06 oktyabr 2017, 14:00

Zakir Sayılovdan, Neftçala, Azərbaycan

Hörmətli cənab Prezident,

Ölkəmizdə uğurla həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində müasir texnologiyalara əsaslanan yeni müəssisələr yaradılır, rəqabətqabiliyyətli və ixracyönümlü sənaye məhsullarının istehsalı artır. Qeyri-neft sənayesinin davamlı inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, məşğulluğun təmin olunmasında sənaye zonalarının yaradılması və fəaliyyətinin təşkili xüsusilə önəmlidir.

Möhtərəm cənab Prezident, Sizin Neftçalaya səfəriniz çərçivəsində Mərkəzi Rayon Xəstəxanasında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olmağınız, Neftçala Sənaye Məhəlləsinin, magistral kanalın, “Neftçala” yarımstansiyasının açılışında iştirak etməyiniz biz neftçalalılar tərəfindən böyük sevinclə qarşılandı. Göstərdiyiniz diqqət və qayğının nəticəsində rayonumuzda yeni iş yerləri açılacaq, bunun sayəsində də əhalinin məşğulluq səviyyəsi yüksələcək. Həmçinin investisiyaların yatırılması və istehsalın artması nəticəsində rayonun, eləcə də bölgənin iqtisadi imkanları artacaqdır.

Əziz Prezidentimiz, Siz paytaxt Bakı ilə yanaşı, regionların da sosial-iqtisadi inkişafına diqqət göstərir, əhalinin məşğulluğunu təmin etmək üçün ardıcıl tədbirlər həyata keçirirsiniz. Bütün bunlar hamı kimi, yaşlı nəslin nümayəndələrini də sevindirir. Biz doğma Azərbaycanımızı heç zaman indiki kimi güclü və çiçəklənən görməmişdik. Bütün bu nailiyyətlərə görə məhz Sizə minnətdarıq.

Neftçala rayon ağsaqqalları adından dərin hörmətlə,

Sayılov Zakir, Ağsaqqallar Şurasının sədri.

Azərbaycan Respublikası, Neftçala rayonu.