Gerb

31 oktyabr 2017, 15:50
W1siziisijiwmtcvmtavmzevmnu2aw9wbtexnf8wmi5kuecixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=f6011284dca7ceb6

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident, əziz qardaşım.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Əziz qardaşım, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır. Biz dünən tarixi Bakı-Tbilisi-Qars dəmir yolunun açılışında birlikdə iştirak etmişik və bu gün Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti toplantısını keçirmişik. Toplantıda müzakirə olunan məsələlər demək olar ki, həyatımızın əsas sahələrini əhatə edir. Həm təkbətək görüşdə, həm nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş görüşdə bir daha biz gördük ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Dünyada bir-birinə yaxın olan, bir-birinə bu qədər dəstək verən ikinci ölkələr yoxdur. Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi bu gün ən yüksək zirvədədir. Təbii ki, müzakirə olunan məsələlərlə bağlı bizim aramızda fikir birliyi var. Bütün məsələlər öz həllini tapır. Müzakirə olunan məsələlər həyatda öz əksini tapır.

Təbii ki, bu gün biz siyasi əlaqələrimizin gələcək inkişafını müzakirə etdik. Siyasi əlaqələr çox uğurla inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilir. Mən bu il iki dəfə Türkiyədə olmuşam. Bu gün Türkiyə Prezidenti Azərbaycanda səfərdədir. Nazirlər, digər vəzifəli şəxslər tez-tez görüşürlər. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də biz hər zaman olduğu kimi, bir-birimizi dəstəkləyirik. Bütün beynəlxalq təşkilatlarda Türkiyə-Azərbaycan həmişə bir-birinin yanındadır.

Bu gün region üçün ən ağrılı problemlərdən biri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə edildi. Mən Prezident Ərdoğana danışıqlarla bağlı son vəziyyət haqqında məlumat verdim. Əfsuslar olsun ki, bu münaqişə hələ də öz həllini tapmayıb. Azərbaycanın tarixi əzəli torpağı olan Dağlıq Qarabağ və digər 7 rayon işğal altındadır. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma torpağında köçkün vəziyyətinə düşmüşdür. Beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. O qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Əfsuslar olsun ki, bu qətnamələr kağızda qalır, Ermənistan buna məhəl qoymur və münaqişə öz həllini tapmır. Bu, bizə qarşı göstərilən ikili standartlar siyasətidir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Bizə gəldikdə isə iyirmi ildən çoxdur ki, bu qətnamələr, qərarlar icra olunmamış qalır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməz ki, bizim tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Mən Prezident Ərdoğana Türkiyənin bu məsələ ilə bağlı Azərbaycana verdiyi dəstəyə görə bir daha öz minnətdarlığımı bildirmişəm. Türkiyə bütün zamanlarda, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqq işini dost kimi, qardaş kimi dəstəkləyir.

Bu gün biz hərbi sahədə əməkdaşlıq haqqında geniş müzakirə apardıq. Bu məsələ gündəlikdə duran məsələlərdəndir. Bu il Azərbaycanda üç dəfə – iki dəfə Bakıda, bir dəfə Naxçıvanda birgə hərbi təlimlər keçirildi. Bu da hərbi sahədə bizim əməkdaşlığımızı gücləndirən amildir. Eyni zamanda, hərbi texniki sahədə birgə fəaliyyətimiz davam edir. Türkiyənin gündən-günə inkişaf edən hərbi sənaye kompleksi bizim üçün böyük maraq kəsb edir. Biz Türkiyədən hərbi təyinatlı məhsulları alırıq və bundan sonra da alacağıq.

Bu gün iqtisadi sahədə imzalanmış sənəd böyük əhəmiyyət kəsb edir. Preferensial, yəni, imtiyazlı ticarət sazişi böyük məna daşıyır. Əminəm ki, bu sazişin qüvvəyə minməsi nəticəsində aramızda olan ticarət dövriyyəsi də böyük dərəcədə artacaq. Bu gün, eyni zamanda, qarşılıqlı sərmayə qoyuluşu – investisiyalar haqqında aidiyyəti qurumların rəhbərləri məruzələr etdilər. Bu günə qədər Azərbaycandan Türkiyəyə 10 milyard, Türkiyədən Azərbaycana isə 11 milyard dollar sərmayə qoyulubdur. Bu sərmayələrin həcmi artacaq və Azərbaycandan Türkiyəyə yatırılacaq sərmayə 20 milyard dollara çatmalıdır.

