26 sentyabr 2017, 14:00

İsrafil Kərimovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Avropa qitəsinin ən mötəbər idman yarışlarından biri olan futbol üzrə UEFA Avropa Liqasının final matçının 2019-cu ildə ölkəmizdə keçiriləcəyi xəbəri bir azarkeş kimi məni çox sevindirdi. Bir azərbaycanlı olaraq həm də bundan qürur hissi keçirdim.

Bu, Sizin idmana göstərdiyiniz qayğınızın, müdrik siyasətinizin məntiqi nəticəsidir. Əvvəllər yalnız televiziya vasitəsilə izlədiyimiz idman yarışları indi ölkəmizdə keçirilir. Sizin apardığınız düşünülmüş siyasət hər zaman olduğu kimi, yenə də öz bəhrəsini verdi.

Cənab Prezident, çətin və məsuliyyətli işlərdə uğurlarınızın davamlı olmasını diləyirəm. Biz Sizin siyasətinizlə inkişaf edir, səsimizi dünyaya çatdıra bilirik.

Allah Sizi qorusun.

Hörmətlə,

 

Kərimov İsrafil Müqabil oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.