Gerb

08 noyabr 2017, 17:40

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycanın kişi şahmatçılardan ibarət yığması Yunanıstanın Krit adasında keçirilən şahmat üzrə Avropa komanda çempionatında ölkəni layiqincə təmsil edərək qələbə qazanmışdır. Komandamızın üçqat Avropa çempionu olmasını və Azərbaycan şahmatının inkişafındakı xidmətlərini nəzərə alaraq, Azərbaycan Şahmat Federasiyasına Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,0 (bir) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 noyabr 2017-ci il.