İlham Əliyev Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edib

16 noyabr 2017, 10:20
İlham Əliyev Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edib

Prezident İlham Əliyev Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Abşeron Olimpiya İdman Kompleksi Prezident İlham Əliyevin “Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 27 may tarixli Sərəncamı əsasında inşa edilib. Bu, ölkəmizdə sayca 42-ci Olimpiya İdman Kompleksidir.

Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlət başçısına ətraflı məlumat verdi.

Bildirildi ki, kompleksdə inşaat işləri ən yüksək səviyyədə aparılıb və bu ilin oktyabrında başa çatdırılıb. Buradakı üzgüçülük hovuzu ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25 metr, eni isə 12,5 metrdir. İdmanın bu növünə də ölkəmizdə yeniyetmə və gənclərin marağı ilbəil artır. Bu zalda üzgüçülük yarışlarını 150 nəfər izləyə biləcək. Güləş zalı Beynəlxalq Güləş Federasiyasının standartlarına uyğun tikilib. Bu zalda 150 tamaşaçı yeri var. Güləşçilərin məşqlərinin yüksək səviyyədə keçirilməsi üçün ən xırda incəliklər belə nəzərə alınıb. Ağır atletika və trenajor salonunda idmançılar üçün hərtərəfli şərait yaradılıb. Məşqçilərin otaqları da məhsuldar fəaliyyət üçün hər cür imkana malikdir.

Diqqətə çatdırıldı ki, 975 tamaşaçı yerlik universal idman salonunda idmanın müxtəlif növləri üzrə yarışlar təşkil etmək mümkündür. Boks zalında məşqlərin keçirilməsi və yarışların təşkili üçün hərtərəfli imkan yaradılıb. Burada aerobika məşqləri üçün də xüsusi şərait var. İdmançılara həkim nəzarəti də yüksək səviyyədə təşkil olunub. Kompleksə daxil olan mehmanxanada idmançılar, məşqçilər, qonaqlar mənalı istirahət edə biləcəklər. Burada internet klub da fəaliyyət göstərir. Yetmiş nəfərlik konfrans salonu müxtəlif tədbirlərin təşkili üçün nəzərdə tutulub. Atıcılıq tiri, silah və tədris otaqları da müasir səviyyədə qurulub. Kompleksin nəzdindəki şahmat klubu müasirliyi ilə diqqəti çəkir. Son illər ölkəmizdə şahmat üzrə mötəbər beynəlxalq yarışların təşkili, eləcə də Azərbaycan şahmatçılarının ən nüfuzlu turnirlərdə parlaq qələbələri ölkəmizin hər yerində olduğu kimi, Abşeronda da idmanın bu qədim növünə marağı artırıb.

Qeyd edildi ki, Abşeron Olimpiya İdman Kompleksinə daxil olan restoran və mətbəxdə də xidmətin müasir səviyyədə təşkili üçün hər cür şərait yaradılıb.

Müasir standartlara cavab verən futbol meydançasında keçiriləcək yarışları tribunalardan 1600-ə qədər tamaşaçı izləyə biləcək. Burada mini futbol meydançası da idmançıların ixtiyarına verilib. Basketbol və voleybol meydançaları, tennis kortu idmansevərlərə dəyərli töhfədir. Kompleksin həyətində geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, istirahət guşələri yaradılıb.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev Abşeron rayon ictimaiyyətinin nümayəndələri və ölkəmizin tanınmış idmançıları ilə görüşdü.

Dövlət başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Mən burada bizim görkəmli idmançılarımızı görürəm, sizi xüsusilə salamlayıram. Bu gün Abşeron rayonunun həyatında çox əlamətdar bir gündür. Biz Abşeron Olimpiya İdman Kompleksinin açılışını birlikdə qeyd edirik. Bu gözəl hadisə münasibətilə idmançıları, Abşeron rayonunun sakinlərini ürəkdən təbrik edirəm.

