02 mart 2018, 18:35

Mübariz Həmidov və başqalarından, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xidmətlərinə və yüksək peşə ustalığına görə fəxri adlara layiq görülmüş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə imzaladığınız Sərəncama əsasən fəxri adlara görə aylıq təqaüdləri artırılan sənət adamları sırasında bu il 90 yaşını qeyd edəcəyimiz Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının da bir qrup əməkdaşı var. Bu Sərəncam teatrımızın yaradıcı heyəti tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı.

Möhtərəm cənab Prezident, mədəniyyətimizə və incəsənətimizə göstərdiyiniz yüksək diqqət və qayğı sayəsində Azərbaycan teatrı dünyanın ən aparıcı teatrları sırasında özünəməxsus yer tutub. Bu qayğı bizi yeni yaradıcılıq uğurları qazanmağa, teatrımızı ölkə hüdudlarından kənarda daha böyük həvəslə təmsil və təbliğ etməyə ruhlandırır.

Əməyimizin Sizin tərəfinizdən mütəmadi olaraq yüksək qiymətləndirilməsi bizi hər zaman daha böyük uğurlar qazanmağa sövq edir. Buna görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Müstəqil dövlətimizin daha da inkişaf etməsi istiqamətində gördüyünüz əvəzsiz işlərinizdə Sizə bol uğur, möhkəm cansağlığı arzulayırıq. Növbəti seçkilərdə Sizi yenidən prezident kürsüsündə görməklə xalqımızla birlikdə tezliklə qələbə sevinci yaşamağı arzu edirik.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi adından dərin hörmətlə,

Həmidov Mübariz, direktor, Əməkdar Artist

Səlimova Cənnət

Qasımov Tariyel

Əsədov Vaqif

Qarayev Yasin (Xalq artistləri) və başqaları.

Azərbaycan Respublikası, Bakı şəhəri.