İlham Əliyev VI Qlobal Bakı Forumunun açılışında iştirak edib

15 mart 2018, 10:00
İlham Əliyev VI Qlobal Bakı Forumunun açılışında iştirak edib

Azərbaycanın paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.

Forumda, həmçinin Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstinin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovinanın hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall iştirak ediblər.

Əvvəlcə birgə foto çəkdirildi.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Prezident İlham Əliyevə bu Foruma ev sahibliyi etdiyinə görə təşəkkürünü bildirərək dedi:

- Zati-aliləri, xanımlar və cənablar.

Mənim adım İsmail Serageldindir. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədriyəm. VI Qlobal Bakı Forumunun açılış mərasimində sizi salamlamaq mənim üçün böyük şərəfdir.

Xanımlar və cənablar. Bütün dünyanın ən yaxşılarının ictimai maraqlara əsaslanan səmimiyyət və açıqlıqla dövrümüzün əsas məsələlərini müzakirə etmək üçün bir araya gəlməsi ənənəyə çevrilib. Bütün bunları mümkün edən və müzakirələrimizdə bizə yol göstərən şəxsi - Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi dəvət etməklə bu tədbiri açmaq mənim üçün böyük şərəfdir.

Dövlətimizin başçısı VI Qlobal Bakı Forumunun açılışında nitq söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar.

Əziz dostlar.

Əvvəlcə mən bütün qonaqlarımıza bu gün bizimlə olduqlarına görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Əllidən çox ölkədən bu cür mötəbər nümayəndə heyətlərini qəbul etmək böyük şərəfdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi kifayət qədər qısa müddət ərzində çox böyük nüfuza, çox yüksək iş göstəricilərinə malik qlobal beynəlxalq təsisata çevrilib. Bakı Qlobal Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüslərindən biridir. Əvvəlcə mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinə - xanım Vayra Vike-Freyberqaya və cənab İsmail Serageldinə bu təşkilatı ən mühüm beynəlxalq mərkəzlərdən birinə çevirmək üçün verdikləri böyük töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm. Bu Mərkəz artıq altıncı dəfədir ki, Qlobal Bakı Forumunu təşkil edir. Forum qlobal gündəlikdə duran məsələlərin müzakirəsi məqsədilə kifayət qədər qısa müddət ərzində dünya platformalarından birinə çevrilib.

Qonaqlarımız arasında, artıq qeyd etdiyim kimi, 50-dən çox ölkənin nümayəndəsi var. Qonaqların sayı 450-dən çoxdur. Onların sırasında 47 hazırkı və keçmiş dövlət və hökumət başçıları var. Daha sonra tanınmış siyasətçilər, dövlət xadimləri, alimlər, vətəndaş cəmiyyətinin təmsilçiləri var. Əminəm ki, Forumun gedişi zamanı beynəlxalq münasibətlərin gündəliyində olan ən mühüm məsələləri müzakirə edəcəyik. Həmçinin inanıram ki, dünyada təhlükəsizliyin, sabitliyin, proqnozlaşdırmanın və əməkdaşlığın təmin edilməsi üçün mühüm tövsiyələr də olacaq.

Azərbaycan artıq bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Onların arasında Bakı Beynəlxalq Humanitar Forumunu, mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu, Dünya Dini Liderlərinin Forumunu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu qeyd etmək olar. Daha sonra - 2015-ci ildə ilk Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bütün bu tədbirlər əməkdaşlığa xidmət edir, körpülər salır, müxtəlif ölkələrin və dinlərin təmsilçiləri, fərqli fikirli insanlar arasında daha böyük anlaşmanı təmin edir.

Bu il biz “Bakı Prosesi”nin onuncu ildönümünü qeyd edəcəyik. BMT hazırda bu prosesi tam dəstəkləyir. O, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri arasında əməkdaşlıq üçün nadir bir platformadır. Azərbaycan hər iki təşkilatın üzvüdür və onların mədəniyyət nazirlərinin 2008-ci ildə Bakıda toplantısını keçirmək təşəbbüsü ilə çıxış etmişdir. Bu proses davam edir. Hazırda “Bakı Prosesi” beynəlxalq təşkilatlar və bütövlükdə xalqlar arasında daha yaxşı anlaşma üçün genişmiqyaslı fəaliyyətə əsaslanır.

Artıq qeyd etdiyim kimi, bütün səylərimiz təhlükəsizliyin, sabitliyin və proqnozlaşdırmanın, eləcə də xalqlar arasında sülh şəraitində birgə yaşamanın və anlaşmanın möhkəmləndirilməsinə yönəlib. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir, bizim həyat tərzimizdir. Biz çoxmillətli, çoxkonfessiyalı cəmiyyətimizdən fərəhlənirik. Bütün dinlərin və etnik qrupların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Hesab edirəm ki, bu, indiki dünyada böyük zənginlikdir. Biz, həmçinin öz təcrübəmizi bölüşmək istərdik. Fikrimcə, müasir Azərbaycanın bugünkü inkişafı bunun yeganə düzgün siyasət olduğunu göstərir.

İnklüziv cəmiyyət hazırda qlobal gündəlikdə duran məsələlərdən biridir. Əlbəttə ki, bütün səylərimiz, qeyd etdiyim kimi, hamımızın dünyada, xüsusən də regionda ehtiyac duyduğu təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlib. Əfsuslar olsun ki, Azərbaycan ərazimizin demək olar ki, 20 faizini işğal etmiş qonşu Ermənistanın təcavüzündən əziyyət çəkir. Ermənistan beynəlxalq hüququn normalarını kobud surətdə pozur, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb və bunun nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan hərbi cinayətlər, o cümlədən Xocalı soyqırımını törədib. Həmin soyqırımı hazırda 10-dan artıq ölkə tərəfindən tanınıb. Bu soyqırımı nəticəsində 613 dinc, günahsız vətəndaş qətlə yetirilib. Onların arasında 106 qadın, 63 uşaq var idi. Mindən artıq şəxs itkin düşüb. Bu, insanlığa qarşı cinayətdir və Azərbaycana qarşı təcavüzün bir hissəsi olmuşdur. Dağlıq Qarabağ bizim əzəli torpağımızdır. Əsrlər boyu azərbaycanlılar həmin ərazilərdə yaşayıb, yaratmışlar. Hazırda işğal olunmuş ərazilərimizdə hər şey dağıdılıb, tarixi binalarımız, abidələr, qəbiristanlıqlar, dini abidələr yerlə-yeksan edilib. Bunlar ATƏT-in iki faktaraşdırıcı missiyası tərəfindən işğal olunmuş ərazilərdə qeydə alınıb. Bu, eyni zamanda, mədəni irsimizə qarşı soyqırımıdır. Münaqişənin həlli beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmalıdır. 1990-cı illərin əvvəlində Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edilmişdir. Əfsuslar olsun ki, bu qətnamələr icra edilməyib. Ermənistana heç bir sanksiya tətbiq olunmayıb. Bu, o ölkədir ki, iyirmi ildən çoxdur BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmaqda davam edir. ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, Qoşulmama Hərəkatı kimi digər beynəlxalq təşkilatlar oxşar qətnamələr qəbul ediblər. Beləliklə, tarixi həqiqət, beynəlxalq hüquq bizim tərəfimizdədir. Münaqişənin hələ də həll olunmamasının yeganə səbəbi ondan ibarətdir ki, Ermənistan işğal etdiyi ərazilərdən çıxmaq istəmir. Nəinki Dağlıq Qarabağ, həmçinin onun ətrafındakı 7 rayon hazırda işğal altındadır. Orada bütün Azərbaycan əhalisi etnik təmizləməyə məruz qalmışdır.

