Gerb

18 iyul 2011, 16:00
W1siziisijiwmtuvmdyvmtuvmtfncgn2nhllcf82nzg5lmpwzyjdlfsiccisinrodw1iiiwinju0edmynymixv0?sha=b59be1ec00438b05

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İnayatullah Kakarın etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin önündən keçdi. İnayatullah Kakar etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycanla Pakistanın yaxın və dost ölkələr olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin müttəfiqlik səviyyəsində olduğunu dedi. İkitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev bütün beynəlxalq təşkilatlarda ölkələrimizin bir-birini dəstəkləməsinin önəmini vurğuladı. Azərbaycanla Pakistan arasında siyasi əlaqələri daha da möhkəmləndirməyin vacibliyini xatırladan dövlətimizin başçısı iqtisadi əlaqələrin inkişafı üçün də yaxşı potensialın olduğunu bildirdi. Prezident İlham Əliyev İnayatullah Kakarın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrin daha da genişlənəcəyinə əminliyini söylədi və səfirə fəaliyyətində uğurlar arzuladı.

Səfir İnayatullah Kakar Pakistan İslam Respublikası rəhbərliyinin salamlarını Azərbaycan dövlətinin başçısına çatdırdı. O, ikitərəfli əlqələrin səviyyəsinin razılıq doğurduğunu vurğulayaraq, iqtisadi əlaqələrin inkişafı üçün də geniş imkanların olduğunu dedi. Pakistanlı diplomat ölkəmizdəki diplomatik fəaliyyəti dövründə münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı.

Dövlət başçısı Pakistan İslam Respublikası rəhbərliyinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistanın dövlət rəhbərlərinə çatdırmağı xahiş etdi.


Böyük ölçüdə