Bu, bölgələrdə inşa edilmiş sayca 42-ci Olimpiya İdman Kompleksidir. Bu rəqəm özlüyündə bir göstəricidir. İndi bizim əksər rayonlarımızda ən müasir idman kompleksləri fəaliyyət göstərir. Əlbəttə, biz növbəti illərdə də yeni komplekslərin tikintisi ilə məşğul olacağıq. Ağcabədi Olimpiya İdman Kompleksi artıq açılışa hazırdır. Bu kompleks yaxın zamanlarda açılacaq. Gələn il də yeni komplekslərin açılışı nəzərdə tutulur.

Bu idman obyekti Abşeron rayonu üçün çox böyük əhəmiyyət kəsb edir. Burada 1000 nəfərlik gözəl idman zalı, 1600 nəfərlik stadion, məşq zalları, boks, şahmat bölmələri, açıq idman meydançaları, kort var. Bir sözlə, burada idmanın əksər növləri ilə məşğul olmaq mümkündür. Bu, Abşeron rayonu üçün, idmançılar üçün gözəl bir hədiyyədir. Əminəm ki, həm rayon sakinləri, uşaqlar, yeniyetmələr, eyni zamanda, idmançılar da bu kompleksin imkanlarından istifadə edəcəklər. Beləliklə, bütün bölgələrdə müasir idman infrastrukturunun yaradılması istiqamətində növbəti önəmli addım atılır.

Bu kompleksin açılışında bizim Olimpiya, dünya çempionlarımız iştirak edirlər. Mən sizi xüsusilə salamlayıram. Əminəm ki, sizin gələcək fəaliyyətiniz də Azərbaycan idmanına xidmət edəcək. Bu gün Azərbaycan dünya miqyasında idman dövləti kimi tanınır. Bizim uğurlarımız indi bütün dünya idman ictimaiyyəti tərəfindən qəbul edilir. Bizim idmançılar Azərbaycanı bütün beynəlxalq yarışlarda ləyaqətlə təmsil edirlər, bir çox Olimpiya, dünya, Avropa çempionlarımız var. Bu il bizim iki idmançımız - burada iştirak edən Hacı Əliyev və Məhəmmədrəsul Məcidov üçqat dünya çempionu olublar. Bu, doğrudan da böyük idman nailiyyətidir. Yəni, onlar artıq üçüncü dəfə təsdiqlədilər ki, dünyada birincidirlər. Əlbəttə ki, bizim olimpiyaçılarımızın, üçqat dünya çempionlarımızın qələbələri uşaqları da idman bölmələrinə cəlb edir. Əminəm ki, uşaqlar, yeniyetmələr bu idman kompleksindəki bölmələrdə məşq edəcəklər və gələcəkdə sizin yerinizi tutacaqlar. Çünki idmanın dayanıqlı inkişafı gənc nəslin yetişməsindən başlayır. Gənc nəslin yetişdirilməsi, hazırlıq prosesinin düzgün qurulması üçün şərait olmalıdır. Eyni zamanda, onların qarşısında gözəl nümunələr olmalıdır. Onlar da sizin kimi Olimpiya, dünya çempionları olmaq istəyirlər. Beləliklə, bu gün Azərbaycanda idmanın kütləviliyi də təmin edilir. Biz əlbəttə ki, idmançılarımızın uğurları ilə fəxr edirik. Bu, ölkəmizin şöhrətini daha da yüksəklərə qaldırır. Ancaq bununla bərabər, bundan az əhəmiyyət daşımayan məsələ idmanın kütləviliyidir, vətəndaşlarımızın sağlamlığıdır. İdman insan sağlamlığı üçün bəlkə də əsas vasitədir.

Bu gün idman ölkəmizin müxtəlif yerlərində artıq kütləvi xarakter alıb. Mən həmişə tövsiyə edirəm, bu gün də demək istəyirəm, hər bir insan hər gün, hər gün olmasa da, həftədə heç olmasa üç dəfə idmanla fəal məşğul olsun. Bu, insanların sağlamlığı, ümumiyyətlə, ovqatı üçün çox böyük əhəmiyyət daşıyan məsələdir.