Status-kvo qəbuledilməzdir, davam edə bilməz. Bu, bizim yox, dünyanın aparıcı dövlətlərinin, xüsusən də münaqişənin həllində ATƏT-in vasitəçi mandatına malik olan ölkələrin – Amerika Birləşmiş Ştatlarının, Fransanın və Rusiyanın mövqeyidir. Bu ölkələrin prezidentləri dəfələrlə açıq şəkildə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir və dəyişilməlidir. Status-kvonu dəyişmək üçün Ermənistanın işğalçı qüvvələri zəbt olunmuş ərazilərdən dərhal çıxmağa başlamalıdırlar və Azərbaycan əhalisinə öz doğma yurdlarına qayıtmaq imkanı yaradılmalıdır. Bu münaqişə müasir tarixdə nəinki ən böyük ədalətsizlikdir, o cümlədən bizim o qədər də sabit olmayan regionumuzda daimi təhlükə və qeyri-sabitlik mənbəyidir. Buna görə də beynəlxalq hüququn prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı əsasında münaqişənin mümkün qədər tez həlli təmin edilməlidir. Bundan sonra regionumuzda sülh bərqərar ola bilər.

Münaqişəyə baxmayaraq, Azərbaycan inkişaf etməkdə davam edir. İqtisadi və sosial inkişafımız rəqəmlərdə, vətəndaşlarımızın bugünkü həyat tərzində, şəhərlərimizin simasında əks olunur. Biz insan kapitalına böyük həcmdə sərmayə yatırmışıq. Yeri gəlmişkən, hazırda “Bakı Ekspo 2025” üçün namizədliyini irəli sürmüş üç şəhərdən biridir. Namizədliyimizin gündəliyi insan kapitalı ilə bağlıdır. Biz bu məsələyə diqqət yetiririk və açıq bəyan etmişik ki, siyasətimizin mərkəzində məhz Azərbaycan xalqı dayanır.

Son 15 il ərzində yoxsulluğun və işsizliyin azaldılması üçün çox işlər görülüb. Hazırda bu iki göstərici təxminən 5 faiz səviyyəsindədir. Hesab edirəm ki, bu, hökumətimizin ən böyük nailiyyətlərindən biridir, çünki 1990-cı illərin əvvəlində olan çətin dövr hamımızın xatirindədir. Ölkəmizdə ciddi iqtisadi və sosial problemlər yaşanırdı. Hazırda Azərbaycan yoxsulluğun və işsizliyin səviyyəsinin az olmasına görə dünyada ən öncül ölkələr sırasındadır. Biz təhsilə, səhiyyə sahəsinə böyük yatırımlar etmişik. Son 15 il ərzində 3100-dən artıq məktəb, 600-dən çox xəstəxana tikilmişdir.

Azərbaycanda əhali ödənişsiz illik tibbi müayinədən keçir. Hər il 5 milyondan artıq insan bu imkana malikdir. Bu, həmçinin sosial siyasətimizdir. O, bizim mövqeyimizə, inkişaf edən iqtisadiyyata əsaslanır, çünki istək və siyasət kifayət deyil. Siz bu xidmətləri göstərmək üçün imkanlara malik olmalısınız. Bu səbəbdən, əvvəlki illərdə nəinki əhalinin tələbatına cavab vermək, o cümlədən siyasi müstəqilliyimizi gücləndirmək üçün biz diqqəti iqtisadi müstəqilliyin təmin edilməsinə yönəltdik. Aydındır ki, ölkə iqtisadi baxımdan asılı vəziyyətdə olduqda, müstəqil xarici siyasəti yürütmək imkanları məhdud olur. Bizə gəldikdə, sürətli iqtisadi artım, müstəqil xarici siyasət Azərbaycan xalqının maraqlarına, universal dəyərlərə əsaslanan siyasət yürütmək imkanı yaratdı.

Son 15 il ərzində iqtisadi artım üç dəfədən çox olub. Dəqiq desək, iqtisadiyyat 3,2 dəfə artıb. Fikrimcə, bu, bir növ dünya rekordudur. İslahatlarımız Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, digər aparıcı beynəlxalq maliyyə təsisatları tərəfindən yüksək dəyərləndirilir. Davos Dünya İqtisadi Forumu Azərbaycanı qlobal rəqabətədavamlılıq baxımından 35-ci yerdə qərarlaşdırdı. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir - biz iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə dünyanın 35 ən qabaqcıl ölkəsi sırasındayıq. Xatırlasaq ki, biz yalnız 26 ildir müstəqilik, bu, həqiqətən də böyük nailiyyətdir. Davos Forumunun digər qiymətləndirməsi İnklüziv İnkişaf İndeksinə aiddir ki, burada da Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasında üçüncü yerdədir. Yəni, bizdən öndə yalnız dünyanın 30 inkişaf etmiş ölkəsi və 2 inkişaf etməkdə olan dövləti yer alır. Bu, aparıcı beynəlxalq siyasi və maliyyə institutlarının bizim islahatlarla bağlı qiymətləndirməsidir. Bizim islahatlar yaxşı nəticələr verir. Həmin islahatlar sayəsində ölkəmiz adambaşına düşən birbaşa xarici investisiyaların həcminə görə dünyada aparıcı dövlətlərdən biridir. Son 15 ildə ölkəmizə yatırılan sərmayənin həcmi 230 milyard dollara bərabər olub və bu vəsaitin yarısını xarici, yarısını isə daxili investisiyalar təşkil edib. Bir sözlə, Azərbaycan iqtisadi siyasətinin uğurlu olduğunu artıq sübut edib və təbii ki, bu, bizə yalnız ölkə daxilində deyil, həmçinin regionda da sərmayə yatırmağa imkan, regional əməkdaşlıq üçün isə daha yaxşı platforma yaradır.

Əlbəttə, Azərbaycan enerji ehtiyatları ilə məşhurdur. Yeri gəlmişkən qeyd edim ki, dünyada ilk neft quyusu məhz Azərbaycanda, Bakıda qazılıb. O yer bu mehmanxanadan 15 dəqiqəlik məsafədə yerləşir və həmin tarixi quyu bu gün açıq havada salınmış muzeyin ərazisindədir.

Bu gün Azərbaycan özünün enerji potensialını dünyaya açmış dövlətdir. Biz xarici neft şirkətlərini Xəzər dənizində işləməyə dəvət edən ilk ölkə olmuşuq. Həmin əməkdaşlığın 24 illik tarixi var və bu, həm bizim, həm də tərəfdaşlarımız üçün faydalı əməkdaşlıqdır. Qonşularımız və dostlarımız Türkiyə və Gürcüstan ilə birlikdə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi mühüm enerji layihələrini həyata keçirmişik. Hər iki kəmər vasitəsilə Azərbaycanın karbohidrogen ehtiyatları beynəlxalq bazarlara nəql edilir. Azərbaycan artıq Xəzər dənizinin digər tərəfində hasil olunan neftin daşınması üçün tranzit ölkəyə çevrilib. Azərbaycan öz tərəfdaşları ilə daha geniş formatda, enerji sektorunda dünyanın ən nəhəng layihəsi olan “Cənub Qaz Dəhlizi” layihəsi üzərində çalışır. Bu da öz növbəsində, tarixi layihədir. O, 7 dövləti birləşdirir və əlavə ölkələrin cəlb edilməsi üçün də yaxşı potensial var. Bu layihənin dəyəri 40 milyard dollardır və buraya Azərbaycanın təbii qazının hasilatı, nəqli və paylanması daxildir. Bakıdan başlayaraq Avropada bitən vahid neft kəmərləri sisteminin ümumi uzunluğu 3500 kilometrə bərabərdir. Bu, regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfədir. Enerji təhlükəsizliyi bir çox dövlətin milli təhlükəsizliyinin tərkib hissəsidir. Bu gün Azərbaycan nefti bəzi Avropa dövlətlərinin enerji balansının 40 faizini təşkil edir və Azərbaycanın təbii qazı da Avropa ölkələrinin enerji təhlükəsizliyini gücləndirəcək.

Bu il biz “Cənub Qaz Dəhlizi” layihəsinin ən mühüm hissəsinin açılışını qeyd edəcəyik. Yəni, “Şahdəniz” yatağından ilk qazın nəql olunması, Azərbaycanı Gürcüstan ilə birləşdirən Cənubi Qafqaz Qaz Kəməri və Türkiyə ərazisindən keçən Transanadolu kəmərinin istifadəyə verilməsi. Bunlar Cənub Qaz Dəhlizinin mühüm seqmentləridir, işlər plan üzrə davam edir və ümidvaram ki, tezliklə biz həmin tarixi nailiyyətin - layihələrin istifadəyə verilməsini qeyd edəcəyik.

