrasiya olunmuş informasiya sistemlərində aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq, fəaliyyətin fasiləsiz həyata keçirilməsi;

2.1.8. modulluq və miqyaslılıq – ən son texnologiyalardan istifadə etməklə portalın daim təkmilləşdirilməsi və inkişaf etdirilməsi, funksiya və imkanlarının artırılmasını təmin edən proqram-texniki komponentlərin olması.

2.2. Portalın idarə olunması dövlət-özəl tərəfdaşlığı prinsipinə və korporativ idarəetmə standartlarına əsaslanır.

3. Portalın infrastrukturu

3.1. Portalın infrastrukturu texniki-texnoloji və funksional baxımdan aşağıdakı əsas komponentlərdən ibarətdir:

3.1.1. proqram-texniki vasitələr;

3.1.2. telekommunikasiya kanalları;

3.1.3. elektron xidmətlər modulu;

3.1.4. idarəetmə sistemi;

3.1.5. ödəniş modulu;

3.1.6. ehtiyat mərkəzi;

3.1.7. arxiv mərkəzi.

3.2. Portalın proqram-texniki vasitələri və telekommunikasiya kanalları bu Əsasnamənin 1.2-ci bəndində nəzərdə tutulan xidmətlərin və informasiya mübadiləsinin həyata keçirilməsini, istifadəçilərin portaldan istifadəsini, portalın fəaliyyətinin etibarlılığını, təhlükəsizliyini və məlumatların mühafizəsini təmin edir.

3.3. Elektron xidmətlər modulu sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibini və imzalanmasını, habelə real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsini, Azərbaycan Respublikasında istehsal olunan malları elektron ticarət qaydasında təqdim edən ixracatçıların ixrac əməliyyatlarını həyata keçirmək üçün tələb olunan icazələri vahid elektron ərizə əsasında elektron qaydada əldə etmələrini, ixrac gömrük bəyannaməsini, habelə qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərin dövlət büdcəsi hesabına ixrac təşviqinin ödənilməsi məqsədilə müraciətlərin göndərilməsini, iştirakçıların informasiya sistemlərinin portala inteqrasiyasını və onlar arasında informasiya mübadiləsinin aparılmasını təmin edir.

3.4. Portalın idarəetmə sistemi onun məlumat bazasının formalaşdırılmasını, idarə olunmasını və istifadəsini təmin edir.

3.5. Ödəniş modulu portal vasitəsilə təqdim olunan malların dəyərinin real vaxt rejimində ödənilməsini, fiziki və hüquqi şəxslər tərəfindən köçürülmüş pul vəsaitinin saxlanmasını və onların tapşırığı ilə elektron ödənişlərin həyata keçirilməsini təmin edir.

3.6. Portalın fəaliyyətinin dayanıqlılığını və təhlükəsizliyini təmin etmək məqsədilə onun ehtiyat mərkəzi yaradılır və portalın proqram-texniki vasitələrinin nüsxəsi bu mərkəzdə saxlanılır. Formalaşan məlumatlar portalın məlumat bazasında, ehtiyat surətləri isə onun məlumat bazasının arxiv mərkəzində olur.

3.7. Portal sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibi və imzalanması, real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsi, habelə Azərbaycan Respublikasında istehsal olunan malları elektron ticarət qaydasında təqdim edən ixracatçılar tərəfindən ixrac əməliyyatlarının həyata keçirilməsi üçün tələb olunan icazələri vahid elektron ərizə əsasında elektron qaydada əldə etmələri, ixrac gömrük bəyannaməsinin, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsi hesabına ixrac təşviqinin ödənilməsi ilə bağlı müraciətlərin göndərilməsi məqsədilə elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya mexanizmləri ilə təchiz olunur.

