30 iyun 2011, 16:10

Gimnaziyanın pedaqoji kollektivindən, Ağdaş, Azərbaycan

Əziz Prezidentimiz!

2010\2011-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsi qaliblərinin mükafatlandırılması barədə 28 iyun 2011-ci il tarixli Sərəncamınızda Ağdaş rayonu təbiət, texniki və humanitar təmayüllü gimnaziyanın adının ön sırada yer alması bütün ağdaşlılar kimi, gimnaziyanın pedaqoji kollektivi tərəfindən də böyük sevinc və minnətdarlıq hissi ilə qarşılanmışdır. Son 8 ilə yaxın dövr ərzində təhsilin inkişafı ilə bağlı verilmiş fərman və sərəncamlar Sizin tapşırığınızla hazırlanmış və təhsilin hərtərəfli inkişafına yönəlmiş proqramlar qəbul olunmuşdur. Onların uğurla həyata keçirilməsi milli təhsil quruculuğunda mühüm mərhələ olmaqla yanaşı, ulu öndər Heydər Əliyev tərəfindən başlanan təhsil islahatlarının davamı kimi də dəyərləndirilir. Biz təhsil işçiləri Sizin müstəqil Azərbaycanın sürətli və dinamik inkişafına, mədəni yüksəlişinə xidmət edən fəaliyyətinizi ürəkdən bəyənir, zamanın sınağından çıxan bu uzaqgörən siyasəti həmişə dəstəkləyəcəyimizi diqqətinizə çatdırmaqdan böyük məmnunluq hissi duyuruq. Şübhəsiz ki, təhsildə uğurların qazanılmasında başlıca amillərdən biri də təhsil almaq üçün normal şəraitin olmasıdır. Böyük diqqət və qayğınız sayəsində son illər ölkəmizdə 2 mindən artıq yeni məktəb binasının tikilməsi və müasir avadanlıqla təchiz olunması artıq təhsil işçiləri üçün belə bir şəraiti yaratmışdır.

Biz təhsil işçiləri çalışdığımız təhsil ocağının bu uğurunda Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın xidmətini xüsusilə qeyd etməyi özümüzə borc hesab edirik. Məhz onun sayəsində məktəbimiz 2006-cı ildə əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz olunmuşdur. Yeni tipli təhsil müəssisəsi kimi fəaliyyətə başladıqdan sonra gimnaziyamız qısa müddət ərzində təhsildə böyük uğurlar əldə etmiş, qabaqcıl müəllim və tərbiyəçilərin fədakarlığı sayəsində gərgin rəqabət şəraitində keçən müsabiqənin qaliblərindən biri olmuşdur. Biz təhsil işçiləri bu mükafatı çox yüksək dəyərləndirir, onu təhsilə, müəllim əməyinə verilən qiymətin parlaq nümunəsi hesab edirik. Böyük diqqət və qayğınıza görə Sizə rayon ziyalıları adından səmimi minnətdarlığımızı çatdırırıq.

Əziz Prezidentimiz !

Bu gün Sizin diqqət və qayğınız sayəsində Ağdaş rayonu sürətlə inkişaf edir, şəhərimiz öz görkəmini büsbütün dəyişmiş, abadlıq işləri geniş vüsət almışdır. Bu işlər vətənimizin parlaq gələcəyinə böyük ümidlər yaradır.

Əminliklə bildiririk ki, çağdaş təhsilimizin uğurlu sabahının təmin olunmasında biz təhsil işçiləri bundan sonra da bütün qüvvəmizi səfərbər edəcək, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda Sizin ən yaxın köməkçiləriniz olacağıq.

Hörmətlə,

Ağdaş rayonu təbiət, texniki və humanitar təmayüllü
gimnaziyanın pedaqoji kollektivi

Azərbaycan Respublikası, Ağdaş rayonu