Azərbaycan, Gürcüstan və Türkiyə arasında mövcud olan əməkdaşlıq təkcə bizim ölkələrə xidmət etmir, o, eyni zamanda, bütün region üçün əhəmiyyət kəsb edir. Bizim illər boyu yaratdığımız enerji dəhlizləri artıq nəqliyyat dəhlizlərinə çevrilir və yenə də üç dövlət həmrəylik, birlik və sadiqlik nümayiş etdirir. Ötən ilin oktyabrında biz daha bir tarixi layihənin açılışını etdik. Bu, üç ölkəni, ancaq əslində, qitələri birləşdirən dəmir yolu layihəsidir. Çünki bu dəmir yolu xətti Asiyadan Avropaya olan ən qısa marşrutdur. Onun sayəsində Asiyadan Avropaya və geriyə olan yük daşımaları üçün tələb olunan vaxt 30 gün deyil, iki həftəyə bərabər olacaq. Bakı-Tbilisi-Qars layihəsinin ötən ilin oktyabrında açılışı qlobal əhəmiyyət kəsb edən hadisədir. Çox şadam ki, açılışdan qısa bir zaman – altı ay keçməsinə baxmayaraq, biz bu layihəyə artan marağın şahidi oluruq. Biz bu layihəyə böyük maraq və ümidləri olan Asiya, Mərkəzi Asiya və Avropadan olan yeni tərəfdaşları görürük. Hazırda biz əməkdaşlığın daha irəlidə olan mərhələsindəyik və burada səylərimizi əlaqələndiririk ki, bu marşrut yalnız vaxt baxımından deyil, iqtisadi cəhətdən də rəqabətli olsun. Yəni, biz yükləri daşıma vaxtının qısa olması ilə bərabər, münasib qiymətlə də cəlb edə bilək. Biz həmin istiqamətdə olduqca fəal çalışırıq. Bu, bizim fəaliyyətimizin mühüm beynəlxalq əhəmiyyət kəsb etdiyi bir sahəsidir.

Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfə çoxşaxəlidir. Qeyd etdiyim kimi, onlardan biri mədəni körpülərin qurulmasına yönələn səylərimizdir ki, onlar Asiya və Avropa, Avropa ilə müsəlman dünyası arasında daha yaxşı anlaşmanın yaradılmasına xidmət edir. Bizim enerji və nəqliyyat layihələrimiz xalqlara fayda gətirir, on minlərlə yeni iş yerləri yaradır və bununla da ölkələrin inkişafına töhfə verir. Bizim regionda sabitləşdirici amil rolumuz da yüksək qiymətləndirilir. Beləliklə, biz apardığımız siyasətin bəhrəsini görürük. Həmin siyasət ki, hər zaman təhlükəsizlik, sabitlik və proqnozlaşdırıla bilməyə yönəlmiş qarşılıqlı əməkdaşlıq və dəstək üzərində qurulub. Bizə lazım olan məhz budur və düşünürəm ki, Azərbaycanın qonşuları ilə qura bildiyi münasibətlər mehriban qonşuluğun yaxşı nümunəsidir.

Bu gün ilk dəfə olaraq Bakıda regionun dörd dövlətinin - Azərbaycanın, İranın, Gürcüstanın və Türkiyənin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bundan öncə biz üçtərəfli əməkdaşlıq formatlarını qurmuşuq - Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Rusiya. Bütün bu formatlar sabitliyə və sülhə, habelə iqtisadi inkişafa xidmət edir. Qeyd etdiyim kimi, həyata keçirdiyimiz enerji və nəqliyyat layihələri xalqlarımızın mənafeyinə xidmət edir. Biz uğura yalnız bu yolla nail ola bilərik. Siz nə qədər vəsait qoysanız belə, qonşularla yaxşı münasibətiniz olmazsa heç vaxt tranzit ölkəyə çevrilə bilməzsiniz. Mehriban qonşuluq münasibətləri hər bir ölkə üçün vacibdir.

Azərbaycan beynəlxalq təşkilatlarda da güclü mövqeyə sahibdir. Gələn həftə biz Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına ev sahibliyi edəcəyik. Azərbaycanın bu mühüm beynəlxalq təşkilatın yeni üzvü olmasına baxmayaraq, ölkəmiz orada böyük dəstəyə malikdir və belə bir toplantının keçirilməsi onun təzahürüdür. Azərbaycan digər beynəlxalq təşkilatlarda, İslam Əməkdaşlıq Təşkilatında da fəaldır. Avropa İttifaqının “Şərq tərəfdaşlığı” çərçivəsində də fəalıq və Avropa İttifaqı ilə yeni Tərəfdaşlıq Sazişi üzərində çalışırıq. Həmin saziş olduqca geniş sənəd olacaq və siyasət, iqtisadiyyat, təhlükəsizlik, enerji, nəqliyyat, mədəni müxtəliflik kimi sahələrdə əməkdaşlığı əhatə edəcək.

Beləliklə, regiondakı və dünyadakı rolumuzun nədən ibarət olduğunu və həmin nəcib məqsədlərə nail olmaq yolundakı nailiyyətlərimizi qısaca olaraq diqqətinizə çatdırdım. Bir daha qeyd edirəm ki, bizim siyasətimiz əməkdaşlığa, dostluğa və tərəfdaşlığa nail olunmasına yönəlib. Dediyim kimi, müasir Azərbaycanın nailiyyətləri sübut edir ki, biz düzgün yoldayıq.

İki aydan sonra biz Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyini qeyd edəcəyik. Biz fərəhlənirik ki, müsəlman dünyasında ilk demokratik respublikanın baniləri məhz azərbaycanlılar olublar. Müsəlman aləmində ilk dəfə azərbaycanlılar azad, insanların bütün hüquqlarının qorunduğu cəmiyyətdə yaşamaq arzusunu ifadə ediblər. Bugünkü Azərbaycanın inkişafında Azərbaycan Xalq Cümhuriyyətinin rolu olduqca böyük olmuşdur. Eyni zamanda, biz bu gün onların 100 il bundan əvvəl qəbul etdiyi qərarlarla da fəxr edirik. Onlardan biri qadınlara səsvermə hüququnun verilməsi olub ki, o qərar bir çox Avropa dövlətlərindən öncə qəbul edilib. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü iki ildən bir az qısa olub və respublikanın faciəvi süqutu hamımız üçün dərs olub.

Həqiqi müstəqilliyin qorunub saxlanılması onu əldə etməkdən çox çətindir. Bugünkü Azərbaycan tam mənada müstəqil dövlətdir. O dövlət ki, gələcəklə bağlı aydın baxışa malikdir. Hesab edirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları müasir Azərbaycanın inkişafının şahidi ola bilsəydilər, bizimlə fəxr edərdilər. Biz isə onlarla fəxr edirik və həm özümüzə, həm də dünyaya nümayiş etdiririk ki, insanlar yalnız müstəqillik dövründə, öz taleyinin sahibi olanda uğura nail olurlar. Bu gün Azərbaycan bunun bariz nümunəsidir.

Mən Foruma uğurlar diləyir və bu gün bizimlə olduğunuza görə sizə bir daha təşəkkür edirəm.

X X X

Dərin məzmunlu nitqinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən İsmail Serageldin dedi:

- Zati-aliləri, bizə yol göstərdiyinizə görə Sizə təşəkkür edirəm. İcazə verin, fürsətdən istifadə edərək Sizi Azərbaycanın nail olduğu möhtəşəm nailiyyətlər və Sizin də qeyd etdiyiniz kimi, müsəlman Şərqində ilk demokratik respublikanın yaranmasının 100 illiyi münasibətilə təbrik edim. Auditoriya üçün qeyd edim ki, bu respublika ABŞ-dan əvvəl qadınlara səsvermə hüququ verib, məhz burada. Həmçinin qeyd edim ki, bu qədər gənc olmasına baxmayaraq, hazırda Azərbaycan dünyada 35 ən rəqabətqabiliyyətli ölkədən biridir.