4. Portalın funksiyaları

4.1. Portal vasitəsilə aşağıdakılar təmin olunur:

4.1.1. Azərbaycan Respublikasında istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatların olması;

4.1.2. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibi və imzalanması;

4.1.3. real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsi;

4.1.4. Azərbaycan Respublikasında istehsal olunan malları elektron ticarət qaydasında təqdim edən ixracatçıların ixrac əməliyyatlarını həyata keçirmək üçün qanunla tələb olunan icazələri vahid elektron ərizə əsasında elektron qaydada əldə etmək imkanının olması;

4.1.5. ixrac gömrük bəyannaməsinin, habelə qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsi hesabına ixrac təşviqinin ödənilməsi üçün müraciətlərin göndərilməsi imkanının olması;

4.1.6. portal vasitəsilə təqdim olunan malların dəyərinin real vaxt rejimində ödənilməsi imkanının yaradılması və elektron pul kisəsinin olması;

4.1.7. elektron imza sertifikatlarının, habelə xarici ölkələrdə verilmiş və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında tanınmış elektron imza sertifikatlarının inteqrasiyasının təmin olunması.

4.2. Portalın fəaliyyəti ilə əlaqədar aşağıdakı sahələrdə müvafiq informasiya resursları portala inteqrasiya edilir:

4.2.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən:

1. ixrac edilən heyvanlara, heyvan mənşəli məhsullara və xammala beynəlxalq baytarlıq sertifikatının verilməsi;

2. bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsi;

4.2.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən:

1. Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı üçün keyfiyyət sertifikatının verilməsi;

2. malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi;

3. ixrac əməliyyatlarının həyata keçirilməsini təmin edəcək hüdudlarda “Lisenziya və icazələr” portalı;

4.2.3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən:

1. kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün icazənin (sertifikatın) verilməsi;

4.2.4. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən:

1. mədəni sərvətlərin ixracı üçün mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsi;

4.2.5. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən:

1. dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və videomaterialların, malların (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının ixracına razılıq verilməsi;

4.2.6. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən:

1. portal vasitəsilə bağlanmış müqavilələrə uyğun olaraq, ixrac gömrük bəyannamələrinin real vaxt rejimində doldurulması, təqdim edilməsi, habelə gömrük nəzarətinin nəticəsinin real vaxt rejimində qeyd edilməsi;

4.2.7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən:

1. elektron imza sertifikatının verilməsi, habelə ixrac əməliyyatlarının aparılması ilə bağlı müraciətlərin portal vasitəsilə qəbulunu, cavablandırılmasını və bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin bu Əsasnamənin təsdiq edilməsi haqqında Fərmanının 7-ci hissəsində nəzərdə tutulan dövlət orqanları arasında məlumat mübadiləsinin aparılmasını təmin edəcək hüdudlarda “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi;

4.2.8. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən:

1. portal vasitəsilə dövlət rüsumunun və digər ödənişlərin həyata keçirilməsi məqsədilə “ASAN ödəniş” sistemi;

4.2.9. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən:

1. fiziki və hüquqi şəxslərin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) barədə məlumatlar;

2. “ASAN imza” sertifikatının verilməsi;

4.2.10. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən:

1. “E-imza” sertifikatının verilməsi;

2. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında tanınmış elektron imza sertifikatları;

4.2.11. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən:

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müraciəti əsasında ixrac təşviqinin ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına köçürülməsini təsdiq edən sənədlər barədə məlumatlar.

5. Portal vasitəsilə göstərilən digər xidmətlər

5.1. İstifadəçilər icazələrlə və ya investisiya təşviqi sənədi ilə bağlı qəbul edilmiş inzibati aktlardan portal vasitəsilə inzibati qaydada şikayət verə bilərlər. Həmin şikayətlərə inzibati orqan qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxır, nəticə barədə qəbul edilmiş inzibati aktı istifadəçinin portaldakı elektron kabinetinə göndərir və portal vasitəsilə bu barədə onun elektron poçt ünvanına məlumat ötürülür.

5.2. İstifadəçilər portal vasitəsilə informasiya xarakterli sorğular göndərə, habelə portalın fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər verə bilərlər. Həmin sorğulara (təkliflərə) inzibati orqan qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə baxır, nəticə barədə istifadəçinin müraciətində göstərilən elektron poçt ünvanına cavab göndərir.