Türk şirkətləri Azərbaycanda uzun müddətdir ki, uğurla fəaliyyət göstərirlər. Türk firmaları bu günə qədər dövlət xətti ilə, Azərbaycanın dövlət büdcəsi hesabına 11 milyard dollar dəyərində müxtəlif işlər görmüşlər. Biz çox şadıq. Onların gördükləri işlər çox keyfiyyətlidir. Bu da iş adamları arasındakı dostluğu, əməkdaşlığı gücləndirir.

Təbii ki, bugünkü toplantıda enerji, nəqliyyat məsələləri ənənəvi olaraq müzakirə edildi. Burada da qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapdı. Biz qarşıya qoyduğumuz hədəflərə doğru inamla irəliləyirik. Əminəm ki, TANAP layihəsi yaxın zamanlarda başa çatacaq. Bu layihənin icrası ilə bağlı heç bir problem yoxdur. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi isə dünən artıq istismara verildi. Bu tarixi günü biz qardaşımla birlikdə, bizim Türkiyədən gəlmiş qardaş-bacılarımızla birlikdə qeyd etdik. Bu, bizim böyük uğurumuzdur, böyük qələbəmizdir. Bu, bir daha göstərir ki, Türkiyə və Azərbaycanın iştirak etdikləri və təşəbbüskarları olduqları bütün layihələr icra edilir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və Bakı-Tbilisi-Qars layihələri bu sıradan olan qitə miqyaslı böyük transmilli layihələrdir. Bizim birliyimiz, bizim dostluğumuz bütün bunları mümkün edib.

Bu gün Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi bölgə üçün önəmli amildir, bölgədə sabitləşdirici rol oynayır. Güclənən Türkiyə bizim gücümüzü artırır və biz də sizin uğurlarınıza ürəkdən sevinirik. Əziz qardaşımın liderliyi sayəsində Türkiyə bu gün dünya miqyasında böyük gücə çevrilibdir. Dostlar sevinir, düşmənlər isə məyus olur. Qoy həmişə dostlarımız sevinsin. Əminəm ki, biz bundan sonra da ancaq inkişaf, tərəqqi və qələbə yolu ilə gedəcəyik. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı əbədi olacaqdır. Sağ olun.

Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı

- Çox hörmətli qardaşım Prezident İlham Əliyev.

Hörmətli nazirlər, mətbuat nümayəndələri.

Əvvəlcə, gəldiyimiz andan etibarən heyətimizə göstərilən qonaqpərvərliyə görə dəyərli qardaşıma şəxsən öz adımdan və heyətim adımdan çox təşəkkür edirəm.

Hazırda biz təbii ki, xarici ölkədə deyilik, evimizdəyik. Ona görə bu səfərimizin özünəməxsus tərəfi Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısını keçirməyimiz, digər tərəfdən, bildiyiniz kimi, dünən Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını etməyimizin bizi Asiya-Avropa xəttinin, qitələrin birləşməsi nöqtəsində daha güclü bir səviyyəyə çatdırıb.

Göründüyü kimi, artıq yalnız müəyyən sahələr üzrə qitələri bir-birinə bağlamırıq. Eyni zamanda, enerji xətləri məsələsində də davamlı olaraq belə bağlantıların qurulması Türkiyə ilə Azərbaycan arasındakı bu əlaqələrin, bu həmrəyliyin nə qədər güclü olduğunu göstərir. TANAP bunun ən gözəl nümunəsidir. Hazırda TANAP ilə bağlı işlər intensiv şəkildə davam edir. İnşallah, çox davam etməyəcək, qısa müddətdən sonra Azərbaycan qazı buradan Avropaya nəql olunacaq.