Zati-aliləri, bizim Forumla bağlı bir sıra müraciətlərimiz var. İndi isə Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımı dəvət etmək mənim üçün böyük məmnunluq və şərəfdir.

X X X

Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım çıxış edərək dedi:

- Hörmətli cənab Prezident İlham Əliyev.

Hörmətli Mehriban xanım.

Xanımlar, cənablar, digər ölkələrdən gələn prezidentlər, Baş nazirlər, nazirlər, dəyərli qonaqlar.

Bu gün Bakıda mühüm bir Forumla əlaqədar Sizinlə bir yerdə olmaqdan son dərəcə məmnunluq duyuram. Bütün iştirakçıları hörmət və ehtiramla salamlayıram.

Azərbaycanın beynəlxalq məsələlərlə əlaqədar dialoqu inkişaf etdirmək məqsədilə qurduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yaxından izləyir və təqdir edirik. 2012-ci ildə qurulmasına baxmayaraq, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi son altı il ərzində 20 ölkədə tədbirlər keçirib, 100-dən çox dövlət və hökumət başçısını öz sıralarında birləşdirməyə nail olub. Nizami Gəncəvi XII əsrdə yaşamış azərbaycanlı, türk elm xadimi, şair və mütəfəkkirdir. “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “Xosrov və Şirin”, “Yeddi gözəl” və “İsgəndərnamə” kimi mühüm və əfsanəvi əsərləri ilə türk, fars və ərəbdilli ədəbiyyatda öz imzasını qoymuş önəmli şəxsiyyətdir. Fürsətdən istifadə edərək, böyük mütəfəkkir Nizami Gəncəvini hörmət və məhəbbətlə anırıq. Nizami Gəncəvi hazırda dünyada yaşanan problemlərin həlli üçün hələ o dövrdə qızıl açar təqdim edir və deyir ki, bağlı bir qapının açarını yalnız alimlərdə axtardığın zaman tapa bilərsən.

Məhz bu baxımdan Qlobal Bakı Forumu hər il müxtəlif mövzu və devizlə dünyanın aktual problemlərinin müzakirə olunduğu mühüm platforma kimi qəbul edilməyə başlanılıb. Müzakirə olunan mövzularla bağlı tanınmış və nüfuzlu şəxslərin fikir mübadiləsi aparmaları bölgəmizin və dünyamızın ehtiyac duyduğu geniş üfüqlər açan düşüncələri ortaya qoyur. Forumun builki “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusu getdikcə qütbləşən dünyada əhatəli və sülhsevər cəmiyyətlərin necə qurulması yollarını göstərmək baxımından son dərəcə əhəmiyyətli məsələdir.

Hər məsələnin mərkəzində insan amili var. Hamımız gələcək nəsillərə əmin-amanlıq, rifahın olduğu dayanıqlı dünya təqdim etməkdə məsuliyyət daşıyırıq. “İnsanı yaşat ki, dövlət yaşasın, insanı yaşat ki, dünya yaşasın” prinsipinə önəm verməliyik. Buna görə də qlobal sülhün qorunması, dayanıqlı inkişaf, ədalətli bölüşmə, regional rifah və inkişafda uçurumun azaldılması önəmli hədəflərimiz arasında olmalıdır. Əlimizdəki rəqəmlər, təəssüf ki, bu baxımdan nikbin olmağa imkan vermir. Bu çətinliklərin öhdəsindən gəlmək üçün çox böyük əmək sərf etməliyik. Bir tərəfdən, dünyada yeni texnologiyaların, elmin, kommunikasiyanın inkişafı, “sənaye 4.0”, süni intellekt kimi yenilikçi texnologiyaların həyatımıza daxil olması, digər tərəfdən də iş vərdişlərimizin, peşə və ixtisas növlərinin sürətlə dəyişməsi dünyanın gələcəyi üçün gözəl amillərdir. Ancaq bu yeniliklərin bütün dünya, bütün ölkələr üçün faydalı və səmərəli olmasından ötrü mütləq şəkildə daha güclü regional və qlobal əməkdaşlığa ciddi ehtiyac var.

Bir ölkənin çox inkişaf etməsi və onun qonşuluğundakı ölkənin inkişafda geri qalması qlobal qeyri-sabitliyin əsas səbəblərindən biridir. Cəmiyyətlərin qarşı-qarşıya qala biləcəkləri problemləri həll etmək qabiliyyətlərinin inkişaf etdirilməsinin də mühüm əhəmiyyət daşıdığına inanırıq. Davamlı ictimai ahəng üçün müxtəlifliklərin ayırıcı yox, zənginləşdirici amil olduğunu görməliyik. Müasir dövrdə radikalizm, ksenofobiya, irqçilik, islamofobiya kimi problemlər barədə təəssüf ki, daha çox danışılmağa başlanılıb. Xüsusilə inkişaf etmiş ölkələrdə belə hallarla qarşı-qarşıya qalırıq. Sülh içində yaşayan plüralist, demokratik cəmiyyətlər qurmaq üçün belə dağıdıcı cərəyanlara qarşı birlikdə mübarizə aparmaq vacib şərtdir. İrq, cins, sinif, etnik mənsubiyyət fərqlərinə baxmayaraq, bütün insanlara bərabər imkanın təmin olunduğu, heç kimin özünü kənarlaşdırılmış hiss etmədiyi bir cəmiyyətdə sabitlik davamlı olacaq.

Türkiyə olaraq biz bu yanaşmadan hərəkət edərək insana istiqamətlənmiş, sülhsevər, dostluğu artırmaq, düşmənçiliyi azaltmaq istiqamətində sabit siyasət yürüdürük. Bundan başqa, gənc nəslin təhsilində bəşəri dəyərlər, tolerantlıq və müxtəlifliklərin zənginlik olduğu ideyasını daim diqqət mərkəzində saxlayırıq. Bu dəyərlərin cəmiyyətdəki ədalətsizliyə, nifrətə və hətta terror kimi təhdidlərə qarşı təsirli mübarizə üçün şərt və lazımlı olduğunu düşünürük.

Ölkəmizin zəngin mədəni müxtəlifliyə malik keçmişə sahib olduğunu söyləmək istəyirəm. Türkiyə mədəniyyətlərin, dinlərin qovuşduğu, yüz illər boyunca Asiya ilə Avropa arasında bir kəsişmə nöqtəsidir. Türkiyə yüz illər boyunca bu xüsusiyyəti ilə fərqli mədəniyyətlərə ev sahibliyi edib. Bunun izlərini mədəniyyətimizdə, dinimizdə, həyatın bütün sahələrində görmək mümkündür.

Hörmətli qonaqlar, ölkələrin get-gedə bir-birindən daha çox asılı olduqları bir dünyada yaşayırıq. Bu vəziyyətdə geniş bölgələri, iqtisadiyyatları və xalqları bir-birinə bağlayan layihələrlə regional və qlobal rifahı təmin etmək mümkün olacaq. Bir az əvvəl hörmətli Prezident İlham Əliyevin ifadə etdiyi kimi, Qafqaz bölgəsində Azərbaycan, Gürcüstan və Türkiyə olaraq həqiqətən regional əməkdaşlığa, hətta qlobal rifaha mühüm töhfə verən önəmli layihələr həyata keçiririk. Mən bu layihələri yenidən sadalamaq istəmirəm. Amma bilavasitə özümün də məsul olduğum Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi təkcə Azərbaycanı, Gürcüstanı və Türkiyəni maraqlandırmır. Bu, Uzaq Şərqdən ta Qərbi Avropaya qədər böyük bir coğrafiyanı maraqlandıran və yüz illər ərzində tarixi İpək Yolu olaraq istifadə edilən müştərək dəhlizi müasir dəmir yolu xətti ilə birləşdirən bir layihədir. Bu layihə ilə Uzaq Şərq, Orta Asiya, Qafqaz, Anadolu və Yaxın Şərq coğrafiyası ilə Balkanlar və Avropa birləşdirilir. Eyni qaydada Transanadolu təbii qaz boru kəməri də bu il tamamlanacaq və beləliklə, Azərbaycan qazı Anadolu ərazisindən Balkanlara və Avropaya nəql ediləcək. Bu, əslində regional və qlobal əməkdaşlığın ən gözəl nümunələrindən biridir. Bir tərəfdən enerji təhlükəsizliyinin təmin olunması, digər tərəfdən də ölkələrin bir-birinin ehtiyacını ödəməsi baxımından çox əhəmiyyətli bir layihədir.