6. Operatorun funksiyaları

6.0. Operatorun funksiyaları aşağıdakılardır:

6.0.1. portalın fəaliyyətini və idarə olunmasını təşkil etmək, portal vasitəsilə dayanıqlı, fasiləsiz, operativ və təhlükəsiz xidmət göstərilməsini təmin etmək, onun funksional imkanlarının artırılması və təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;

6.0.2. iştirakçıların informasiya sistemlərinin portala təhlükəsiz inteqrasiyasını və onların qarşılıqlı əlaqəsini təmin etmək;

6.0.3. portala daxil edilən məlumatların etibarlılığını, əlçatanlığını, təhrifolunmazlığını və konfidensiallığını (məxfiliyini), habelə onların ehtiyat surətlərinin saxlanmasını və mühafizəsini təmin etmək;

6.0.4. portalın texniki-texnoloji infrastrukturunun, o cümlədən elektron sistemin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və saxlanmasını təmin etmək, tərtib olunmuş qrafik üzrə müvafiq profilaktik işlər aparmaq;

6.0.5. elektron sistemin iştirakçılarına informasiya sistemləri arasında informasiya mübadiləsinin sistem vasitəsilə həyata keçirilməsi üzrə təkliflər vermək, həmin təkliflər qəbul edildiyi halda onların həyata keçirilməsində iştirak etmək və yerinə yetirilməsinə nəzarət etmək;

6.0.6. istifadəçilərin qanunla tələb olunan dövlət rüsumlarını və ya ödənişləri portal, “ASAN ödəniş” sistemi, portala inteqrasiya olunmuş digər ödəniş sistemləri və terminalları vasitəsilə ödəməsi barədə məlumatların qəbulunu, portalın müvafiq iştirakçılarına və istifadəçilərinə çatdırılmasını təmin etmək;

6.0.7. portalın təhlükəsizliyinin pozulduğu, əsas avadanlıqlarda qəza (xəta) baş verdiyi hallarda elektron sistemin iştirakçılarını və istifadəçilərini bu barədə məlumatlandırmaq, dərhal onun aradan qaldırılması üçün müvafiq tədbirlər görmək, baş vermiş qəzanın (xətanın) qısa müddətdə aradan qaldırılması mümkün olmadıqda, portalın ehtiyat mərkəzinin fəaliyyətə başlamasını təmin etmək;

6.0.8. portala inteqrasiya olunan informasiya sistemlərinin, elektron xidmətlərin dayanıqlı və fasiləsiz fəaliyyətinin iştirakçılar tərəfindən təmin olunmasına nəzarət etmək;

6.0.9. iştirakçılar tərəfindən portal vasitəsilə icazənin, onun əlavəsinin, dublikatının verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi haqqında, habelə icazənin verilməsindən imtina edilməsi barədə məlumatın istifadəçilərin elektron kabinetinə, elektron poçt ünvanına və mobil nömrəsinə göndərilməsi imkanlarını təmin etmək;

6.0.10. iştirakçı portalın fəaliyyətini ləngidən, dayandıran, ona zərər vuran davranışlara yol verdikdə, həmin iştirakçıya nöqsanların aradan qaldırılması üçün xəbərdarlıq etmək, tələbləri yerinə yetirilmədikdə isə onun portaldakı fəaliyyətini bu nöqsanlar aradan qaldırılanadək dayandırmaq;

6.0.11. portala inteqrasiya olunmuş informasiya sistemlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək, həmin sistemlər müəyyən olunmuş texniki tələblərə cavab vermədikdə isə onlarda zəruri dəyişiklik edilməsi və təkmilləşdirmə aparılması barədə aidiyyəti iştirakçılara bildiriş göndərmək;

6.0.12. normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada informasiya təhlükəsizliyini, o cümlədən əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyanın qorunmasını təmin etmək;

6.0.13. qanunla müəyyən edilmiş qaydada informasiya təhlükəsizliyini təmin etmək və fərdi məlumatların istifadəsini və mühafizəsini təşkil etmək;

