Gerb

13 sentyabr 2011, 20:00
7580

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur

Məlumat verildi ki, Azərbaycan astronomiya elminin inkişafında əhəmiyyətli rol oynayan Şamaxı Astrofizika Rəsədxanası 1959-cu ildə yaradılmış, 1960-cı ildən fəaliyyətə başlamışdır. Azərbaycanın tanınmış alimləri Həsən Əliyevin və Yusif Məmmədəliyevin təşəbbüsü ilə yaradılan rəsədxana dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşməklə dünyanın bir sıra rəsədxanalarını qabaqlayır. Rəsədxana çətin müşahidə edilən Cənub səmasının öyrənilməsində üstünlüklərə malikdir. Belə ki, burada aydın gecələrin sayı il ərzində 190-200-ə çatır.

Qeyd olundu ki, Azərbaycanda elmin inkişafına böyük diqqət göstərən Azərbaycan Prezidenti İlham Əliyev rəsədxananın yenidən qurulması, burada təmir-bərpa işlərinin aparılması ilə bağlı sərəncam və tapşırıqlar vermişdir. Dövlətimizin başçısının 2008-ci ilin sentyabrında və 2009-cu ilin iyulunda imzaladığı sərəncamlarla rəsədxananın maddi-texniki bazasının gücləndirilməsi və əsaslı təmir-tikinti işlərinin aparılması üçün dövlət büdcəsində Prezidentin Ehtiyat Fondundan 8 milyon manat vəsait ayrılmışdır.

Rəsədxananın inzibati binasında yaradılan şəraitlə tanışlıq zamanı bildirildi ki, əsaslı yenidənqurma nəticəsində əraziyə Qırxbulaq mənbəyindən 6,5 kilometr uzunluğunda yeni su xətti, Çuxuryurd-rəsədxana əsas qaz kəməri çəkilmiş, yerüstü elektrik xətti tam yenilənmişdir. İnzibati binada əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılmışdır.

Bildirildi ki, Şamaxı rəsədxanasının fəaliyyətini daim diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev 1974-cü ildə bu elm ocağına gəlmiş, alimlərlə görüşmüşdür. Bu ənənəni davam etdirən Prezident İlham Əliyev rəsədxananın inkişafına yüksək diqqət və qayğı göstərir.

Diqqətə çatdırıldı ki, rəsədxana AMEA tərəfindən təsdiq olunan elmi proqram əsasında fəaliyyət göstərir. Bu proqram dünya elminin ən qabaqcıl istiqamətləri ilə uzlaşdırılmışdır. Rəsədxananın fəaliyyəti çərçivəsində qalaktikaların, ulduzların, planetar dumanlıqların, günəşin, planetlərin və kometaların müşahidəsi aparılır.

Dövlətimizin başçısı rəsədxananın muzeyi ilə tanış oldu. Muzeydə müxtəlif dövrlərdə həyata keçirilən elmi tədqiqatların nəticələri əks olunmuşdur. Muzeyin ən qiymətli eksponatı 1959-cu il noyabrın 27-də Yardımlı rayonu ərazisinə düşən, tərkibi 92 faiz dəmirdən olan 127 kiloqramlıq meteoritdir. Rəsədxananın akt zalında da elmi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Növbəti mərhələdə rəsədxananın maddi-texniki bazasının möhkəmləndirilməsi və yeni avadanlıqla təminatı məsələsi diqqət mərkəzində olacaqdır.

Dövlət başçısının diqqətinə çatdırıldı ki, burada Günəş fizikası sahəsində tədqiqatlar aparılmış, yüksək elmi nəticələr əldə olunmuşdur. Günəş alışmalarının inkişafı, maqnit sahəsi və Günəş atmosferinin incə quruluşu ilə bağlı aparılan tədqiqatlarla yanaşı, ulduz fizikası sahəsində qeyri-stasionar, dəyişən və qoşa sistem ulduzları, geniş örtüklü ulduzlar, super sıxlıqlı ulduzlar da öyrənilmişdir.

Prezident İlham Əliyev rəsədxana kompleksinin Yusif Məmmədəliyev adına yaşayış qəsəbəsində aparılan tikinti və yenidənqurma işləri ilə də tanış oldu.

Dövlət başçısı əvvəlcə akadmeik Yusif Məmmədəliyevin büstü önünə gül dəstəsi qoydu.

