“Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ

15 mart 2018, 18:58

Azərbaycan Respublikasının

2018-ci il 23 fevral tarixli

Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Təltif edilən şəxslər

“Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan avtomobil yolları infrastrukturunun inkişafında xüsusi xidmətləri olan, yol təsərrüfatı orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, avtomobil yollarının, körpülərin, tunellərin və digər yol qurğularının tikintisində yüksək nəticələr əldə edən işçilər, veteranlar, habelə avtomobil yollarının bərpası və təmiri sahəsində yüksək xidmətləri olan şəxslər təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

“Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanı təltif edir.

Maddə 3. Taxılma qaydası

“Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.