26 dekabr 2017, 19:10

Elxan Hüseynovdan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident,

Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Sizin apardığınız uğurlu daxili və xarici siyasət nəticəsində inkişaf edən respublikamız regionda lider dövlətə çevrilib, dünya dövlətləri arasında öz layiqli yerini tutub. Bu gün biz dövlətçilik tarixinin dinamik inkişaf dövrünü yaşayan ölkəmiz ictimai həyatın hər bir sahəsində olduğu kimi, elm və təhsil sahəsində də yeni-yeni uğurlara imza atıb.

Zati-aliləri, təhsilimizin inkişafındakı əməyimi yüksək qiymətləndirərək bu il dekabrın 22-də imzaladığınız Sərəncamınızla məni “Şöhrət” ordeni ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, bu ali təltif təkcə mənim əməyimə deyil, bütövlükdə Sumqayıt Dövlət Universitetinin kollektivinin əməyinə verilmiş yüksək qiymətdir. Yüksək etimadınızı və bu ali təltifi doğrultmaq üçün bundan sonra da var qüvvəmlə çalışacağıma Sizi əmin edirəm.

Möhtərəm cənab Prezident, fürsətdən istifadə edərək, Sizi doğum gününüz münasibətilə şəxsən öz adından və Sumqayıt Dövlət Universitetinin professor-müəllim heyəti, tələbələri, bütün kollektivi adından təbrik edir, Sizə möhkəm cansağlığı, doğma Azərbaycanımızın hərtərəfli inkişafı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm. 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Sizə ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuram.

Dərin hörmətlə,

Hüseynov Elxan, Sumqayıt Dövlət Universitetinin rektoru.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.