Türkiyə müttəfiqləri və dostları üçün etibarlı, özünü regional sülhə və rifaha həsr etmiş ölkə olduğunu Yaxın Şərqdə, Balkanda və Qafqaz başda olmaqla dünyanın bir çox yerində göstərib. Son yeddi ildə Suriyada yaşanan vətəndaş müharibəsi və hakimiyyət boşluğundan yaranan miqrant axınını – 3,5 milyondan çox qaçqını qonaq qəbul edən, çörəyini, suyunu bölüşən ölkə Türkiyədir. Əgər bunlar edilməsəydi, bölgədə qarışıqlıq daha da artacaqdı və davam edən terror təhlükəsini nəzarət altına almaq bəlkə də mümkün olmayacaqdı.

Bu gün və sabah burada keçiriləcək panel iclaslarında natiqlər, ekspertlər, elm xadimləri müxtəlifliklər necə ortadan qaldırıla bilər və ölkələr bir-birinə necə yaxınlaşdırıla bilər mövzularını ətraflı müzakirə edəcəklər. Bunun nail ola biləcəyi ən mühüm amil qarşılıqlı rəğbəti, dostluq əlaqələrini daha çox gücləndirmək və BMT-nin qlobal proseslərdə daha çox etibar artıran quruma çevrilməsidir. Rəqabətin deyil, problemlərin həllini əsas alan BMT islahatlarının artıq vazkeçilməz zərurət olduğu da gün kimi aydındır. Bir tərəfdə insanlar ölür, kimyəvi qazlar tətbiq edilir, uşaq, böyük, yaşlı, gənc, amma BMT Təhlükəsizlik Şurası yalnız rəqabət – ölkələrin bir-biri ilə rəqabəti uğrunda bu insanlıq faciəsinə lazımi cavab verə bilmir, bu dəhşətin qarşısını ala bilmir. Qlobal sülhü, qardaşlığı təmin etmək yalnız və yalnız hər kəsin hadisələr qarşısında ikili standartlara yol vermədən, insanlığa, humanitar dəyərlərə əsaslanaraq həll yolu təqdim etməsi ilə mümkün olacaq.

Çox da uzaqda olmayan Dağlıq Qarabağ problemi illərdir Azərbaycanın qanayan yarasıdır. Azərbaycan torpaqlarının 20 faizi hərb yolu ilə işğal edilib, bir milyondan çox insan evsiz-eşiksiz qalıb, qaçqın və məcburi köçkün durumuna düşüb. BMT, ATƏT-in Minsk qrupu, digər beynəlxalq təşkilatlar bunun ədalətsiz olduğunu bildirdiyi, işğalın aradan qaldırılmasının vacibliyini qeyd etdiyi halda, təəssüf ki, bu istiqamətdə lazımi addımlar atılmayıb. Əminəm ki, haqq gec-tez öz yerini tapacaq və təqsirkarlar layiq olduqları cavabı alacaqlar.

Bu hisslərlə çıxışımı bitirərkən Türkiyə olaraq qlobal məsələlərlə bağlı mühüm həll variantları təqdim edən və dünyanın bir çox siyasətçisini, elm adamını, ekspertlərini bir araya gətirən belə bir nüfuzlu Forumun tədbirlərindən birinə də Türkiyə olaraq ev sahibliyi etmək istədiyimizi bildirmək istəyirəm.

Bizi - dəyərli iştirakçıları bu mühüm tədbirə dəvət edərək fikirlərimizi bölüşmək imkanı yaratdığına görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə, onun həmsədrlərinə təşəkkürümü bildirirəm. Forumun nəticələrinin bizə cəmiyyətlərimizin rifahı, daha gözəl bir dünya üçün gözəl nəticələr və fikirlər ortaya qoymasını arzu edir, hamınıza ehtiramımı bildirirəm.

X X X

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin dedi:

- Təşəkkür edirəm, cənab Baş nazir. Zati-aliləri Prezident Əliyevin icazəsi ilə düşünürəm ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi sizin gözəl Türkiyəyə gəlmək dəvətinizi qəbul etməkdən məmnun olacaq. Eyni zamanda, bizim bu toplantı ilə bağlı bir neçə mühüm müraciət var. Müraciətlərdən biri İtaliya Respublikasının Prezidenti Zati-aliləri Sergio Mattarella tərəfindən ünvanlanıb.

İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari Prezident Sergio Mattarellanın müraciətini Forum iştirakçılarına çatdıraraq dedi:

- Zati-aliləri, Azərbaycan Prezidenti cənab İlham Əliyev.

Zati-aliləri, Azərbaycanın Birinci vitse-prezidenti, xanım Mehriban Əliyeva, əziz qonaqlar.

İtaliyanın Azərbaycandakı səfiri olaraq İtaliya Respublikasının Prezidenti, Zati-ailəri Sergio Mattarellanın müraciətini oxumaq mənim üçün şərəfdir.

Müraciətdə deyilir: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bir daha təşkil etdiyi Qlobal Bakı Forumu cəmiyyətlərimizin daha açıq, daha müxtəlif və daha da demokratik olmasını təmin etməklə bağlı konkret təkliflərə və təşəbbüslərə dair dərin müzakirələrə imkan yaradacaq. Builki tədbir üçün seçilmiş “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusu gələcək addımları aydın şəkildə göstərir. Müxtəlifliyə hörmət, digər mədəniyyətlərlə mütəmadi şəkildə qarşılıqlı əlaqə, bütün insanların bərabər ləyaqətini qəbul etmək hər yerdə sülhün və sabitliyin təmin olunması, eyni zamanda, qeyri-tolerantlıq və ekstremizm riskinin qarşısının alınması üçün əsas elementlərdir. Terrorçuların törətdikləri vəhşiliklər bizi aktual və kompleks çağırışla üzləşdirir. Bu çağırışa cavab vermək üçün biz təhlükəsizliyi təmin etməliyik. Lakin biz, eyni zamanda, birgəyaşayış və dialoq mədəniyyətini təşviq və inkişaf etdirməliyik. Qlobal Bakı Forumu kimi tədbir qarşılıqlı anlaşmanı təbliğ etməklə və gücləndirməklə məhz bu istiqamətdə irəliləyir. Buna görə də mən Qlobal Bakı Forumunun təşkilatçılarını təbrik edirəm və bütün iştirakçılara ən xoş arzularımı çatdırıram”.

X X X

Səfirə təşəkkür edən İsmail Serageldin dedi:

- İndi isə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Zati-aliləri xanım Tereza Meyin müraciətini oxumaq üçün Birləşmiş Krallığın Azərbaycandakı səfirini dəvət etmək mənim üçün şərəfdir.

X X X

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Karol Krofts Birləşmiş Krallığın Baş naziri Tereza Meyin müraciətini oxuyaraq dedi:

- Zati-aliləri cənab Prezident.

Çox hörmətli xanım Birinci vitse-prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Zati-aliləri Tereza Meyin müraciətini sizin üçün oxumaq mənim üçün şərəf və üstünlükdür.

Müraciətdə deyilir: “Mən altıncı ildir ki, Qlobal Bakı Forumunu təşkil etdiyinə və bu qədər görkəmli hazırkı və sabiq dünya liderlərini bir araya gətirdiyinə görə Azərbaycanı və Zati-aliləri Prezident Əliyevi təbrik edirəm. Builki Qlobal Bakı Forumunun mövzusu – “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” bütün iştirakçı ölkələrin rəğbətini qazanacaq. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dialoqun inkişafı və bu gün dünyanın üzləşdiyi müxtəlif aktual problemlərlə bağlı təcrübə mübadiləsinin aparılması üçün əlverişli platformadır. 1918-ci ildə yaradılan Azərbaycan Respublikasının 100 illiyi bu il tamam olur. Azərbaycanın bu əlamətdar günü tam suveren və müstəqil dövlət kimi bir daha qeyd etməsi təbiidir. Birləşmiş Krallıq və Azərbaycan 1992-ci ildə diplomatik münasibətlər yaradılandan bu günədək güclü və məhsuldar əlaqələr qurub. Uzunmüddətli enerji əlaqələrimizlə yanaşı, biz geniş spektrdə mühüm məsələlərdə sıx əməkdaşlıq edirik. Qarşıdakı illərdə biz bu əməkdaşlığı dərinləşdirməyə və gücləndirməyə davam edəcəyik.

