18 noyabr 2017, 14:45

Həmid Bayramov və başqalarından, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident,

Biz - Şirvan şəhərinin ictimaiyyəti, müharibə və əmək veteranları Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi münasibətilə Sizi ürəkdən təbrik edir, dövlətimizin inkişafı naminə səmərəli fəaliyyətinizdə Sizə növbəti uğurlar arzulayırıq. Bədnam qonşularımıza göz dağı olan Bakı-Tbilisi-Qars dəmir yolu məhz Sizin qətiyyətinizin, uzaqgörənliyiniz sayəsində ərsəyə gələn bir layihədir.

Bu gün dünyanın bir çox təhlükələrlə üzləşdiyi bir vaxtda Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ölkəmizin iqtisadi qüdrətini artıracaq. Ulu öndər Heydər Əliyevin vaxtilə dediyi sözlər bir daha yada düşür: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”.

Siz öz fəaliyyətinizdə ulu öndər Heydər Əliyevin tövsiyələrini əsas tutaraq 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin və 2017-ci ildə tarixi İpək Yoluna yeni həyat verən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışını təmin etməklə bu günümüz, gələcək inkişafımız üçün böyük imkanlar yaratmısınız.

Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ölkəmizə valyuta axınını artıracaq ki, bu da son nəticədə sosial şəraitimizin daha yaxşılaşmasına səbəb olacaq.

Müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəri olduğu kimi, Bakı-Tbilisi-Qars dəmir yolu da məhz Sizin məqsədyönlü, uzaqgörən siyasətinizin nəticəsidir. Biz əminik ki, Siz qətiyyətli mövqeyiniz, fədakar fəaliyyətiniz sayəsində bu kimi yeni-yeni strateji əhəmiyyətli layihələrin həyata keçirilməsini təmin edəcəksiniz. Bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafımıza böyük töhfədir.

Möhtərəm cənab Prezident, Şirvan şəhər ictimaiyyəti hər zaman Sizə dəstək olmaqla həyata keçirdiyiniz bütün layihələri alqışlayır. Çox şadıq ki, Azərbaycan dövləti etibarlı əllərdədir, onun Sizin kimi qətiyyətli, müdrik, uzaqgörən rəhbəri var.

Hörmətlə,

Bayramov Həmid İmran oğlu

Şaxbələdov Muxtar Yusif oğlu

Əskərov Şirinbala Hilal oğlu

Məmmədov İsrail Rəhim oğlu

Fərzəliyev Tofiq Mənsur oğlu və başqaları (cəmi: 16 nəfər).

Azərbaycan Respublikası, Şirvan şəhəri.