22 noyabr 2017, 14:40

Nüsrət Əyyubovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Bu il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə keçirilən təntənəli mərasimdə iştirak edərkən sevincimin həddi-hüdudu yox idi.

Sizin möhkəm iradəniz və dəstəyinizlə inşa olunan, Azərbaycanın dəmir yollarını Türkiyə dəmir yolları şəbəkəsi ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisində ilk vaxtlardan çalışaraq, onun açılışında iştirak etdim.

Əziz Prezidentimiz, qədim İpək Yolunun bir hissəsi olan Bakı-Tbilisi-Qars  dəmir yolu tarixi və strateji əhəmiyyətli layihədir. Erməni lobbisinin təsiri ilə bəzi qurumlar və banklar bu layihənin başa çatdırılacağına inanmırdılar. Düşünürdülər ki, layihənin icrası üçün lazım olan texnika və maliyyə vəsaiti yoxdur. Lakin Sizin müdrik siyasətiniz və qətiyyətiniz nəticəsində artıq layihə reallaşıb, qatarlar bu yol ilə hərəkət edir.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışında dövlət və hökumət başçılarının iştirakı, 30-dan çox dövlətin kütləvi informasiya vasitələrinin reportajları və məqalələri bu layihənin iqtisadi tərəfi ilə yanaşı, onun böyük siyasi əhəmiyyətə malik olduğunu göstərir.

Çox hörmətli Prezidentimiz, Sizin Sərəncamınızla Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülməyim barədə xəbəri eşidəndə hansı hisslər keçirdiyimi sözlə ifadə etmək çətindir. Qəlbim fərəh hissi ilə dolmuş, kövrəlmişdim. Bu, layihənin reallaşması üçün günəşli və buludlu, qarlı və yağışlı, şaxtalı günlərdə hündürlüyü dəniz səviyyəsindən 1750-2250 metr olan ərazidə çalışan bütün işçilərin əməyinə verilən qiymətdir.

Siz Azərbaycanda nəqliyyat sektorunun, o cümlədən dəmir yolunun inkişafına böyük önəm verirsiniz. Bu, ümummilli liderimiz Heydər Əliyevin söylədiyi “Mən dəmiryolçu ailəsində böyümüşəm”  fikrinin məntiqi nəticəsidir. Dəmiryolçular əmindirlər ki, bu inkişaf gələcəkdə də davam etdiriləcək.

Əziz Prezidentimiz, əməyimə verilən bu böyük qiymətə görə Sizə minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, gələcəkdə də əzmlə işləyərək Azərbaycan dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət edəcəyəm.

Hörmətlə,

Əyyubov Nüsrət Rauf oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.