“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

06 noyabr 2017, 19:45

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 494-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 603; 2006, № 6, maddə 482; 2007, № 8, maddə 745; 2008, № 3, maddə 154; 2009, № 12, maddə 948; 2011, № 11, maddə 983; 2012, № 6, maddə 509, № 7, maddə 668, № 11, maddə 1053; 2013, № 6, maddələr 607, 623, № 7, maddə 791, № 12, maddə 1484; 2014, № 1, maddə 7, № 2, maddə 97, № 6, maddələr 597, 604; 2015, № 3, maddə 255; 2016, № 4, maddə 645, № 6, maddə 990, № 7, maddə 1244, № 11, maddələr 1770, 1775; 2017, № 5, maddə 738, № 6, maddə 1037) aşağıdakı dəyişikliklər edilsin:

1. 5.1-2-ci maddədə “, notariat hərəkətləri aparan” sözləri “və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan” sözləri ilə əvəz edilsin.

2. 5.6-cı maddənin birinci cümləsinə və 10.3-cü maddənin üçüncü cümləsinə “notarius” sözündən sonra “və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər” sözləri əlavə edilsin.

3. 10.1-ci maddənin birinci cümləsinə “notarius” sözündən sonra “, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 oktyabr 2017-ci il.