6.0.14. portal vasitəsilə icazənin, onun əlavəsinin, dublikatının verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi sahəsində qanunvericiliyin, o cümlədən bu Əsasnamənin tələblərinə riayət olunmasına nəzarət etmək;

6.0.15. portal vasitəsilə iştirakçılara metodiki rəhbərliyi və informasiya təminatını həyata keçirmək, portalın iş prinsipləri və funksional imkanları haqqında onlara məlumat vermək, kömək göstərmək, portaldan istifadə qaydaları və onun üstünlükləri barədə maarifləndirmə işi aparmaq;

6.0.16. informasiya sistemlərinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş texniki tələblərə uyğun fəaliyyət göstərməsinə nəzarət etmək;

6.0.17. bu Əsasnamədən irəli gələn digər funksiyaları yerinə yetirmək.

7. İştirakçıların funksiyaları

7.0. İştirakçılar aşağıdakı funksiyaları həyata keçirirlər:

7.0.1. öz informasiya sistemlərinin bu Əsasnamənin 6.0.16-cı bəndində nəzərdə tutulan texniki tələblərə uyğun portala inteqrasiya olunmasını təmin etmək, onların müəyyən edilmiş texniki tələblərə uyğunluğuna dair zəruri məlumatları operatora təqdim etmək;

7.0.2. portala inteqrasiya olunmuş informasiya sistemlərinin normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada informasiya təhlükəsizliyinin təmin olunması, o cümlədən əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyanın mühafizəsi ilə bağlı tədbirlər görmək;

7.0.3. portalın fəaliyyətini ləngidən, ona zərər vuran, o cümlədən portalın fəaliyyətinin dayanmasına səbəb ola bilən hərəkətlərə yol verməmək;

7.0.4. portala inteqrasiya olunmuş informasiya sistemlərində operatorun əsaslandırılmış tələbinə uyğun dəyişiklik etmək və təkmilləşdirmə işləri aparmaq;

7.0.5. portala inteqrasiya olunmuş informasiya sistemlərində nəzərdə tutulan profilaktik, təmir, sazlama və digər texniki işlərin aparılacağı barədə operatoru ən azı 5 (beş) iş günü əvvəl məlumatlandırmaq;

7.0.6. portalın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı operatora təkliflər vermək;

7.0.7. bu Əsasnamədən irəli gələn digər funksiyaları yerinə yetirmək.

8. İstifadəçilərin hüquqları

8.0. İstifadəçilərin aşağıdakı hüquqları vardır:

8.0.1. portal vasitəsilə icazənin verilməsi üçün müraciət etmək, sorğu vermək və cavablar almaq;

8.0.2. Azərbaycan Respublikasında istehsal olunan malların elektron ticarət qaydasında təqdim edilməsi ilə bağlı:

1. ixrac əməliyyatlarını həyata keçirmək üçün tələb olunan icazələri vahid elektron ərizə əsasında elektron qaydada əldə etmək;

2. ixrac təşviqinin ödənilməsi üçün müraciət etmək;

3. ixrac gömrük bəyannaməsini göndərmək;

8.0.3. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar sənədləri, o cümlədən müqavilələri elektron formada tərtib etmək və imzalamaq, habelə transsərhəd elektron xidmətlərdən istifadə etmək;

8.0.4. elektron pul kisəsində hesab yaratmaq;

8.0.5. portal vasitəsilə edilmiş müraciətlərlə bağlı, icazələrin və ya investisiya təşviqi sənədinin verilməsindən imtina edilməsi barədə qəbul olunmuş inzibati aktdan portal vasitəsilə inzibati qaydada şikayət vermək;

8.0.6. portalın fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;

8.0.7. bu Əsasnamənin 5.1-ci və 5.2-ci bəndlərində nəzərdə tutulmuş müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə baxılmasını iştirakçılardan tələb etmək;

8.0.8. portala daxil olmaq və oradan məlumatları əldə etmək;

8.0.9. bu Əsasnamədən irəli gələn digər hüquqları həyata keçirmək.

