11 oktyabr 2017, 14:05

Əbülfəz Həşimovdan, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin inamla yüksəlişə doğru apardığınız Azərbaycanın firavan zamanında Allaha şükür edərək, dövlətimizə minnətdar olaraq layiqli bir ömür yaşayıram. Hazırda 89 yaşım var. Ömrümün 60 ildən çoxunu pedaqoji fəaliyyətə sərf etmişəm. Müəllim olduğuma görə həmişə sevinmişəm. İndi də sevincimin həddi-hüdudu yoxdur. Siz Lahıcı yüksək dəyərləndirərək, onun qədimliyinə layiqli qiymət verərək, elimizin, obamızın istəklərini nəzərə alaraq qəsəbəmizdə məktəb tikintisi, qaz xəttinin və Dəmirçi-Lahıc yolunun çəkilməsi barədə sərəncamlar imzalamış, bununla da Lahıca yeni həyat bəxş etmisiniz.

Keçmişimizə, tariximizə, milli-mənəvi dəyərlərimizə, qədim xalq sənətkarlığına, şəhərsalma mədəniyyətimizə, ümumilikdə camaatımıza böyük dəyər vermisiniz. Lahıcın hərtərəfli inkişafı üçün bir gündə 3 sərəncamın imzalanması tarixi hadisədir. Bu, xalqa qayğının ən bariz nümunəsidir. Bu sərəncamların icrasından sonra sakinlərimiz rahatlıq tapacaq, Lahıc və onun ətrafındakı kəndlər yeni inkişaf dövrünü yaşayacaq, gənc həmkarlarım daha müasir məktəblərdə işləyəcək, şagirdlərimiz biliklərə daha mükəmməl yiyələnəcəklər.

Hörmətli cənab Prezidentimiz, bütün bunlara görə Lahıc ağsaqqalları, ziyalıları adından Sizə ürəkdən hədsiz minnətdarlığımı bildirirəm. Bizi sevindirdiniz, Allah da Sizi, ailənizi və Azərbaycanımızı sevindirsin.

Hörmətlə,

Həşimov Əbülfəz, təqaüddə olan müəllim.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Lahıc qəsəbəsi.