Bildirildi ki, burada rəsədxanada çalışan elmi heyətin və onların ailələrinin yaşaması üçün yüksək infrastruktura malik şərait yaradılmışdır. Əməkdaşlar üçün 72 mənzildən ibarət beşmərtəbəli iki yaşayış binası inşa olunmuşdur. Kompleksə poçt, tibb məntəqəsi, uşaq bağçası kimi sosial təyinatlı obyektlər də daxildir.

Mənzillərdə sakinlərin rahatlığı üçün hər cür şərait yaradılmışdır. Genişliyi və rahatlığı ilə seçilən bu mənzillər rəsədxanada çalışan elm adamlarının fəaliyyətlərini daha da stimullaşdıracaqdır.

Prezident İlham ƏLİYEV rəsədxananın kollektivi ilə görüşərək dedi:

- Mən Sizi ürəkdən salamlayıram. Bu gün çox gözəl gündür. Şamaxı Astrofizika Rəsədxanasında aparılan yenidənqurma işləri demək olar ki, başa çatmaq üzrədir. Şamaxı Astrofizika Rəsədxanasının çox böyük tarixi vardır. Dünya miqyasında, elm aləmində çox böyük nüfuzu vardır. Bu rəsədxananın yenidən qurulması və burada gözəl şəraitin yaradılması məni çox sevindirir. Hələ üç il bundan əvvəl rəsədxananın yenidən qurulması, burada aparılacaq təmir-tikinti işləri ilə əlaqədar Sərəncam imzalamışdım. Sərəncam icra edilir və bu gün həm inzibati binalar gözəl tikilir, demək olar ki, yenidən tikilir. Həm də yaşayış binaları tikilir, alimlər üçün beşmərtəbəli iki bina bu gün istismara verilir. Əvvəlki dövrdə tikilmiş binalar demək olar ki, yararsız vəziyyətə düşmüşdür və yeni binaların, uşaq bağçasının, tibb məntəqəsinin, gözəl ictimai yerlərin tikintisi, görülən bütün bu işlər bir də onu göstərir ki, Azərbaycan güclü dövlətdir. Azərbaycan dövləti elmə və elmi işçilərə həmişə böyük diqqətlə yanaşmışdır.

Əminəm ki, uzun illər, onilliklər bundan sonra bu rəsədxana Azərbaycan xalqına, Azərbaycan elminə xidmət göstərəcəkdir. Mən çox istərdim ki, bu rəsədxana elmi tədqiqat işləri ilə bərabər, eyni zamanda, bir növ turizm obyektinə də çevrilsin. Çünki burada belə gözəl şərait yaradılıb. Həm ölkə vətəndaşları, həm xarici qonaqlar böyük maraqla buraya gələcəklər, tanış olacaqlar, dincələcəklər.

Bütövlükdə bu zonanın turizm imkanları çox genişdir. Biz Azərbaycanın şimal-qərb zonasının turizm imkanlarını böyük dərəcədə inkişaf etdirə bilmişik. Həm Şamaxıda, həm də qonşu rayonlarda gözəl mehmanxanalar tikilir, parklar salınır, istirahət zonaları yaradılır. Bu gün Şamaxıda yenidən olarkən bir neçə obyektin tikintisi ilə maraqlandım və görürəm ki, burada işlər yaxşı gedir.

Vaxtilə tikilmiş Olimpiya İdman Kompleksinin ərazisi iki dəfədən artıq genişləndirilir, yeni idman qurğuları, stadionlar, üzgüçülük hovuzu, məşq zalları tikilir. Azərbaycanın ən qədim məscidi - Şamaxı Cümə məscidində böyük zövqlə, böyük məhəbbətlə təmir-bərpa, yenidənqurma işləri aparılır. Əminəm ki, biz bu məscidi bərpa etdikdən sonra bir daha göstərəcəyik ki, Azərbaycan xalqı və dövləti öz milli və dini ənənələrinə nə qədər bağlıdır. Bu gözəl tarixi və dini abidə bərpa olunandan sonra dünya miqyasında nadir bir memarlıq abidəsi kimi yenidən yaşayacaqdır. Biz yenidən Cümə məscidini yaşadacağıq.

Bu gün buraya gələrkən yolüstü Vergilər Nazirliyinin ən müasir standartlara cavab verən Tədris Mərkəzinin açılışında da iştirak etmişəm. O mərkəz də insanların buraya gəlib işləməsinə kömək göstərəcək, turistlər gələcəkdir.

