23 oktyabr 2017, 18:30

Lahıcdakı icma və sənətkarlıq evlərinin açılış mərasiminin iştirakçılarından, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident, 

​Biz – respublikamızın müxtəlif guşələrində yaşayan, dövlətimizə sədaqətlə xidmət edən Lahıc ziyalıları və sakinləri qəsəbəmizdə istifadəyə verilən icma və sənətkarlıq evlərinin təntənəli açılış mərasiminə Sizə minnətdar olaraq toplaşmışıq. Lahıc qəsəbəsi ilə bağlı oktyabrın 5-də imzaladığınız sərəncamlar hər günümüzü bayrama çevirib.

​Bir zamanlar sosial həyatın çətinlikləri, yolsuzluq, işsizlik üzündən Lahıc boşalır, xalq sənətkarlığı növləri əhəmiyyətini itirirdi. Ümummilli Liderimiz hakimiyyətə qayıtdıqdan sonra Lahıcın da bəxtinə gün doğdu, həyatımızda müsbət irəliləyişlər başlandı.  Beynəlxalq miqyasda tanıdılmağa başlayan tarixlər şahidi qədim Lahıc yeni inkişaf yoluna qədəm qoydu. Bu yol Sizin rəhbərliyinizlə xalqımızı yüksəlişə doğru aparır. 

​Sizin ölçüyəgəlməz qayğınız, diqqətiniz, ucqar bir yaşayış məskəni üçün eyni vaxtda 3 sərəncam imzalamağınız bütün İsmayıllı əhalisini, o cümlədən biz ziyalıları dövlətimizin və Sizin qarşınızda həmişəlik borclu edir. 

​Möhtərəm cənab Prezident, Siz Nazirlər Kabinetinin iclasındakı yekun nitqinizdə demişdiniz: “Lahıc nadir bir yaşayış məskənidir”. Bu gün bu nadir yaşayış məskənində milli memarlıq üslubunda, Lahıcın şəhərsalma ənənələrinə əsaslanaraq tikilmiş icma və sənətkarlıq evləri istifadəyə verilir. Yaxşı başa düşürük ki, İsmayıllıda, o cümlədən Lahıcda heyrətamiz inkişaf yalnız Sizin kimi haqq-ədalətin, milli-mənəvi, tarixi, mədəni və dini dəyərlərimizin daşıyıcısı,  millətinin dayağı, xeyirxahlıq, mərhəmət və humanizm kimi ali keyfiyyətlərə malik Prezidentimiz sayəsində mümkün olardı.

​Möhtərəm cənab Prezident, Lahıca verdiyiniz böyük dəyərə və qiymətə, bizə yeni həyat, yeni sevinc, mənəvi ucalıq bəxş etdiyinizə görə Sizə minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, uzun ömür, əbədi müstəqilliyimiz qədər xalq məhəbbəti arzulayırıq.

​Allah Sizi qorusun. Tanrı Sizə yar olsun.

​Hörmətlə,

Lahıc qəsəbəsində icma və sənətkarlıq evlərinin açılış mərasiminin iştirakçıları. 

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Lahıc qəsəbəsi.