14 mart 2018, 17:20

Afaq Bayramovadan, Yevlax, Azərbaycan

Çox hörmətli cənab Prezident.

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə Sizin Sərəncamınızla “Tərəqqi” medalı ilə təltif olunan qadınlar sırasında adımı gördükdə sevincimin həddi hüdudu olmadı. Çalışdığım “Kür” qəzetinin kollektivi də mənim sevincimə şərik olaraq gənclərə göstərdiyiniz bu cür diqqət və qayğıya, Vətən qarşısındakı xidmətlərini ali mükafatla dəyərləndirdiyinizə görə Sizə yorulmaz siyasi fəaliyyətinizdə möhkəm cansağlığı, ölkəmizin tərəqqisi yolunda daha möhtəşəm uğurlar qazanmağı arzulayır.

Möhtərəm cənab Prezident, məhz Ümummilli Liderimizin müdrik dövlətçilik siyasətinin layiqli davamçısı olaraq Siz müstəqil Azərbaycana rəhbərlik etdiyiniz dövrdə ölkəmizin iqtisadi-siyasi, regionlarımızın sürətli və dinamik inkişafı, Ordumuzun qüdrətlənməsi, xalqımızın sosial-məişət şəraitinin, maddi rifah halının yaxşılaşdırılması sahəsində çox mühüm və uğurlu qələbələrə imza atırsınız. Siz ölkəmizin nəinki Cənubi Qafqazda, eləcə də dünya miqyasında tanınmasında, söz və nüfuz sahibi olmasında qətiyyətli və dönməz siyasi iradə nümayiş etdirirsiniz.

Hörmətli cənab Prezident, Sizi əmin edirik ki, biz gənclər də Sizə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya sonsuz inam və məhəbbətlərini paylaşan çoxmilyonlu xalqımızın övladları olmaqla bundan sonra da bilik və bacarığımızı müstəqil Azərbaycanımızın daha parlaq gələcəyi naminə sərf edəcəyik.

Hörmətlə,

Bayramova Afaq, “Kür” qəzetinin müxbiri.

Azərbaycan Respublikası, Yevlax rayonu.