Firəngiz Əlizadədən, Bakı, Azərbaycan
01 mart 2018, 14:40
Möhtərəm cənab Prezident.
Siz daim bizə - müstəqil Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə yüksək səviyyədə diqqət və dəstək göstərirsiniz. Azərbaycan Bəstəkarlar İttifaqının bütün üzvləri öz işlərində Sizin qayğınızı hər zaman görür və hiss edirlər. Fəxri adlara görə təqaüdlərin və fərdi təqaüdlərin məbləğinin artırılması ilə bağlı Sərəncam və Fərmanınızla əlaqədar aldığımız xoş xəbər Sizin bəstəkar və musiqişünaslarımıza göstərdiyiniz qayğının daha bir təzahürü oldu, Sizin səxavətinizi, səmimiyyətinizi, nəcibliyinizi nümayiş etdirdi. Çünki mədəniyyət xadimlərinə göstərilən hər bir kömək onların yaradıcılıq əzminin yüksəlməsinə, bəstəkarlıq və musiqi elmi sahəsində layiqli əsərlərin yaranmasına və son nəticədə mədəniyyətimizin zənginləşməsinə rəvac verir.
Sizin müdrik siyasətiniz sayəsində ölkəmizdə hökm sürən əmin-amanlıq bizə yaşayıb-yaratmağa, gözəl Vətənimizin, zəngin mədəniyyətimizin bütün dünyada tanıdılması naminə çalışmağa, möhtəşəm beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə, dünya ictimaiyyətinin diqqətinin Azərbaycana yönəldilməsinə möhkəm zəmin yaradıb.
Biz - Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri və idarə heyəti Sizə səmimi qəlbdən minnətdarlığımızı bildiririk. Sizə qarşıdan gələn prezident seçkilərində müvəffəqiyyət arzulayırıq. Biz Sizin bu seçkilərdə qələbənizə əminik və hər zaman Sizi dəstəkləyirik.
Hörmətlə,
Firəngiz Əlizadə,
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor.
Azərbaycan Respublikası, Bakı şəhəri.