24 noyabr 2017, 13:10

Sənan Hacıyev və başqalarından, Gəncə, Azərbaycan

Zati-aliləri, möhtərəm cənab Prezident,

Biz – Gəncə şəhərinin mədəniyyət, incəsənət işçiləri, Sizə - ümummilli liderimiz, müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin layiqli davamçısı möhtərəm cənab Prezidentimizə bütün gəncəlilər adından müraciət edirik.

Cənab Prezident, Azərbaycanın ikinci böyük elm, təhsil, sənaye və mədəniyyət mərkəzi Gəncəyə olan xüsusi diqqət və qayğınızın nəticəsidir ki, bu gün Nizaminin, Məhsəti Gəncəvinin, Mirzə Şəfi Vazehin, Cavad xanın vətəni 4000 yaşlı qədim və həmişəcavan şəhərimiz dünyanın ən müasir şəhərlərindən birinə çevrilib.

Sizin şəhərimizə olan böyük diqqət və qayğınızı birmənalı şəkildə müsbət qiymətləndiririk. Sizin Gəncəyə hər gəlişiniz, şəhərdə aparılan tikinti, abadlıq və yenidənqurma işləri ilə maraqlanmağınız, öz dəyərli tövsiyələrinizi verməyiniz hər bir gəncəlinin böyük sevincinə səbəb olur.

Noyabr ayının 10-da Sizin Gəncəyə növbəti səfəriniz zamanı şəhərdə yaradılmış yeni mədəniyyət müəssisələrinin, sosial obyektlərin açılış mərasimlərində iştirakınız gəncəlilərin yaddaşına əbədi həkk olundu.

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının yeni binasının, Mirzə Şəfi Vazeh muzeyinin, “Grand Qafqaz” Ticarət Kompleksinin, Əziz Əliyev adına mədəniyyət və istirahət parkının “Yeni Gəncə” yarımstansiyasının, ADAU-da tələbələr üçün yeni inşa edilmiş yataqxana kompleksinin açılış mərasimlərində iştirakınız, eləcə də digər elm, təhsil, mədəniyyət müəssisələrinə səfəriniz gəncəlilərin qurub-yaratmaq əzmini artırır.

Cənab Prezident, Gəncədə abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının Prezidentinin ehtiyat fondundan şəhərimizə vəsaitin ayrılması Sizin Nizami yurduna olan xüsusi diqqət və qayğınızın parlaq təzahürüdür.

Hörmətli cənab Prezident, şəhərimizə göstərdiyiniz diqqət və qayğıya görə bütün gəncəlilər adından Sizə “Çox sağ olun” deyirik. Sizə möhkəm cansağlığı, uzun ömür, müstəqil Azərbaycanımızın davamlı inkişafı, tərəqqisi yolunda daha böyük nailiyyətlər arzu edirik.

 

Gəncə şəhərinin mədəniyyət və incəsənət işçiləri adından dərin hörmətlə,

Hacıyev Sənan Zahid oğlu, Gəncə Regional Mədəniyyət və turizm idarəsinin rəisi

Cəfərov Samir Qadir oğlu, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru

Qasımov Əli Teymur oğlu, Gəncə Dövlət Dram Teatrının direktoru, Əməkdar Mədəniyyət İşçisi

Bayramov Adil Müseyib oğlu, Əməkdar Artist,

Elçiyev Elçin Emin oğlu, Əməkdar Artist (cəmi: 27 nəfər).

Azərbaycan Respublikası, Gəncə şəhəri.