Bir sözlə, Şamaxıda görülən işlər onu göstərir ki, Azərbaycanın rayonları, bütün bölgələri sürətli inkişaf dövrünü yaşayır. Bir müddət əvvəl müasir Müalicə-Diaqnostika Mərkəzi tikilmişdir və ən gözəl standartlara cavab verir. Əminəm ki, Şamaxı sakinləri o mərkəzdən istifadə edirlər. Çünki orada xidmətlər pulsuz olmalıdır və ən gözəl avadanlıqlar vardır. Mənə verilən məlumata görə, burada digər infrastruktur layihələri icra edilir - qazlaşdırma, içməli su, kanalizasiya xətlərinin çəkilişi. Mən bu gün göstəriş vermişəm ki, əlavə vəsait ayrılsın ki, bu məsələlər də tezliklə öz həllini tapsın. Bütün infrastruktur, içməli su, suvarma, kanalizasiya, qaz təchizatı yüksək səviyyədə qurulmalıdır. Ən uzağı, növbəti iki il ərzində bütün bu məsələləri həll etməliyik. Kənd yollarının tikintisi layihələri də vardır və biz onlarla məşğuluq.

Bir sözlə, Şamaxı rayonu qədim Azərbaycan torpağıdır və Şamaxı çox böyük və qədim tarixə malik olan bir şəhərdir. Qədim tarixi xəritələrdə Şamaxı şəhəri vardır, öz adını saxlayıbdır. Şamaxı şəhərindən çıxmış görkəmli elm, incəsənət, mədəniyyət xadimləri də ölkəmizi dünyada tanıtdırıblar. Keçən dəfə burada Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyası ilə tanış olarkən bir daha gördüm ki, Şamaxı torpağı dünya üçün nə qədər görkəmli şəxsiyyətlər bəxş edibdir. Bu, bizim böyük sərvətimizdir. Şamaxıya xüsusi diqqət göstərilməlidir və göstərilir. Bu rəsədxananın yenidən qurulması, sosial obyektlərin, diaqnostika mərkəzinin, idman kompleksinin, Cümə məscidinin, digər binaların təmiri, infrastruktur layihələrinin icrası ona gətirib çıxaracaq ki, Şamaxı dünya miqyasında ən rahat, abad və gözəl təbiətə malik olan şəhərə çevriləcəkdir. Hər halda, mənim istəyim bundan ibarətdir. Əminəm ki, siz də bu fikirləri bölüşürsünüz.

Son illər ərzində Şamaxıda görülən işlər göz qabağındadır. Ölkəmizin İndiki inkişafı deməyə əsas verir ki, biz gələcəkdə daha da böyük işlər görəcəyik. O ki qaldı Azərbaycan elminin inkişafına, mən tam əminəm ki, bu rəsədxana indi, ən azı, keçmiş MDB məkanında ən gözəl rəsədxanadır. Tam əminliklə deyirəm və siz də bunu təsdiq edə bilərsiniz.

Bütövlükdə Azərbaycan elminə çox böyük diqqət göstərilir. Bir müddət bundan əvvəl Akademiya işçilərinin vəzifə maaşları qaldırılmışdır. Akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi üçün işlər gedir, elmi-tədqiqat institutları təmir edilir, yeni avadanlıqlar alınır. Biz bu sahəyə də çox böyük diqqət göstərməliyik. Çünki hər bir ölkənin gələcəyini şərtləndirən amillərdən bəlkə də birincisi elmi potensialdır, təhsildir, bilikdir. Bu gözəl rəsədxana, gözəl memarlıq abidəsi, elmi mərkəz və turizm mərkəzi Şamaxıya, əlbəttə ki, əlavə yaraşıq verir. Mən sizin hamınızı ürəkdən salamlayıram. Bilirsiniz ki, mən dəfələrlə, Şamaxıda olmuşam. Prezidentlik dövrümdə də dəfələrlə olmuşam, ondan əvvəlki dövrdə də. Bundan sonra da olacağam. Çünki burada hələ açılışlar çox olacaqdır. Sizə cansağlığı, uğurlar arzulayıram.

X X X

Rəsədxana direktorunun elmi işlər üzrə müavini Xıdır MİKAYILOV kollektiv adından Prezident İlham Əliyevə minnətdarlıq edərək dedi:

-İcazə verin, cənab Prezident, Sizi, özünüzün dediyiniz kimi, qədim Şamaxı torpağında alimlərimiz və ümumiyyətlə rayon ictimaiyyəti adından salamlayaq və Sizə “xoş gəldiniz” deyək.