Mən Azərbaycana və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə bu tədbirdə və bütün dünyada inklüziv cəmiyyətlərin inkişafına imkan yaratmaqla bağlı mühüm müzakirələrinizdə uğurlar arzulayıram”.

X X X

Roma Papası Fransiskin müraciətini oxuyan İsmail Serageldin dedi:

- İndi isə Roma Papası Əlahəzrət Fransiskin Vatikandan göndərdiyi müraciəti oxumaq şəxsən mənim üçün böyük şərəfdir.

Əlahəzrət yazır: “VI Qlobal Bakı Forumunda iştirak edən hər kəsi salamlamaqdan çox məmnunam. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Forumun səmərəli olması və ümumi işə töhfə verməsi üçün xoş arzularımı çatdırıram”.

X X X

İsmail Serageldin Rumıniyanın Baş naziri xanım Viorika Dançilanın müraciətini oxumaq üçün bu ölkənin Baş nazirinin müavini xanım Ana Birçallı dəvət etdi.

Xanım Ana Birçall Baş nazir Viorika Dançilanın müraciətini oxuyaraq dedi:

- Zati-aliləri Prezident Əliyev.

Birinci vitse-prezident xanım Əliyeva.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Rumıniyanın Baş nazirinin müavini olaraq, Baş nazir xanım Viorika Dançilanın bu müraciətini çatdırmaq mənim üçün şərəfdir.

Müraciətdə deyilir: “Bu müraciəti son illərdə ümumi çağırışlarımızı müzakirə etmək, qiymətləndirmək və həll yolu tapmaq üçün əsl qlobal platformaya çevrilmiş Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş bu nüfuzlu tədbirin - VI Qlobal Bakı Forumunun bütün iştirakçılarına çatdırmaq mənim üçün şərəfdir. Son altı ildə liderlər, mütəfəkkirlər və alimlər qlobal gündəlikdə duran ən aktual problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparmaq üçün Bakıda bir araya gəlirlər. Mən bu il belə yerinə düşən və aktual mövzu seçdiyinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik etmək istərdim. İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması bizim hamımız, siyasətçilər üçün cəmiyyətimizin quruluşunun gücünə və çevikliyinə söykənən görülməli işlər siyahısında prioritet məsələ olaraq qalır. Bu gün biz dünyanın bir-biri ilə qarşılıqlı şəkildə əlaqəli və mürəkkəb təbiətindən irəli gələn çətin proseslərin öhdəsindən gələrkən geniş düşünməli və bütün mümkün ilham mənbələrinə müraciət etməliyik. Bu il həm Rumıniya, həm də Azərbaycan müstəqilliyinin 100 illiyini qeyd edir. 1918-ci ildən sonrakı illərdə Rumıniya o dövrün ən yaxşı standartlarına cavab verən plüralist və tolerant cəmiyyət qurmaq və inkişaf etdirmək üçün davamlı səylər göstərib. Yüz il bundan əvvəl Azərbaycan da regionda parlamentli demokratiya və qadınların səs vermək hüququ sahəsində yüksək standartlar yaradıb. Bu, qeyd olunan cəmi bir neçə məqamdır. Bu rəmzi məqamda həmin nailiyyətləri xatırlatmağı məqsədəuyğun və ümidverici hesab edirəm. Cəmiyyətlərimizin inklüzivliyini daha da gücləndirmək istiqamətində səylərimizi davam etdirmək bu gün həmişə olduğundan daha vacibdir. Bu, bəzən çətin, lakin hər zaman nəticə verən gündəlik səylərdir. Əks halda tolerantlıq, müxtəlifliyə hörmət, harmoniya kök sala bilməz. Onları sadəcə təqlid etmək olmaz. Onlar həmişə gənc nəslə aşılanmalıdır.

Xanımlar və cənablar, Şərq ilə Qərbin kəsişməsində yerləşən, dünyəvi və multikultural cəmiyyətə malik olan Azərbaycan bu gün etibarlı regional aktor kimi mühüm rol oynayır. Prezident möhtəşəm açılış nitqində nailiyyətləri xatırlatdı. Mən hesab edirəm ki, Azərbaycanın bizim hamımızla bölüşəsi mühüm təcrübəsi var. Bizim Qara dəniz və Xəzər dənizi ilə həmsərhəd olan regionumuzun daha çox belə müsbət təcrübəyə ehtiyacı var. Bu günün və sabahın problemlərinə doğru cavabları yalnız birlikdə tapa bilərik. Əminəm ki, VI Qlobal Bakı Forumu bizi bu məqsədə bir addım da yaxınlaşdıracaq. Mən sizə səmərəli müzakirələr arzulayıram və təşəkkür edirəm. Mən Rumıniyanın belə möhtəşəm toplantıda iştirakına şərait yaratdığına görə təşkilatçılara minnətdaram. Sizin hamınıza uğurlar arzulayıram və sizi salamlayıram. Təşəkkür edirəm”.

X X X

İsmail Serageldin: Təşəkkür edirəm. İndi isə mən BMT-nin baş katibi Zati-aliləri Antonio Quterreşin müraciətini çatdırmaq üçün BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İshaqzaini dəvət etməkdən böyük məmnunluq duyuram.

X X X

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai baş katib Antonio Quterreşin müraciətini oxuyaraq dedi:

- Sabahınız xeyir

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri Mehriban Əliyeva.

Zati-aliləri, hörmətli qonaqlar, xanımlar və cənablar.

BMT-nin Azərbaycandakı nümayəndəsi olaraq, baş katib Antonio Quterreşin “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumuna müraciətini çatdırmaq mənim üçün şərəfdir.

Müraciətdə deyilir: “Mən VI Qlobal Bakı Forumunun iştirakçılarını salamlamaqdan məmnunam. Böyük çağırışlar və qlobal ixtilafların olduğu bir zamanda mən cəmiyyətlər arasında körpülərin qurulmasında, tolerantlığın, mədəniyyətlərarası dialoqun və anlaşmanın təbliğində oynadığı rola görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik edirəm.

Mən sizin builki tədbirdə əsas diqqəti sağlam planetdə hamı üçün daha yaxşı dünyanın qurulması istiqamətində universal və transformativ yol xəritəsi olan 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyinin əhəmiyyətli bir hissəsinə - inklüziv cəmiyyətlərin yaradılması hədəfinə yönəltməyinizi alqışlayıram.

Dayanıqlı İnkişaf Məqsədlərinin 16-cı maddəsi insan haqları, qanunun aliliyi, şəffaf, səmərəli və təhtəlhesab təsisatlara hörmətə əsaslanan sülhsevər və inklüziv cəmiyyətlərin təbliğinə çağırır. Bu məqsədə çatmaq və silahlı münaqişələrin qarşısını almaq üçün biz narazılıq, hüquqlardan məhrumetmə və bərabərsizliklərin kökündə duran səbəblərlə məşğul olmalı, hər bir fərdin ləyaqət və hüquqlarını müdafiə etməliyik.

Sizin gənclərə daha çox imkanların yaradılması və bugünkü təhdidlərlə mübarizədə elmin və texnoloji innovasiyaların rolunu da əhatə edən müzakirələriniz bizim birgə səylərimizə töhfə verə bilər. Sülhməramlı və dayanıqlı gələcəyə sadiqliyinizə görə sizə təşəkkür edirəm”.

X X X

Sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa çıxış edərək dedi:

- Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyev.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Zati-aliləri xanım Əliyeva.

Zati-aliləri, dövlət və hökumət başçıları, əziz qonaqlar.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və inklüziv cəmiyyətlərin əziz dostları.

