18 iyul 2011, 12:00

Olya İslamovadan, Sumqayıt, Azərbaycan

Çox hörmətli İlham Heydər oğlu!

Respublikamızın ən cavan və gözəl şəhərlərindən biri olan Sumqayıt özünün 62-ci baharını uğurla yaşayır. Son vaxtlarda şəhərimizdə hər sahədə yenidənqurma, abadlıq işləri aparılır, Sumqayıtdakı mühit sağlamlaşır.

Sizin 2011- ci il iyulun 7-də şəhərimizə səfərinizi böyük məmnuniyyət və qürur hissi ilə qarşıladım. Şəhərimizə göstərdiyiniz böyük qayğıya görə Sizə dərin minnətdarlığımı və ehtiramımı bildirirəm.

Sumqayıt şəhərini paytaxtımızın – Bakı şəhərinin standartlarına uyğunlaşdırmaq, dənizkənarı parkı yenidən qurmaq hər sumqayıtlının arzusudur. Bu bizim şəhərimizin gələcəyidir. Sizin tapşırığınızla Sumqayıtın inkişafı üçün böyük layihələrin hazırlanması, bu işlərin aparılması üçün vəsait ayırmağınız və hər bir tapşırığı nəzarətə götürməyiniz şəhərimizə və sumqayıtlılara olan məhəbbətinizdən xəbər verir. Sumqayıtın sənaye potensialına xüsusi diqqət yetirməyiniz, əsas prioritet istiqaməti ekoloji cəhətdən təmiz istehsalata yönəltməyiniz bizi çox sevindirir. Sumqayıt Texnologiyalar Parkı, yeniləşmiş kimya müəssisələri, yeni-yeni sahıbkarlıq subyektləri – bunlar hamısı Sumqayıtın müasir, abad və işgüzar şəhər kimi formalaşmasına şərait yaradan amillərdir. Sizin tapşırığınızla mikrorayonlarda nümunəvi məhəllələrin salınması, burada kiçikdən böyüyə hamı üçün yaradılan şərait bizi ürəkdən sevindirir və bir daha Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu nümayiş etdirir.

Biz sumqayıtlılar hər zaman Sizin gördüyünüz işlərdən fərəh duyuruq və iyulun 7-də Sumqayıta etdiyiniz tarixi səfəriniz bizə çox böyük təsir bağışlamışdır.

Bütün bunlara görə Sizə böyük təşəkkürümüzü bildiririk və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Olya İslamova
Əməkdar mədəniyyət işçisi.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.