14 dekabr 2017, 16:10

Nəzakət Novruzova və başqalarından, Quba, Azərbaycan

Əziz Prezidentimiz,

Bu günlərdə Quba rayonuna səfərinizlə hər birimizə böyük sevinc bəxş etdiniz. Hər zaman olduğu kimi, bu gəlişiniz də Quba üçün, qubalılar üçün əlamətdar hadisələrlə yadda qaldı. Sizi və Mehriban xanımı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışında görmək qubalı xalçaçıları qəlbən sevindirdi. Diqqətiniz, səmimiyyətiniz bizi ruhlandırdı. Dəyərli məsləhətlərinizi, tövsiyələrinizi, xüsusilə Quba xalçaçılığı haqqında dediyiniz maraqlı fikirləri eşitmək bizim üçün çox xoş oldu.

Quba Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biridir. Burada hər zaman gözəl xalçalar toxunub, boyaqçılıq, xalça ticarəti geniş yayılıb. Xalçaçılıq ailə sənəti olub, gənclərə öyrədilib, evlərimizdən hər zaman hana səsi eşidilib. Xalça toxumağa həvəsimiz heç zaman sönməyib. Amma bu sənəti layiqincə davam etdirməyə şəraitimiz olmayıb.

Cənab Prezident, Siz bizim üçün belə gözəl şəraiti olan, müasir tələblərə cavab verən bir müəssisə yaratmısınız. Burada işləmək üçün hər cür şərait var. İllər boyu ürəyimizdə olan arzumuzu həyata keçirmisiniz. Buna görə Sizə çox minnətdarıq, cənab Prezident! Sizə söz veririk ki, biz Azərbaycanın ən gözəl xalçalarını toxuyacaq, Sizin etimadınızı doğruldacağıq. Qubaya növbəti səfərlərinizdə Sizi öz əllərimizlə toxuduğumuz xalçalarla qarşılayacağıq.

 “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının toxucuları adından hörmətlə,

Hovruzova Nəzakət Əliabbas qızı

Baxışova Rəhimə Nəcim qızı

Şeydayeva Şəfiqə İbrahim qızı.

Azərbaycan Respublikası, Quba rayonu.