Siz bu gün bizimlə görüşə gəldiyinizə görə sizə çox minnətdarıq. Həm də bu, elə bir görüşdür ki, Şamaxıda bu cür elm mərkəzinin yenidən qurulması proqramı üzrə bəzi obyektlərin açılışına gəlmisiniz. Biz Sizə ürəkdən təşəkkür edirik.

Sizin diqqət və qayğınız nəticəsində Şamaxı Astrofizika Rəsədxanasına kifayət qədər vəsait ayrılmışdır və burada çox qısa zamanda quruculuq işlərinə başlanılmışdır. Özünüzün dediyiniz kimi, inzibati bina tamamilə yenidən qurulmuşdur, kommunikasiya xətləri təzələnmişdir, abadlıq işləri aparılmışdır, su xətti dəyişdirilmişdir, qaz xətti çəkilmişdir. Alimlərimizin mənzil şəraitini yaxşılaşdırmaq üçün iki möhtəşəm, - özünüz də gördünüz o binaları, - doğrudan da çox gözəl binalar tikilmişdir. Bu möhtəşəm binaları bizə Siz hədiyyə etmisiniz. Çox sağ olun. Burada bütün infrastruktur tamamilə yenilənmişdir, təzələnmişdir.

Prezident İlham ƏLİYEV: Burada şərait beşulduzlu hotelin səviyyəsindədir.

Xıdır MİKAYILOV: Bizə nə qalır?! Bizə o qalır ki, yaxşı işləyək. Bizə bu cür şərait yaratmısınız. Biz də indi Sizə söz veririk ki, bu qayğını elmi nailiyyətlərimizlə doğruldacağıq. Sevincimizin doğrudan da həddi-hüdudu yoxdur. Biz Sizə çox təşəkkür edirik. Heç ağlımıza da gəlməzdi ki, rəsədxana bu cür möhtəşəm bir vəziyyətə gətirilə bilər. Bu, Sizin diqqət və qayğınızın nəticəsidir. Burada aparılan işlər respublika hüdudlarından kənara çıxıbdır. Biz Türkiyədə də, regionun digər bölgələrində də olmuşuq. Bu quruculuq işləri orada şərəfgətirici nümunə kimi göstərilir.

Ulu öndərimiz dəfələrlə rəsədxanamızda olmuşdur. Bu gün rəsədxanada işləyən alimlərimizin əksəriyyəti onun göstərişi ilə Bakı Dövlət Universitetində yaradılmış astrofizika kafedrasının məzunlarıdırlar. Eyni zamanda, o vaxt alimlərimizin mənzil şəraitinin yaxşılaşdırılması üçün beşmərtəbəli bina tikilmişdi. Biz həddən artıq çox sevinirik ki, Siz ulu öndərimizin layiqli davamçısı kimi, elmə bu cür yüksək qiymət verirsiniz. Bunlar hamısı göz qabağındadır. Ataların bir məsəli vardır: “Görünən dağa nə bələdçi”. Yəni, görülən işlər göz qabağındadır. Biz artıq respublikamızda bu cür dəyişiklikləri tez-tez görməyə adət etmişik.

Biz Sizə alimlərimiz, ümumiyyətlə, rayon ictimaiyyəti adından bir daha təşəkkür edirik. Biz çox istərdik ki, Siz bizim teleskoplarda müşahidələrdə də iştirak edəsiniz.

Prezident İlham ƏLİYEV: Edəcəyəm. Çox sağ olun.

Xıdır MİKAYILOV: Bir daha Sizi Şamaxı Astrofizika Rəsədxanasında görməkdən məmnun olarıq.

Prezident İlham ƏLİYEV: Sağ olun, əlbəttə, bir daha gələcəyəm. Rəsədxananın gələcək inkişafı ilə bağlı bəzi fikirlər vardır. Biz sonra müzakirə edəcəyik və buraya ən qabaqcıl texnologiyalar, avadanlıqlar gətirilməlidir və gətiriləcəkdir.


Xıdır MİKAYILOV: Allah Sizə cansağlığı versin, Tanrı Sizi qorusun.
Rəsədxananın ƏMƏKDAŞI: Salam, cənab Prezident. Ulu Tanrı çətin, şərəfli, nəcib və çox məsuliyyətli işinizdə Sizə kömək olsun.

Prezident İlham Əliyev bir daha Şamaxı Astrofizika Rəsədxanasının kollektivini təbrik etdi, onlara fəaliyyətlərində uğurlar arzuladı.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Loader

Böyük ölçüdə



Böyük ölçüdə

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
167 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR