04 dekabr 2017, 14:50

Tale Qardaşovdan, İsmayıllı, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Şamaxının Dəmirçi kəndini İsmayıllının Lahıc qəsəbəsi ilə birləşdirən avtomobil yolunun tikintisi ilə bağlı imzaladığınız Sərəncam insanların rifahının yaxşılaşmasına xidmət edəcək. Bu yol təkcə Lahıc qəsəbəsinin deyil, eyni zamanda, ətrafda yerləşən kəndlərin inkişafına da müsbət təsir göstərəcək.

Bu fərəhi bizə və bizim valideynlərimizə bəxş etdiyiniz üçün ümummilli liderimiz Heydər Əliyevin ruhu qarşısında baş əyir, onun layiqli siyasi davamçısı olaraq Sizə dərin minnətdarlığımızı bildiririk.

Möhtərəm cənab Prezident, bizim yaşadığımız Əhən kəndi çəkiləcək yoldan üç kilometr uzaqda yerləşir. Kəndimizin ağsaqqalları hər gün yığışaraq həmin yolda gedən işlərə baxır və Sizə minnətdarlıq hisslərini ifadə edirlər. Sizin bizə olan qayğınız ahıllarımızın yaşam həvəsi, körpələrimizin isə gələcəyinin təminatıdır. Bizim Sizə olan sevgimiz yaşadığımız yerlərin havası və suyu kimi təmiz olduğu qədər də safdır.

Əziz Prezidentimiz, Azərbaycanda əhalinin rifahının yaxşılaşdırılması üçün gördüyünüz işlərə görə bir daha Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Qardaşov Tale Mirzağa oğlu.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Əhən kəndi.