9. Təhlükəsizlik tədbirləri

9.1. Portalda məlumatların işlənilməsi zamanı avtomatlaşdırılmış texniki vasitələrin işinin pozulmasına gətirib çıxaran təsirlərə yol verilməməlidir.

9.2. Məlumatların mühafizə səviyyəsinin daim nəzarətdə saxlanılması, onların təhlükəsizliyinə qarşı yönələn təhdidlərin müəyyənləşdirilməsi və ehtimal edilən təhdidlərin neytrallaşdırılmasını təmin edən mühafizə sisteminin işlənib hazırlanması və daim təkmilləşdirilməsi elektron sistemin təhlükəsizliyinin vacib elementi olmalıdır.

9.3. Operator məlumatlara qanunsuz müdaxilə faktlarının vaxtında aşkar edilməsini, qanunsuz müdaxilənin, məlumatların surətinin çıxarılmasının və (və ya) bu məlumatların onlarla işləməyə icazəsi olmayan şəxslərə ötürülməsinin qarşısının alınması, dəyişdirilmiş və ya məhv edilmiş məlumatların dərhal bərpası imkanının olmasını təmin etməlidir.

9.4. Portal üzrə məlumatların təhlükəsiz şəkildə yazılması, sistemləşdirilməsi, yenilənməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanılması, ötürülməsi, məhv edilməsi üçün mühafizə vasitələrinin, üsullarının istismar və texniki sənədlərə uyğunluğu barədə müvafiq sənəd olmalı, onlar istismar və texniki sənədlərə uyğun quraşdırılmalı və istismara verilməlidir.

10. Portaldan istifadə qaydası

10.1. Bu Əsasnamənin 3.7-ci bəndində nəzərdə tutulan xidmətlərdən istifadə etmək üçün istifadəçi, ilk növbədə, elektron imza vasitəsilə portalda qeydiyyatdan keçərək elektron kabinet yaradır və həmin elektron kabinetdə müvafiq funksiyasını seçir.

10.2. Bu Əsasnamənin 3.7-ci bəndində qeyd edilənlər istisna olmaqla, digər müraciətlər üçün qeydiyyat prosedurları (elektron imza, istifadəçi adı, şifrəsi və s.) tələb olunmur.

10.3. Portalda bu Əsasnamənin 10.1-ci bəndinə əsasən seçilən funksiyaya uyğun olaraq açılan pəncərədə istifadəçi əməliyyatları aşağıdakı qaydada həyata keçirir:

10.3.1. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibi və imzalanması:

1. elektron müqavilə pəncərəsində istifadəçiyə aid zəruri məlumatlar (fiziki şəxsin soyadı, adı, atasının adı, hüquqi şəxsin adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) portal tərəfindən iştirakçıların informasiya sistemlərindən götürülərək əks olunur;

2. sistem məlumatların tamlığını yoxlayır və təsdiq edildikdən sonra elektron müqavilə ilə bağlı istifadəçi tərəfindən digər xanaların doldurulması üçün yeni pəncərə açılır;

3. istifadəçi tərəfindən müqavilənin elektron formada tərtibi tam şəkildə başa çatdırıldıqdan sonra elektron imza ilə təsdiqlənir;

4. elektron müqavilə təsdiqləndikdən sonra qarşı tərəfin elektron kabinetinə göndərilir və bu barədə onun elektron poçt ünvanına bildiriş və (və ya) mobil telefonuna SMS göndərilir;

5. xarici biznes tərəfdaşlarının tərtib etdiyi elektron müqavilə Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxs tərəfindən bu yarımbəndin 3-cü abzasında nəzərdə tutulmuş qaydada təsdiqlənir;

10.3.2. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən transsərhəd elektron xidmətlərin həyata keçirilməsi:

1. seçilmiş transsərhəd elektron xidmətə müvafiq olaraq açılan pəncərədə istifadəçiyə aid zəruri məlumatlar (fiziki şəxsin soyadı, adı, atasının adı, hüquqi şəxsin adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) portal tərəfindən iştirakçıların informasiya sistemlərindən götürülərək əks olunur;

