28 noyabr 2017, 16:50

Elman Bayramovdan, Gəncə, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Mənim kimi on minlərlə sadə vətəndaş respublikamızı sürətlə inkişaf etdirdiyinizə, bütün sahələrin tərəqqisi üçün gördüyünüz işlərə görə Sizə minnətdarlıq məktubları göndərərək öz təşəkkürlərini bildirir. Sizin yürütdüyünüz daxili siyasətdə ölkə vətəndaşlarının sosial rifahı və sağlamlığı prioritet təşkil edir. Ölkəmizdə insanların sağlam yaşaması üçün saysız-hesabsız tədbirlər görülür. Əhalinin sağlamlığının qorunması istiqamətində atılan addımlar nəticəsində respublikamızda yüzlərlə idman məktəbi, dünya standartlarına cavab verən Olimpiya idman kompleksləri, müasir xəstəxanalar, müalicə-diaqnostika mərkəzləri tikilərək vətəndaşların ixtiyarına verilib.

Cənab Prezident, Sizin 2017-ci il 13 noyabr tarixli fərmanınızla yaradılan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkə vətəndaşlarının sağlamlığının qorunmasına və yaxşılaşdırılmasına verdiyiniz daha bir töhfədir. Bu sahədə təhsil almış texnoloq kimi Sizin bu agentliyi yaratmaqla xalqımızın sağlamlığına verdiyiniz önəmin bir daha şahidi oldum. İnsan sağlamlığının ən birinci və əsas şərti keyfiyyətli qida məhsulları ilə qidalanmadır. Bu agentliyin yaradılması ölkəmizdə istehsal olunan və başqa ölkələrdən gətirilən qida məhsullarının keyfiyyətinə nəzarəti, əhalinin qida təhlükəsizliyi barədə daha da maariflənməsini təmin edəcək.

Vətəndaşlarımızın qayğısına qalaraq belə bir agentliyi yaratdığınıza görə Sizə təşəkkür edirəm. Allah Sizi qorusun.

Hörmətlə,

Bayramov Elman Ənvər oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.