Biz Bakı Forumunda sayı ildən-ilə artan iştirakçıları əhatə edən dostluq mühitində bir araya gəlmişik. Buna görə mən təşkilatçıların - Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinin və İdarə Heyətinin adından artıq bir neçə ildir bizə sadiq olan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Mən bizə bu il ilk dəfə olaraq qoşulan hər kəsi səmimi qəlbdən salamlayıram.

Bizim müzakirə etdiyimiz mövzu elə bir məsələdir ki, burada anlaşılmazlıqlar və fərqli interpretasiyalar fərqli baxışların əsas mənbəyidir. Bu da qruplar və millətlər arasında fikir ayrılığına, münaqişələrə, bəzən də zorakılığa gətirib çıxarır. Nizami Gəncəvinin hələ XII əsrdə yaxşı rəhbərin xüsusiyyətləri və ölkənin yaxşı idarə olunması ilə bağlı dərindən düşündüyü və bunu poetik şəkildə ifadə etdiyi ədalətli cəmiyyət konsepsiyasının yaradılması hər bir cəmiyyətin daxilində əsrlər və min illərlə vaxt tələb edib. Dünyanın istənilən ölkəsində vətəndaşların istədiyi təbiətin onlara verdiyi normal ömrü təmin edəcək sülh və təhlükəsizlikdir. Onlar, həmçinin ən azı qənaətbəxş yaşayış və mümkün olsa, əgər işləyirlərsə və nə isə etməyə hazırdırlarsa gələcəkdə maddi rifah gözləyirlər. Lakin hər şeydən əvvəl birgə və inklüziv cəmiyyət təbiətin qaçılmaz olaraq hər növə bəxş etdiyi müxtəlifliklərə hörmət edir və insanlar istisna deyil. Bioloji aləmdə təkamülü mümkün edən də məhz bu müxtəliflikdir. İnsanın xüsusiyyətlərinin və istedadlarının müxtəlifliyi bir qrup adam üçün lazım olduğundan çox üstünlüklərə, bir çoxları üçün isə layiq olmadığı repressiyalara yol açan bütün maneələri, bütün şüşə tavanları, cəmiyyətin müxtəlif təbəqələrini ayıran bütün divarları aradan qaldırmaqla cəmiyyətlərə inkişaf etməyə imkan verir. İnsan ləyaqətinə hörmət o demək deyil ki, biz cəmiyyətlərin eyniləşdirilməsini, qarışdırılmasını, onların ortaq aşağı göstəriciyədək kiçilməsini istəyirik ki, Prokrustun yatağında olduğu kimi heç kimə başqa birindən hündür olmağa icazə verilməsin və ölçülərə uyğun gəlməyənlər normaya uyğunlaşdırılmaq üçün qəddarcasına dartılıb uzadılsın. Ədalətli cəmiyyətin təməlində müxtəlifliyə hörmət, müxtəlifliyin ümumi işə müsbət töhfələr kimi qəbul edilməsi, danışıqlar nəticəsində hər kəsi sevindirməsə belə, qane edəcək dialoqun axtarılması və bizim sülh içərisində yaşamaq imkanımız, Prezidentin qeyd etdiyi kimi, təbii ehtiyatlara sahib olan ölkələrdən bu ehtiyatları olmayan, lakin əvəzində ayrı şeylər verə biləcək ölkələrə təbii ehtiyatları nəql etməyə imkan verən sərhədləri aşan infrastruktura malik olmaq dayanır.

Biz heç kəsin arxada qalmadığı, hər bir ölkənin qonşuları ilə dialoq apara bildiyi inklüziv cəmiyyətlərin olduğu dünyanın axtarışındayıq. Bu, elə bir cəmiyyətdir ki, köhnə, dondurulmuş münaqişələr və davamlı ədalətsizliklər təkcə aidiyyəti olan tərəflərin deyil, hamımızın diqqət mərkəzində olsun. Çünki bizim planetimiz ani kommunikasiya vasitələrinə görə bəzi mütəfəkkirlərin dediyi kimi, sadəcə hamar deyil, planetimizin ölçüləri planetin müxtəlif hissələrinə əlçatımlıq nöqteyi-nəzərindən azalır. Bu planetdə baş verən hər bir hadisənin bizə aidiyyəti var - iqlim, təbii müxtəliflik, dünyada hökm sürən ədalət. Çünki ədalətsizlikdən əziyyət çəkən istənilən ölkə qonşuları, həmin region və dünyanın qalan hissəsi üçün təhlükəyə çevrilir.

Xanımlar və cənablar, sizin hamınıza üç gün ərzində səmərəli və maraqlı debat və müzakirələr keçirməyi arzulayıram. İndi isə sizi müzakirələrdə iştirak etməyə dəvət edirəm və tribunaya Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini dəvət edirəm. Bizim sizinlə paylaşmaq istədiyimiz çox vacib bir mərasimimiz var. Bu da Nizami Gəncəvi mükafatının təqdim olunması mərasimidir.

X X X

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin dedi:

- Mərkəzin ideyalarını təcəssüm etdirən fəaliyyətinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti tərəfindən verilən bir neçə mükafatımız var. Beləliklə, birinci beynəlxalq mükafatımız qlobal layihələrin, təhsilin, elmin və mədəniyyətin inkişafına verdiyi töhfələrə görə Zati-aliləri Mehriban Əliyevaya təqdim olunur.

X X X

Həmsədrlər Vayra Vike-Freyberqa və İsmail Serageldin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalını Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təqdim etdilər.

Yüksək mükafata görə təşəkkür edən xanım Mehriban Əliyeva dedi:

- Hörmətli cənab Prezident.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin hörmətli həmsədrləri.

Xanımlar və cənablar, əziz qonaqlar və dostlar.

Əvvəla, məni qızıl medala layiq gördüyünüz üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə dərin təşəkkürümü bildirmək istəyirəm. Ali ümumbəşəri dəyərləri, bəşəri ideyaları, qarşılıqlı anlaşmanı və sülhü təşviq edən Mərkəzdən bu mükafatı almaq mənim üçün böyük şərəfdir.

Uzun əsrlər boyu Azərbaycan müxtəlif dinlərin və xalqların nümayəndələrinin birlikdə sülh şəraitində yaşadığı diyar olub. Multikulturalizm və etnik zənginlik ənənələri bizim ən böyük sərvətimizdir. Biz adət-ənənələrimizi qoruyub saxlayırıq və dünyaya açığıq. Bu gün biz müasir Azərbaycandan, öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin təsirləndirici nailiyyətlərindən söhbət açdıq. Həyatını doğma Vətənimin inkişafına və çiçəklənməsinə həsr etmiş bir şəxs kimi mənim və xalqımız üçün parlaq nümunə olan Azərbaycan Respublikasının Prezidentinə təşəkkürümü bildirmək istəyirəm. Çox sağ olun, cənab Prezident. Mən Sizin komandanızın bir üzvü olmaqdan qürur duyuram.

Mən bu mükafatı Heydər Əliyev Fondu tərəfindən görülən işlərə verilmiş qiymət hesab edirəm. Mən 14 ildə birlikdə çalışdığımız, elm, təhsil, mədəniyyət və sosial sahələrdə bütün ideyalarımızı və layihələrimizi gerçəkləşdirməyə kömək edən hər bir insana “Çox sağ olun!” deyirəm. Nəhayət, mən bir daha Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinin böyük səylərini qeyd etmək istəyirəm. Sizin fəaliyyətiniz sayəsində Mərkəz çox mühüm beynəlxalq platformaya çevrilib. Cənab Serageldin, sizin təcrübəniz, biliyiniz gənc nəsli dünyaya daha da açıq olmağa və üfüqlərini genişləndirmək üçün təhsil və bilik dəyərlərindən istifadə etməyə ilhamlandırır. Xanım Vike-Freyberqa, siz dünyada olan bir çox qadınlar üçün parlaq nümunəsiniz. Biz Azərbaycanda xalqlar və ölkələr arasında dialoqun qurulmasında fəaliyyətinizi və səylərinizi, məşhur Azərbaycan şairi Nizami Gəncəvinin irsinin təşviqinə verdiyiniz töhfələri yüksək qiymətləndiririk. Çox sağ olun, əziz xanım Vike-Freyberqa. Qeyd etməliyəm ki, siz çox cazibədar xanımsınız.

