05 oktyabr 2017, 12:25

Rəviyyə Hacıyevadan, Lerik, Azərbaycan

Cənab Ali Baş Komandan,

Mən bir şəhid anası olaraq şəhid olmuş övladımla hər zaman fəxr etmişəm. İnanıram ki, bütün şəhid valideynləri mənim kimi düşünür.

Bu yaxınlarda kəndimizdə Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə yaradılmış kompleksin açılış mərasimi oldu. Kənd ağsaqqallarının, ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbir mənə sözlə ifadə edə bilməyəcəyim hisslər yaşatdı. Ölkəmizdə bütün şəhidlərin ruhuna olan hörmət və ehtiramın bir daha şahidi oldum. Özüm bir ağbirçək şəhid anası kimi bütün analara vətənpərvər övladlar böyütmək üçün nəsihətlər verirəm. Kəndimizdə belə bir kompleksin yaradılması övladlarımızın vətənpərvər ruhda böyüməsi və tərbiyə olunması üçün mühüm əhəmiyyət kəsb edir.

Əziz Prezidentimiz, Sizin şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğını hər zaman yaxından hiss edirik. Biz inanırıq ki, torpaqlarımız Sizin Ali Baş Komandanlığınızla tezliklə mənfur düşmənlərin tapdağından azad olunacaq. Buna görə biz ağbirçək analar hər gün Sizə və Milli Ordumuza dualar edirik.

Allah Sizi və Vətən keşiyi çəkən hər bir əsgərimizi qorusun.

Hörmətlə, 

Hacıyeva Rəviyyə Şirməmməd qızı.

Azərbaycan Respublikası, Lerik rayonu, Rvarud kəndi.