27 fevral 2018, 18:30

Sakit Hümbətov və başqalarından, Ağcabədi, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Sizin tərəfinizdən uğurla davam etdirilən uğurlu təhsil siyasəti nəticəsində bu sahədə böyük nailiyyətlər əldə edilib.

Sizin rəhbərliyiniz ilə həyata keçirilən tədbirlər və qəbul edilən qanunlar deməyə əsas verir ki, digər sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də qazanılan yüksək nailiyyətlər gündən-günə inkişaf edən ölkəmizin parlaq gələcəyinin müjdəsidir. Sizin 2018-ci il fevralın 16-da imzaladığınız Sərəncamla Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında quraşdırılacaq modul tipli 8 məktəbdən birinin bizim işlədiyimiz Ə.Əsgərov adına Laçın rayonunun Ağbulaq kənd tam orta məktəbi olması bu təhsil ocağının müəllim və şagird kollektivinin, eyni zamanda, kənd sakinlərinin hədsiz sevincinə səbəb olub. Məcburi köçkün həyatının doğurduğu çətinliklərə baxmayaraq, dövlətimizin göstərdiyi daimi diqqət və qayğı sayəsində məktəbimizin kollektivi Vətənimizin parlaq gəncliyini yetişdirmək, gənclərə yüksək səviyyədə bilik və tərbiyə vermək üçün öz töhfəsini əsirgəməyib. Hər zaman olduğu kimi, bu dəfə də bizə göstərdiyiniz yüksək qayğıya görə məktəbimizin bütün kollektivi adından Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, aprelin 11-də keçiriləcək prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyəcəyik. İnanırıq ki, Siz bütün xalqımızın dəstəyi ilə yenidən qələbə qazanacaqsınız.

Sizə möhkəm cansağlığı, gündən-günə çiçəklənən Azərbaycanımızın inkişafı yolunda yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.

Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində müvəqqəti məskunlaşmış, Laçın rayon Ağbulaq kənd tam orta məktəbinin kollektivi adından dərin hörmətlə,

Hümbətov Sakit Yaqub oğlu

Həsənov Kamil Məmmədəli oğlu

Bəxtiyarov Qorxmaz Cəfərqulu oğlu

Hümbətov Saleh Sakit oğlu

Baxşəliyev Yusif Əli oğlu

İmamalıyev Dostəli Hüseyn oğlu

Həsənov Kərim Camal oğlu

Xıdırov Əziz Qasım oğlu

Həsənov Musa Camal oğlu

Qənbərov Rövşən Əsgərxan oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.