Yekunda mən bütün qonaqlarımızı salamlamaq və onlara Azərbaycana “Xoş gəlmisiniz!” demək istəyirəm. Ümid edirəm ki, bizim gözəl paytaxtımızın qonaqpərvərlik və dostluq ab-havasından həzz alacaqsınız. Çox sağ ol Nizami Gəncəvi Beynəlxalq Mərkəzi! Çox sağ ol Azərbaycan!

X X X

İsmail Serageldin: İndi isə böyük məmnuniyyətlə digər mükafatın qalibini təqdim etmək istəyirəm - İordaniyanın Kralı II Abdulla. Bu mükafat əlahəzrətə sülhə, beynəlxalq təhlükəsizliyə və sabitliyə töhfələrinə görə verilir. İordaniyanın Kralının adından mükafatı qəbul etmək üçün əlahəzrət şahzadə Raad bin Zaed səhnəyə dəvət olunur.

X X X

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mükafatı şahzadə Raad bin Zaedə təqdim olundu.

Şahzadə Raad bin Zaed çıxış edərək dedi:

- Zati-aliləri, Prezident İlham Əliyev.

Hörmətli Birinci vitse-prezident Mehriban Əliyeva.

Zati-aliləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, VI Qlobal Bakı Forumunun iştirakçıları.

Bu əlamətdar anda ali mükafata layiq görüldüyü üçün İordaniyanın Kralı Əlahəzrət II Abdullanın adından Zati-aliləri, Prezident İlham Əliyevə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Mükafat Komitəsinə dərin təşəkkürümü və minnətdarlığımı böyük məmnuniyyətlə çatdırıram. Bu mükafat dünyada sülh, beynəlxalq təhlükəsizlik, sabitlik, ədalət və dünya miqyasında insan iztirablarının aradan qaldırılması rəmzini daşıdığı üçün böyük əhəmiyyətə malikdir. Burada mən sosial və iqtisadi inkişafın bütün istiqamətlərini özündə ehtiva edən, İordaniya Haşimilər Krallığı ilə Azərbaycan Respublikası arasında uğurla davam edən qardaşlıq münasibətlərini vurğulamaq istəyirəm.

Mənim Bakıya ilk səfərim 1990-ci illərə təsadüf edir. Lakin dünən gördüklərim məni çox heyrətləndirdi. Çünki mən Zati-aliləri Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə qazanılan möhtəşəm tərəqqi və inkişafın şahidi oldum. Müasir dünyamızın mühüm məsələlərini müzakirə etmək üçün çox yaxşı təşkil olunmuş fəal, təşəbbüskar və dinamik Forumun iştirakçılarına qoşulmaq məni məmnun edir.

Sonda mən Zati-aliləri cənab Prezident İlham Əliyevə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə dəstək çərçivəsində atdığı addımlara görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Əmin ola bilərsiniz ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi rifaha, maariflənməyə, qarşılıqlı anlaşmaya, dialoqa və sülhə doğru müsbət meyillərin stimullaşdırılmasında öz rolunu oynamağa davam edəcək. Təşəkkür edirəm.

X X X

İsmail Serageldin: İndi isə böyük məmnuniyyətlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mükafatına layiq görülmüş üçüncü və sonuncu qalibimizi təqdim etmək istəyirəm. Mükafat humanitar və mədəniyyət sahələrində göstərdiyi səylərə görə xanım Marianna Vardinoyannisə təqdim olunur.

X X X

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mükafatı ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti xanım Marianna Vardinoyannisə təqdim edildi.

Mükafata görə minnətdarlığını bildirən xanım Marianna Vardinoyannis dedi:

- Zati-aliləri, cənab Azərbaycan Respublikasının Prezidenti.

Zati-aliləri xanım Mehriban Əliyeva.

Əlahəzrət, Zati-aliləri, xanımlar və cənablar.

Bu xüsusi mükafata layiq görülməyim mənim üçün böyük sevinc və şərəf hissi doğurur. Bu mükafat mənim üçün xüsusilə həm də ona görə dəyərlidir ki, o, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən verilir və Azərbaycanın sosial həmrəylik, beynəlxalq dialoq və humanizm dəyələrinə verdiyi önəmi əks etdirir. Bu mükafat daha yaxşı dünya üçün olan ümidlərin rəmzidir, sülh, dostluq və harmoniya dünyasının qurulması üçün hamımızın işimizi və səylərimizi ithaf etdiyimiz ortaq baxışımızdır. Bu mükafatı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərindən doktor Vayra Vike-Freyberqadan və cənab İsmail Serageldindən almaq şərəfi məni çox təsirləndirir. Onlara fəaliyyətimə qiymət verdikləri, mədəniyyətlər, ənənələr naminə yoldaşlarımla birlikdə işimi davam etdirmək məqsədilə mənə böyük dəstək olduqları üçün ürəkdən dərin təşəkkürümü bildirmək istəyirəm.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü kimi mən Mərkəzin fəaliyyətinə və xalqlar arasında əməkdaşlıq və dostluq körpülərini yaradan təşəbbüslərinə möhtəşəm dəstək göstərdiyi üçün Zati-aliləri, cənab Prezident İlham Əliyevə minnətdaram. Mən ölkələr arasında dostluq və dialoq naminə davamlı səylərinə və baxışlarına, habelə Azərbaycan xalqının həyatına inkişaf və rifah gətirmək məqsədilə gündəlik fəaliyyətinə, eləcə də ölkənin milli lideri olan mərhum atası Heydər Əliyevin irsini davam etdirdiyinə görə ona təşəkkürümü bildirirəm. Mən, həmçinin böyük baxışa sahib olan, mənim UNESCO-da əziz dostum və həmkarım olan Zati-aliləri xanım Mehriban Əliyevaya dərin minnətdarlığımı və hörmətimi bildirmək istəyirəm. Görüşdüyümüz ilk andan bəri o, ELPIDA Assosiasiyasına və onkologiya xəstəxanamıza səfər etməklə təşəbbüslərimizə dəstək vermişdir. Onun yüksək humanistliyi, dərin həssaslığı, qəlbindən qaynaqlanan məhəbbət həqiqətən də bənzərsizdir. UNESCO ilə uzunmüddətli əməkdaşlığımız ərzində mənə onun qətiyyətini görmək şərəfi nəsib olub və onun necə gözəl dost olması mənə çox dərindən təsir edib. Mən çox xoşbəxtəm ki, həyatımda belə bir insana rast gəlmişəm. Biz Bakıdakı Respublika Talassemiya Mərkəzi vasitəsilə xəstəxanaların birləşməsi proqramında iştirak edən ilk ölkələrdən biri olduğumuz üçün çox şadıq.

Hörmətli dostlar, mən bu xüsusi mükafatı həyatımın ən vacib və məndə dərin iz buraxan məqamı hesab edirəm. Hətta bu, məni daha çox ona görə sevindirir ki, mükafat Azərbaycanın gözəl paytaxtı Bakı şəhərində verilir. Mən bu mükafatı xərçəngdən əziyyət çəkən uşaqlara ithaf etmək istəyirəm. İyirmi səkkiz il onlara yaxın olan bir insan kimi, uşaqlar mənim əqlimin və qəlbimin nadir ilham və qətiyyət mənbəyinə çevriliblər. Gəlin, hamımız bütün dünya uşaqları üçün alqışlarımızı əsirgəməyək. Çox sağ olun.

X X X

İsmail Serageldin: Çox sağ olun, əziz dostlar. Zati aliləri, xanımlar və cənablar.

Cənab Prezident, bu açılış sessiyasında iştirakınızla bizə şərəf verdiyinizə görə çox sağ olun.

X X X

Açılış mərasimindən sonra VI Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirib.

Üç gün davam edəcək bu mötəbər tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar.

Forum çərçivəsində martın 18-19-da VII Beynəlxalq Kitab Sammiti təşkil olunacaq. ABŞ Konqres Kitabxanasının və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə keçiriləcək Sammitdə milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzuları müzakirə olunacaq.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10