29 dekabr 2017, 18:30

İlham Əskərovdan, Sabirabad, Azərbaycan

Əziz və möhtərəm cənab Prezident,

Ölkəmizin bütün bölgələri kimi, Sabirabada da böyük diqqət və qayğı göstərdiyiniz üçün Sizə minnətdarıq. Biz hələ də Sizin noyabrın 28-də rayonumuza səfərinizin xoş təəssüratındayıq. Sizin xeyir-duanızla açılan obyektlər, verdiyiniz tapşırıq və tövsiyələr rayonumuzda böyük canlanma yaradıb.

Sabirabad Sənaye Məhəlləsinin yaradılması haqqında 2017-ci il 27 noyabr tarixli Sərəncamınız, səfəriniz zamanı məhəllənin bünövrəsini qoymağınız əhalidə böyük ruh yüksəkliyinə səbəb olub. Dünyanın ən müasir tibbi avadanlıqları ilə təchiz olunmuş xəstəxana binasının istifadəyə verilməsi, ümumilikdə, 60 mindən çox əhalinin yaşadığı 25 yaşayış məntəqəsini birləşdirən iki yolun əsaslı təmirdən sonra açılışı, böyük istehsal gücü olan quşçuluq fabrikinin işə salınması rayonumuzun həyatında çox böyük əlamətdar hadisələrdəndir. Bu diqqət və qayğınıza görə Sizə hədsiz minnətdarlığımızı bildiririk.

Sizə möhkəm cansağlığı, müstəqil respublikamızın daha da çiçəklənməsi və xalqımızın xoşbəxt gələcəyi naminə apardığınız işlərdə uğurlar arzulayırıq. Allah Sizi qorusun!

Hörmətlə,

İlham Əlihüseyn oğlu Əskərov,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Azərbaycan Respublikası, Sabirabad şəhəri.