Təbii ki, bu, bəzi qüvvələri narahat edir. Eyni qaydada, bildiyiniz kimi, Bakı-Tbilisi-Qars dəmir yolu inşa ediləndə “Bunu necə inşa edəcəksiniz? Bunun həyata keçmə ehtimalı yoxdur” deyənlər var idi. Ancaq dünən açılışını etdik, qatarımızı səfərə yola saldıq və biz də 15 dəqiqə səfərdə olduq. İnşallah, bundan sonra oradan da on minlərlə, yüz minlərlə sərnişinə təkcə Bakı-Tbilisi-Qars deyil, elə bir gün gələcək ki, Pekindən Londona qədər bu xətdən istifadə etmək qismət olacaq. Bunları, inşallah, görəcəyik. Allah bizə o günləri də göstərəcək. Mən buna da inanıram.

Bu yolla təkcə insanlar səfər etməyəcəklər. Eyni zamanda, buradan çox ciddi yük daşınması da olacaq ki, bu da xüsusilə iqtisadiyyatın faydası baxımından, bu yüklər ucuz qiymətlə necə daşına bilər, bunu göstərməsi baxımından çox böyük önəmə malikdir. Digər mühüm məsələ artıq Türkiyə və Azərbaycan arasında 1,6 milyard dollarlıq ticarət dövriyyəsinin həcmidir ki, - neftin qiymətlərinin aşağı düşməsi ilə əlaqədar bir qədər çətinlik oldu, ancaq indi yenidən vəziyyət düzəldi, - əminəm, bunu qısa müddətdə 5 milyard dollara çatdıra bilərik. İnşallah, buna nail olacağıq. Türkiyə və Azərbaycan hər sahədə bu addımları atacaq. Dünən Nazirlər Kabinetimiz bir qərar qəbul etdi. Qarşıya Naxçıvandan Türkiyəyə ildə 120 milyon dollarlıq idxal həcmi hədəfini qoyduq. Beləliklə, Naxçıvanı daha da inkişaf etdirmək, canlandırmaq üçün “Sən yalnız deyilsən, qardaş” deməyin, inşallah, addımını atacağıq.

Təbii ki, bütün bunlarla yanaşı, siyasi, hərbi, iqtisadi, ticari, mədəni sahələrdə Türkiyə-Azərbaycan həmrəyliyi güclənməkdə davam edir. Bir az əvvəl qardaşımın da dediyi kimi, həm bizim qarşılıqlı səfərlərimiz, həm də nazirlərimizin intensiv görüşləri Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin, həmrəyliyin hansı səviyyədə olduğunu göstərir. Qurumlarımızın gördüyü işlər də eyni qaydada. Xüsusilə son zamanlar müdafiə sənayesi sahəsindəki həmrəyliyimiz təbii ki, böyük əhəmiyyət kəsb edir. Əlbəttə, turizmi inkişaf etdirmək, eyni zamanda, mədəni əlaqələrimizi, həmçinin universitetlər arasındakı əlaqələrimizi genişləndirmək məqsədilə atdığımız və atacağımız addımlar böyük əhəmiyyət daşıyır.

Beləliklə, Türkiyənin və Azərbaycanın bu həmrəyliyi, beynəlxalq təşkilatlarda da göstərilən həmrəylik çox vacibdir. Qarşıda Azərbaycanın EXPO məsələsi var. Türkiyə təbii ki, bu məsələdə də bütün imkanları, bütün gücü ilə Azərbaycanı dəstəkləyəcək. EXPO-nun burada hazırlanmasında və keçirilməsində bütün təcrübəmizi bölüşməyə çalışacağıq.

Gəldiyimiz andan etibarən həm şəxsən mənə, həm də nümayəndə heyətimə göstərilən diqqətə görə bir daha minnətdarlığımı bildirirəm. “Türkiyə-Azərbaycan həmrəyliyi, qardaşlığı yaşasın!” deyirəm.


Böyük ölçüdə



Böyük ölçüdə