21 sentyabr 2011, 14:20

Adilə Namazovadan, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident!

Mənim xidmətlərimə, fəaliyyətimə verdiyiniz qiymətə - ölkəmizin yüksək “Şərəf” ordeni ilə təltif etdiyinizə görə, şəxsən Sizə, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm. Hər ikinizə cansağlığı, mənim kimi sağlam, uzun ömürlü olmağınızı arzulayıram. Ölkəmizin sürətli inkişafı, xalqımızın rifahının yaxşılaşması naminə yorulmadan çalışdığınız işlərdə Sizə böyük-böyük müvəffəqiyyətlər arzulayıram.

Bütün planlarınızı, arzularınızı həyata keçirməkdə uca Allah Sizə kömək olsun!

Cənab Prezident! Bu təltiflə Siz bir daha sübut etdiniz ki, elm adamlarına, təbabətə, təhsilə böyük qayğı göstərirsiniz, onların əməyini yüksək qiymətləndirirsiniz. Sizin təltifiniz alimləri, tibb və təhsil işçilərini daha da ruhlandırdı. 

Ulu öndərimiz Heydər Əliyev də həmişə alimləri, həkimləri, xüsusilə uşaq həkimlərini böyük məhəbbətlə sevirdi, onların fəaliyyətini yüksək qiymətləndirirdi. Onun siması, qaməti daim gözümün qarşısında, səsi, sözləri qulağımda, məhəbbəti ürəyimdədir.

Cənab Prezident, Siz təltifinizlə Azərbaycan Pediatrlar Assosiasiyasının 2000-dən çox pediatrını, onların sağlamlığı keşiyində durduqları 4 milyondan çox uşaqları və valideynlərini də sevindirdiniz.

İltifatınız yüksək olsun!

Ana sevgisi həyatda ən ülvi məhəbbətdir. Ana məhəbbəti ilə Sizi bağrıma basıb bərk-bərk öpürəm.

Ulu Tanrı Sizi qorusun!

Namazova Adilə xanım.
Azərbaycan Respublikası, Bakı şəhəri.