Gerb

06 oktyabr 2017, 12:50

Hörmətli cənab Prezident,

Sentyabrın 24-də Neftçala rayonuna tarixi səfəriniz, burada yeni mühüm obyektlərdə olmağınız, xüsusilə Neftçala Sənaye Məhəlləsinin açılışında iştirakınız bütün sakinlərin ürəyindən oldu. Son illər ölkəmizin hər yerində olduğu kimi, bizim Neftçalada da böyük quruculuq işləri aparılır. Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı kimi çox nəhəng və əzəmətli tikililər göz qabağındadır. İnsanlar görülmüş bu işlərdən razıdırlar. Neftçala Sənaye Məhəlləsinin istifadəyə verilməsi isə yüzlərlə yeni iş yerinin açılması deməkdir.

Möhtərəm cənab Prezident, Sizin rayonumuza hər gəlişinizdən sonra Neftçalada bir çox yeniliklər olur, göz oxşayan gözəlliklər yaradılır. Bu, Sizin tərəfinizdən Neftçalaya bir hədiyyə, ərməğan kimi hamını sevindirir. Bu gün görülən bu xeyirxah və nəcib işlər də şəxsən Sizin təşəbbüskarlığınızın, diqqət və qayğınızın bəhrələridir. Sizin Neftçalaya hər səfərinizdən yeni bir iz qalır, yeni bir əvəzolunmaz hədiyyə görürük. Bu da şübhəsiz ki, sakinlərin ürəyincədir.

Bu yaxınlarda rayonumuza səfərinizdən sonra Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisinə, habelə çoxmənzilli binaların əsaslı təmirinə vəsait ayrılması barədə imzaladığınız sərəncamları bütün neftçalalılar çox böyük sevinc və hərarətlə  qarşıladılar. Bu, böyük və əvəzsiz qayğıdır.

Hörmətli cənab Prezident, neftçalalılara göstərdiyiniz diqqət və qayğıya, imzaladığınız yeni sərəncamlara görə şəxsən öz adımdan, ağsaqqal və ziyalılar adından Sizə minnətdarlığımızı və təşəkkürümüzü bildirir, respublikamızın daha da inkişafı naminə fəaliyyətinizdə möhkəm cansağlığı, uzun ömür arzulayırıq.

Hörmətlə,

Mahmudov Tədbir, Əməkdar Müəllim, əmək veteranı. 

Azərbaycan Respublikası, Neftçala rayonu.