Gerb

06 oktyabr 2017, 14:30

Hörmətli cənab Prezident,

Mən tanınmış opera müğənnisi, SSRİ xalq artisti Şövkət Məmmədovanın nəvəsiyəm. Nənəmin Vətən qarşısındakı xidmətləri daim dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilib. Bütün həyatı boyu dəyərli mükafatlara layiq görülüb.

Şövkət Məmmədovanın əməyinin qiymətləndirilməsində Azərbaycan xalqının dahi oğlu, ümummilli liderimiz Heydər Əliyevin böyük rolu olub. Dünyada çox nadir siyasətçi tapmaq olar ki, ömrünü bütövlükdə mənsub olduğu millətin taleyi ilə bağlasın və xidmətlərinə görə Millət Atası adını qazansın. Ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin hamisi Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə yenidən qayıdışı ilə bütün sahələrdə olduğu kimi, bu istiqamətlərdə də konkret addımlar atıldı. İllər uzunu zəhmət çəkən, lakin unudulan insanlar öz layiqli qiymətlərini almağa başladılar. Ardıcıl olaraq yubileylər keçirildi, layiqli insanlara fəxri adlar verildi, təqaüdlər ayrıldı.

Biz - Şövkət Məmmədovanın ailəsi ümummilli liderimiz Heydər Əliyevin böyük diqqət və qayğısını hər zaman, o cümlədən Şövkət xanım dünyasını dəyişdikdən sonra da hiss etmişik.

1997-ci ildə ölkəmizdə Şövkət xanımın 100 illik yubileyinə həsr olunmuş geniş yubiley tədbirləri keçirilmiş, birinci Fəxri xiyabanda onun məzarı üzərində abidə qoyulmuşdur.

Hörmətli cənab Prezident, Siz ümummilli liderimiz Heydər Əliyevin mənəvi-siyasi irsinin layiqli varisi kimi bu gün də görkəmli insanları unutmursunuz, Şövkət Məmmədovanın 120 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalamısınız. Göstərdiyiniz bu diqqət və qayğıya görə Şövkət Məmmədovanın nəvəsi olaraq Sizə öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Hörmətlə,

Məmmədov Şamil

Azərbaycan Respublikası, Bakı şəhəri.