Əlbəttə, biz idmanla bağlı siyasətimizi növbəti illərdə davam etdirəcəyik. Bu gün idmançılarımız bütün beynəlxalq yarışlarda ən yüksək nəticələr göstərirlər. Azərbaycanda keçirilmiş Avropa və İslam Həmrəyliyi oyunlarında biz ən qabaqcıl yerlərdəyik. Bu il İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə keçirilmişdir və bütün müsəlman aləmində Azərbaycan idmançıları birinci yerə layiq görüldülər. Avropa məkanında isə biz ikinciyik. Bu, gənc müstəqil dövlət üçün tarixi nailiyyətdir və bu nailiyyəti bizə bəxş edən idmançılardır. Mən çox şadam ki, bu gün burada bir neçə Olimpiya çempionu - Nazim Hüseynov, Elnur Məmmədli, Namiq Abdullayev, Radik İsayev, Toğrul Əsgərov, Zemfira Meftahətdinova və dünya çempionları iştirak edirlər. Onların sayı kifayət qədər çoxdur. Bir sözlə, bax, budur, bizim idmanımızın qələbələri, qalibləri, hər bir ölkə belə idmançılarla fəxr edə bilər.

O ki qaldı Abşeron rayonunun inkişafına, bu rayonda da işlər çox yaxşı gedir. Son illər ərzində böyük quruculuq, abadlıq işləri görülüb, infrastruktur layihələri icra edilir. Rayonda əsas infrastrukturla bağlı problemlər öz həllini tapıbdır. Rayonda 16 yaşayış məntəqəsini əhatə edən 7 yol layihəsi icra edilibdir, qazlaşdırma 100 faizdir, elektrik təchizatı ilə heç bir problem yoxdur. İçməli su problemi də tədricən həll olunur. Mənə verilən məlumata görə, Xırdalan şəhərinin su problemi həll olunubdur. Digər qəsəbələrdə də məsələ öz həllini tapacaq. İş yerləri yaradılır. Abşeron rayonunda 100-dən çox sənaye müəssisəsi fəaliyyət göstərir ki, o müəssisələrdə minlərlə insan işləyir. Sosial infrastruktur yaradılır, bu gözəl Olimpiya Kompleksi, 10-dan çox məktəb tikilib və təmir olunub. Bir sözlə, rayonun hərtərəfli inkişafı üçün çox böyük işlər görülür, yeni parklar, ictimai yerlər yaradılır, binalar təmir olunur. Növbəti sərəncamda təmirə ehtiyacı olan binaların da bərpası nəzərdə tutulur. Bir sözlə, Abşeron rayonu hərtərəfli inkişaf edir, gözəlləşir, abadlaşır. Növbəti illərdə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək.

Biz 2017-ci ili bütövlükdə iqtisadi, sosial, beynəlxalq siyasət sahələrində yaxşı nəticələrlə, uğurlarla başa vururuq. Bir daha göstəririk ki, Azərbaycanda inkişaf dayanıqlıdır və uğurludur. Növbəti illərdə Azərbaycan ancaq və ancaq yüksək sürətlə, böyük uğurlarla irəliyə gedəcək. Qarşıda duran vəzifələr hələ çoxdur. Biz bütün problemləri, insanları narahat edən məsələləri həll etməliyik. Həm Bakının, həm böyük şəhərlərin, ən xırda kəndin də problemi diqqət mərkəzində olmalıdır.

Mən sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm və idmançılara yeni uğurlar arzulayıram. Rayon sakinlərinə isə yeni nailiyyətlər, cansağlığı, əmin-amanlıq diləyirəm. Əminəm ki, Abşeron rayonunda belə gözəl hadisələr çox olacaq.

