Gerb

22 dekabr 2017, 16:50

Hörmətli Ömər müəllim.

Sizi – Azərbaycan heykəltəraşlıq sənətinin inkişafında misilsiz xidmətləri olan görkəmli incəsənət xadimini – 90 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə ən xoş arzularımı çatdırıram.

Siz xalqımızın mənəvi təkamülünə, gənclərimizin estetik tərbiyəsinə mühüm töhfələr vermiş, Azərbaycanın dahi şəxsiyyətlərinin unudulmaz obrazlarını gözəl abidələrə çevirərək milli heykəltəraşlıq məktəbini zənginləşdirmiş böyük sənətkarsınız. Mənəvi dəyəri, bədii təsiri və milli koloriti ilə seçilən monumental əsərləriniz ənənələrlə zəngin olan Azərbaycan təsviri sənətinə heykəltəraşlıqla memarlığın uğurlu sintezini bəxş etmişdir. Siz uzun illər ərzində milli mənəviyyatımızın təbliğ edilməsi naminə səylərinizi əsirgəməyərək, Azərbaycan heykəltəraşlıq sənətini bütün dünyada layiqincə təmsil etmiş və sənətsevərlərin böyük rəğbətini qazanmısınız.

Hörmətli Ömər müəllim, siz yorulmaz fəaliyyətiniz və məhsuldar yaradıcılığınızla daim Azərbaycan xalqına xidmət etmisiniz. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru kimi ölkəmizdə yeni sənətkarlar nəslinin yetişdirilməsi, gənc rəssamlarımızın böyük sənətə cəlb olunması və onlarda bədii-estetik zövqün formalaşdırılması işinə xidmət edən pedaqoji fəaliyyətinizi xüsusi qeyd etmək istəyirəm.

Sizin əməyiniz dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. Çoxsaylı mükafatlarla, o cümlədən “İstiqlal”, “Şərəf” və Azərbaycanın ən yüksək mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilməyiniz bunun aydın ifadəsidir. Ən böyük mükafatınız isə incəsənətimizə bəxş etdiyiniz əsərləriniz, yaradıcılığınız, fəaliyyətiniz və şəxsi keyfiyyətləriniz sayəsində insanların qəlbində özünüzə və sənətinizə qarşı yaratdığınız sevgidir.

Bu əlamətdar gün münasibətilə Sizi bir daha təbrik edir, doğmalarınızın və yaxınlarınızın əhatəsində firavan həyat arzulayıram.

 

Hörmətlə,

Mehriban Əliyeva

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

Bakı şəhəri, 21 dekabr 2017-ci il