Sabirabad Sənaye Məhəlləsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

27 noyabr 2017, 18:10

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə qərara alıram:

1. Sabirabad rayonunda Sabirabad Sənaye Məhəlləsi yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədi ilə Sabirabad Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı müəssisələri, habelə xidmət müəssisələri yaradılır;

2.2. Sabirabad Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinə həvalə olunur.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Sabirabad Sənaye Məhəlləsinin fəaliyyəti üçün Sabirabad rayonu ərazisində 20,3 hektar torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilərək sənaye təyinatlı torpaqlar kateqoriyasına keçirilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. bu Sərəncamın 3.1-ci bəndində nəzərdə tutulmuş torpaq sahəsinin icarəyə vermək hüququ ilə “Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməsini dörd ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

4.1. Sabirabad Sənaye Məhəlləsinin fəaliyyəti ilə bağlı müvafiq torpaq sahəsinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su təchizatı, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) qurulmasını, eləcə də Məhəllənin işinin təşkilini və tənzimlənməsini, o cümlədən iştirakçıların dəstəklənməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlər göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görsün;

4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Sabirabad Rayon İcra Hakimiyyəti bu Sərəncamın 3.1-ci bəndində nəzərdə tutulmuş torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 noyabr 2017-ci il.