08 mart 2018, 11:00

L. və M. Rostropoviçlər adına musiqi məktəbinin kollektivindən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Son vaxtlar ölkəmizdə musiqi təhsilinin inkişafına, istedadlı uşaq və gənclərin dəstəklənməsinə göstərdiyiniz qayğının bir daha şahidi olduq. Ötən ilin dekabrında Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın məktəbimizin tam təchiz olunmuş yeni binasının açılışında iştirakı bizə böyük fəxr və qürur hissi bəxş etdi. Məktəbimizin fəaliyyətinin bütün dövrlərində şagirdlərimiz beynəlxalq müsabiqə və festivallarda ən yüksək mükafatlara layiq görülərək, Vətənimizin adını ucaldıblar. Məktəbimizin 20 şagirdinin adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na salınıb və onlar xüsusi aylıq təqaüdə layiq görülüblər. Gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləğinin artırılması Sizin istedadlı uşaqlara necə yüksək diqqət göstərdiyinizi bir daha sübut etdi. Eyni zamanda, Prezidentin fərdi təqaüdünün artırılması ilə bağlı Fərmanınız məktəbimizin müəllim və şagird kollektivinin böyük sevincinə səbəb oldu.

Hörmətli cənab Prezident, məktəbimizin müəllim və şagird kollektivi adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Qarşıdan gələn Prezident seçkilərində məktəbimizin bütün kollektivinin Sizi dəstəkləyəcəyinə əmin ola bilərsiniz. Inanırıq ki, Azərbaycan gələcəkdə Sizin rəhbərliyinizlə daha böyük uğurlar qazanacaqdır.

Hörmətlə,

L. və M. Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin kollektivi.

Azərbaycan Respublikası, Bakı şəhəri.