                                                                                                            X X X

Sərbəst güləş üzrə üçqat dünya çempionu, Rio Olimpiadasının mükafatçısı Hacı ƏLİYEV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Sizi Abşeron gəncləri və idmançıları adından salamlayıram.

Bu gün bizim istifadəmizə verdiyiniz bu möhtəşəm Olimpiya İdman Kompleksi üçün Sizə bütün idmançılarımız adından təşəkkür edirəm.

Cənab Prezident, Azərbaycanda idmana və idmançılara göstərdiyiniz diqqət və qayğının nəticəsidir ki, bu gün idmançılarımız dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda uğurlu nəticələr qazanır və Vətənimizi layiqincə təmsil edirlər. Azərbaycan dünyada artıq idman ölkəsi kimi tanınır. Ölkəmizdə keçirilən birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları da bir daha bunu sübut etdi ki, Azərbaycanda idmana və idmançılara yüksək diqqət və qayğı vardır, hər bir şərait yaradılmışdır. Cənab Prezident, bu oyunların ölkəmizdə yüksək səviyyədə keçirilməsinə görə Sizə və birinci xanım Mehriban Əliyevaya bütün idmançılar adından təşəkkürümü bildirirəm.

Möhtərəm Prezident, icazənizlə, özüm haqqında da qısa məlumat verim. Mən Abşeron Uşaq-Gənclər İdman Məktəbinin yetirməsiyəm. Bildiyiniz kimi, mən Avropa çempionu və üçqat dünya çempionuyam. IV İslam Həmrəyliyi Oyunlarının qalibi, Braziliyada keçirilən Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıyam. Sizin sərəncamlarınızla mən 2015-ci ildə “Tərəqqi” medalına, bu yaxınlarda isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşəm. Mənə və bütün idmançılara göstərdiyiniz bu qayğıya görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm.

Cənab Prezident, bizi qarşıda böyük yarışlar gözləyir və əsas hədəfimiz də Yaponiyada keçiriləcək Olimpiya Oyunlarıdır. Biz, inşallah, əlimizdən gələni edəcəyik ki, bu Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edək, qızıl medalların sayını çoxaldaq.

Gələcək işlərinizdə Sizə uğurlar arzulayıram, cənab Prezident. Allahdan Sizə uzun ömür, cansağlığı arzu edirəm. Bizə və bütün idmançılara göstərdiyiniz diqqət və qayğıya görə bir daha təşəkkür edirəm. Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun. Üçqat dünya çempionu olmaq Olimpiya çempionu olmağa bərabərdir. Fərdi təqaüdün verilməsi o məqsədi güdürdü ki, bu, doğrudan da böyük nailiyyətdir. Olimpiya çempionu olmaq əlbəttə ki, hər bir idmançının böyük arzusudur. Amma üç dəfə dünya çempionu olmaq ondan az əhəmiyyət daşıyan məsələ deyil. Bu, doğrudan da böyük tarixi hadisədir. Sənin adın tarixdədir, həmişə olacaq. Dünya güləş tarixində sənin adın əbədi qalacaq. Necə ki, bizim digər Olimpiya çempionlarımızın, Olimpiya mükafatçılarının adları tarixdə qalır. Mən bunu çox yüksək qiymətləndirirəm.

Çox şadam ki, bizim görkəmli idmançılarımız bu gün buradadır. Onların bir çoxu hələ yarışlarda iştirak edir. Veteranlar da idmandan uzaqlaşmayıblar, idmandadırlar, öz təcrübələrini bölüşürlər. Yəni, işlər belə ardıcıl şəkildə gedir. Veteranlara hörmət etməli, fəaliyyətdə olan idmançılara daim dəstək verməliyik. Uşaqlara isə tövsiyə etməliyik ki, bölmələrə gəlin, Namiq, Zemfira, Hacı və digər idmançılar kimi olun. Dövlət sizi həmişə dəstəkləyəcək və siz həyatda öz yerinizi tutacaqsınız. Azərbaycan xalqı sizə həmişə hörmət edəcək.

                                                                                                      X X X

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo