İlham Əliyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 14-cü iclasının iştirakçılarını qəbul etmişdir

06 oktyabr 2011, 18:00
İlham Əliyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 14-cü iclasının iştirakçılarını qəbul etmişdir

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 14-cü iclasının iştirakçılarını qəbul etmişdir.

Dövlət başçısı İlham Əliyev dedi:

-Mən sizi Azərbaycanda salamlayıram, xoş gəlmisiniz. Çox şadam ki, ölkəmizdə toplaşmısınız. Bilirəm ki, bu cür görüşlər müntəzəm keçirilir. Mən çox şadam ki, bildiyimə görə, dost dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərləri arasında yaxşı qarşılıqlı anlaşma vardır, səylərin əlaqələndirilməsi mövcuddur və bu, çox vacibdir. Müasir dünyada informasiya mübadiləsi, təhlükələrin aradan qaldırılması üzrə əlaqələndirmə və birgə tədbirlər müstəsna əhəmiyyətə malikdir. Hər bir ölkənin təhlükəsizliyi dövlət üçün böyük əhəmiyyət kəsb edir. Təbii ki, təhlükəsizliyi daha uğurla təmin etmək yalnız birgə səylərlə mümkündür.

Prezident İlham Əliyev dost ölkələrin xüsusi xidmət orqanları arasındakı qarşılıqlı fəaliyyətin gələcək təhlükələrə qarşı birgə mübarizədə uğurlu olacağına əminliyini bildirdi. Dövlətimizin başçısı müasir dünyada terror təhlükələrinə qarşı birgə mübarizənin xüsusi önəm daşıdığını vurğuladı. Prezident İlham Əliyev əlaqələndirmə, informasiya mübadiləsi, qarşılıqlı yardım və dəstəyin xüsusi xidmət orqanları qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsi üçün əsas şərtlərdən olduğunu qeyd etdi.

Azərbaycan Prezidenti dedi:

- Əminəm ki, Bakıda keçirilən görüş sizin əlaqələrinizi daha da möhkəmləndirəcəkdir. Bu, bizim regionda sülhün möhkəmləndirilməsinə, vətəndaşlarımızın təhlükəsizliyinə, ölkələrimizin sabit inkişafına xidmət edəcəkdir. Sizə uğurlar, yaxşı iş və yaxşı nəticələr arzulayıram.

Türkiyə Cümhuriyyəti Milli İstihbarat Təşkilatının müstəşarı Hakan Fidan bu tədbirin yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan tərəfinə minnətdarlıq etdi. Bildirdi ki, bölgədə mövcud olan təhlükələrin birgə əməkdaşlıq şəraitində aradan qaldırılmasında xüsusi xidmət orqanlarının əməkdaşlığı faydalıdır və əlaqələr gücləndikcə bu təhlükələr də zəifləyir. Hakan Fidan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçına çatdırdı.

Prezident İlham Əliyev onun da salamlarını Türkiyə hökumətinin başçısına çatdırmağı qonaqdan xahiş etdi.

Azərbaycan tərəfinə gözəl qonaqpərvərliyə və bu tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkür edən Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Nurtay Abıkayev bildirdi ki, bütün səylər regionda mövcud olan təhlükələrin aradan qaldırılması üçün qarşılıqlı fəaliyyətə yönəlib. Bir neçə il bundan əvvəl Bakıda olduğunu, ötən müddətdə paytaxtımızda böyük inkişafın yaşandığını, budəfəki səfəri zamanı bütün bunların şahidi olduğunu deyən Nurtay Abıkayev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Dövlət başçısı Nursultan Nazarbayevin salamlarına görə təşəkkürünü bildirdi, onun da salamlarını Qazaxıstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyev bir daha ölkələrimizin xüsusi xidmət orqanları arasında səmərəli əməkdaşlığa toxundu. Dövlətimizin başçısı mövcud əlaqələrin daha da möhkəmləndirilməsi üçün bütün səylərin səfərbər olunmasının vacibliyini diqqətə çatdırdı. Prezident İlham Əliyev bu məsələdə qarşılıqlı fəaliyyətin önəmini vurğuladı və regiondakı təhlükələrə qarşı birgə mübarizənin əhəmiyyətinə toxundu. Azərbaycan Prezidenti bir daha Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının Bakıda keçirilən 14-cü iclasının işinə uğurlar arzuladı.

gallery-photogallery-photogallery-photo