2. sistem məlumatların tamlığını yoxlayır və təsdiq edildikdən sonra istifadəçi tərəfindən digər xanaların doldurulması üçün yeni pəncərə açılır;

3. istifadəçi tərəfindən tələb olunan bütün xanalar doldurulduqdan sonra məlumatlar elektron imza ilə təsdiqlənərək göndərilir;

4. məlumat və sorğu xarakterli transsərhəd elektron xidmətlərin həyata keçirilməsi üçün autentifikasiya və təsdiq tələb olunmur;

10.3.3. Azərbaycan Respublikasında istehsal olunan malları elektron ticarət qaydasında təqdim edən ixracatçılar tərəfindən ixrac əməliyyatlarının həyata keçirilməsi:

1. ixrac bölməsində açılan ərizə pəncərəsində istifadəçiyə aid zəruri məlumatlar (fiziki şəxsin soyadı, adı, atasının adı, hüquqi şəxsin adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) portal tərəfindən iştirakçıların informasiya sistemlərindən götürülərək əks olunur;

2. sistem məlumatların tamlığını yoxlayır və təsdiq edildikdən sonra ərizədə istifadəçi tərəfindən digər xanaların doldurulması üçün yeni pəncərə açılır;

3. istifadəçi tərəfindən ərizədə ixrac olunacaq mal barədə məlumat qeyd olunur;

4. qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərin ərizədə ixrac təşviqinin ödənilməsi ilə bağlı qeydləri olmalıdır;

5. malın ixracına icazə tələb olunduğu hallarda, sistem tərəfindən ərizə real vaxt rejimində icazə verən orqana göndərilir. İcazənin verilməsi ilə bağlı müraciətlərə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən baxılır;

6. icazə onu verən orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən elektron imza ilə təsdiqlənərək istifadəçinin elektron kabinetinə göndərilir;

7. istifadəçi tərəfindən ixrac gömrük bəyannaməsi real vaxt rejimində doldurularaq, həmin malın elektron ticarət qaydasında təqdim edilməsi ilə bağlı xarici dövlətlə bağlanılmış müqavilə əlavə olunmaqla, gömrük orqanlarına göndərilir;

8. icazə tələb olunduğu hallarda, sistem tərəfindən icazə ixrac gömrük bəyannaməsinə əlavə olunur;

9. ərizədə ixrac təşviqinin ödənilməsi ilə bağlı məlumatlar qeyd olunduğu təqdirdə, bu barədə məlumatlar sistem tərəfindən real vaxt rejimində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə göndərilir. İxracatçıya ixrac təşviqinin ödənilməsi ilə bağlı müraciətə baxılmasının nəticəsi barədə istifadəçinin elektron kabinetinə, elektron poçt ünvanına və mobil nömrəsinə bildiriş göndərilir;

10.3.4. qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi:

1. qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nda müəyyən olunmuş qaydada tənzimlənir;

10.3.5. Sərbəst satış sertifikatının verilməsi:

1. “Sərbəst satış sertifikatı” bölməsində açılan ərizə pəncərəsində istifadəçiyə aid zəruri məlumatlar (fiziki şəxsin soyadı, adı, atasının adı, hüquqi şəxsin adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) portal tərəfindən iştirakçıların informasiya sistemlərindən götürülərək əks olunur və ixrac üçün tələb olunan sənədlər portal vasitəsilə ərizəyə əlavə olunur;

2. istifadəçi tərəfindən ərizə təsdiq olunduqdan sonra, real vaxt rejimində, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə göndərilir;

3. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən sərbəst satış sertifikatının verilməsi və ya verilməsindən imtina edilməsi barədə 1 (bir) iş günü müddətində qərar qəbul olunur;

4. sərbəst satış sertifikatı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru tərəfindən elektron imza ilə təsdiqlənərək istifadəçinin elektron kabinetinə göndərilir. Müraciət edən şəxs, öz istəyindən asılı olaraq, sertifikatın kağız daşıyıcıda olan formasını İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən əldə edə bilər.