27 fevral 2018, 16:00

Azər Paşa Nemətovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

İcazə verin, Sizə - Vətənimizin yüksəlişi naminə yorulmadan çalışan görkəmli dövlət xadiminə milli mədəniyyətimizin, onun mühüm tərkib hissəsi olan teatr sənətimizin tərəqqisi üçün gördüyünüz böyük işlərə görə ölkəmizin çoxsaylı teatr ictimaiyyəti adından və şəxsən öz adımdan dərin minnətdarlığımı bildirim.

Qürur hissi ilə qeyd etmək istəyirəm ki, Sizin dünya liderləri arasında böyük nüfuzunuz, müstəqil Azərbaycanın dünya ölkələri sırasında layiqli yer tutmasında misilsiz xidmətləriniz var. Gündən-günə gözəlləşən doğma Bakımızın, eləcə də bölgələrimizin müasir tələblərə uyğun qurulması, Azərbaycanın bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, ölkəmizin mədəniyyət ocaqlarının təmiri və bərpası, müasir texniki avadanlıqların quraşdırılması, ölkə vətəndaşlarına, o cümlədən sənət adamlarına göstərilən diqqət və qayğı azərbaycanlı olaraq hər birimizin qəlbində fəxarət hissi doğurur və biz teatr xadimlərini yeni sənət uğurlarına ruhlandırır.

Möhtərəm cənab Prezident, Azərbaycanda elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrdə böyük əməyi olan şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial müdafiəsinin daha da gücləndirilməsi, habelə ölkənin sosial-iqtisadi inkişafında xidmətlərinə və yüksək peşə ustalığına görə fəxri adlara layiq görülmüş şəxslərin sosial rifah halının yaxşılaşdırılması və onlara dövlət qayğısının artırılması məqsədilə 2018-ci il fevralın 22-də imzaladığınız sərəncamlarla əlaqədar Sizə bir daha dərin minnətdarlığımı bildirir, möhkəm cansağlığı, könül xoşluğu, ailə səadəti, çətin, məsuliyyətli və şərəfli işinizdə böyük uğurlar arzulayıram. Sizi hər zaman Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görmək istəyirik.

Ölkəmizin teatr xadimləri adından Sizi əmin edirik ki, 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində Qafqazın ən qocaman yaradıcılıq təşkilatı – 120 yaşı tamam olacaq Azərbaycan Teatr Xadimləri İttifaqının çoxsaylı üzvləri, habelə ölkəmizin bütün teatr ictimaiyyəti Azərbaycanımızın gələcəyi naminə Sizə səs verəcək.

Dərin hörmətlə,

Nemətov Azər Paşa, Xalq Artisti, professor, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru,.

Azərbaycan Respublikası, Bakı şəhəri.