Gerb

20 oktyabr 2017, 18:00

Hörmətli Mehriban xanım,

Siz xalqımıza, ölkəmizin hər bir vətəndaşına dövlət qayğısının göstərilməsində yaxından iştirak edirsiniz.

Cənab Prezidentimizin və Sizin məcburi köçkün və qaçqın ailələrinə göstərdiyiniz qayğı, xüsusi diqqət qəlbimizi fərəh hissi ilə doldurur. Biz görürük ki, qaçqın və məcburi köçkün ailələri köməksiz deyil, dövlətimiz onların qayğılarını anlayır, problemlərini həll edir. Bu zümrədən olan ailələrin maddi rifahının yaxşılaşdırılması, rahat mənzillərlə təmin olunmaları, övladlarının təhsilinə vəsaitin ayrılması, onlara hər cür maddi və mənəvi dəstəyin göstərilməsi bizi böyük və tarixi qələbələrə ruhlandırır, Cocuq Mərcanlıdan başlayan böyük qayıdışın – tarixi yolun Qubadlıya, Zəngilana, Şuşaya, Laçına, Kəlbəcərə, bir sözlə, Qarabağımızadək uzanacağına inam yaradır.

Bu il martın 9-da keçirilən müşavirədə Bakı və Sumqayıt şəhərlərində qəzalı vəziyyətdə olan binalarda məskunlaşan məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunmaları ilə bağlı Sizin göstərişləriniz ulu öndərimiz Heydər Əliyev tərəfindən əsas qoyulan işlərin davamıdır. 

Oktyabrın 5-də Sabunçu rayonunun Ramana qəsəbəsində Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbinin açılışını, Abşeron rayonunun Masazır qəsəbəsində salınmış şəhərcikdə məcburi köçkün ailələrinə yeni mənzillərin verilməsini bütün məcburi köçkünlər, eləcə də Qubadlı camaatı adından alqışlayır, bütün bunlara görə Sizə dərin minnətdarlığımı və sonsuz təşəkkürümü bildirirəm.

Hörmətlə,

İmanova Yeganə, Qubadlı rayonu Ə.Əliyev adına Qəzyan kənd tam orta məktəbinin direktoru.

Azərbaycan Respublikası, Qubadlı rayonu.