İlham Əliyev Sumqayıt Texnologiyalar Parkında yaradılan yeni müəssisələrlə tanış olmuşdur

07 iyul 2011, 18:50
İlham Əliyev Sumqayıt Texnologiyalar Parkında yaradılan yeni müəssisələrlə tanış olmuşdur

Prezident İlham Əliyev Sumqayıt Texnologiyalar Parkında yaradılan yeni müəssisələrlə tanış olmuşdur.

Dövlət başçısı əvvəlcə yüksəkgərginlikli elektrik avadanlığı zavoduna gəldi.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev məlumat verdi ki, zavodda dünyanın ən inkişaf etmiş ölkələrinin texnikası quraşdırılmışdır. Müəssisədə, əsasən Finlandiya, Almaniya və Türkiyənin əymə, lazer kəsmə dəzgahları istismar olunur. Yeni məhsulların sınağı isə ABŞ istehsalı olan xüsusi laboratoriyalarda aparılır.

Qeyd edildi ki, bir neçə sexin fəaliyyət göstərdiyi zavodda yüksəkgərginlikli elektrik, smart-kart tipli sayğac dolabları, 6 və 10 kilovoltluq elektrik avadanlığı istehsal edilir. İstehsal prosesi Fransanın müasirliyi ilə fərqlənən “Schneider Electric” şirkətinin texnologiyasına əsaslanır. Tezliklə müəssisədə 35 və 110 kilovoltluq elektrik avadanlığının və güc transformatorlarının istehsalı da nəzərdə tutulur.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, zavodda buraxılan ventilyasiya borularına da respublikamızda və xarici bazarlarda yüksək tələbat vardır. Burada 100 millimetrdən 1250 millimetrə qədər ölçüdə alüminium və ya sinklənmiş polad borular istehsal olunur. İstehsal prosesi mükəmməlliyi ilə seçilir.

Günəş kollektorları və istilik qazanlarının istehsalı sexində də ən son elmi-texniki yeniliklər tətbiq edilmişdir. Təsadüfi deyildir ki, Sumqayıt Texnologiyalar Parkında istehsal prosesi olduqca yüksək standartlara əsaslandığından burada çalışanların əksəriyyətini ali təhsilli və yüksək ixtisaslı kadrlar təşkil edir. Bundan başqa, müəssisələrdə çalışanlar Almaniya, Böyük Britaniya, Yaponiya, Türkiyə və dünyanın ən inkişaf etmiş digər ölkələrində xüsusi kurslarda təcrübə keçirlər.

Dövlət başçısına ultrasəs lehimləmə avadanlığı və digər müasir texnikalar nümayiş etdirildi.

Qeyd olundu ki, burada istehsal edilən günəş kollektorları suyu 80-100 dərəcəyə qədər qızdırır. Bu məhsulların daha bir özəlliyi ondan ibarətdir ki, hətta buludlu havada belə günəşin ultrabənövşəyi şüaları 95 faizə qədər səmərəli istifadə olunaraq istilik enerjisinə çevrilir. İstilik qazanları da paslanmaya və korroziyaya davamlı olmaqla yanaşı, bütün gigiyenik normalara cavab verir.

Prezident İlham Əliyevə əyani olaraq Sumqayıt Texnologiyalar Parkının ərazisində quraşdırılan günəş kollektorları və istilik qazanlarının imkanları nümayiş etdirildi.

Sonra avtobusla zavodun ərazisini gəzən dövlətimizin başçısına buradakı digər müəssisələr və perspektiv layihələr barədə ətraflı məlumat verildi.

Qeyd edildi ki, artıq Sumqayıt Texnologiyalar Parkının rəqabətə davamlı və müxtəlif çeşidli məhsulları bir sıra beynəlxalq sərgilərdə nümayiş olunmuşdur. Yerli bazarla yanaşı, dünya bazarlarında da bu məhsullara tələbat durmadan artır.

Daha sonra Prezident İlham Əliyev qaynar sinkləmə zavodu ilə tanış oldu.

Məlumat verildi ki, bu zavod respublikamızda, eləcə də regionda analoqu olmayan bir istehsal müəssisəsidir.

İldə 40 min ton məhsul istehsal edilən zavodda tətbiq olunmuş texnologiya yüksək səmərəli və ekoloji təmiz istehsal prosesini təmin edir.

Mərhələli şəkildə reallaşdırılan istehsal prosesi avtomatik qaydada, nüsxə-tapşırıq proqramı ilə yerinə yetirilir. Sinkləmə sobasının məhsuldarlığı saatda 20 tondur. Ən qabaqcıl texnologiyaların tətbiqi məhsulun yüksək keyfiyyətinə və uzunömürlülüyünə tam zəmanət yaradır. Belə ki, qaynar sinkləmə nəticəsində metal və ya poladın üzərində 60-100 mikronluq sink təbəqəsi əmələ gəlir və bu da həmin konstruksiyaların ömrünün ən azı 100 ilə qədər uzanması deməkdir.

Qeyd edildi ki, Sumqayıt Texnologiyalar Parkında metal və ya poladın ilk dəfə sinklənməsi ilə yanaşı, təkrar sinkləmə əməliyyatları da aparılır.

Sumqayıt Texnologiyalar Parkındakı yeni müəssisələrin fəaliyyəti ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi, kollektivə uğurlar arzuladı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:47
“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında”...

27 aprel 2024, 14:47
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:45
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 874-VIQ...

27 aprel 2024, 14:45
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:43
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə...

27 aprel 2024, 14:43