14 oktyabr 2011, 17:00

Professor Ziyad Abbasov və başqalarından, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident,

Dahi Heydər Əliyevin şah əsəri olan Müstəqil Azərbaycan Respublikasında son illər Sizin rəhbərliyiniz və gündəlik nəzarətiniz altında aparılan möhtəşəm quruculuq, abadlıq-tikinti işləri, ələlxüsus dünya azərbaycanlılarının döyünən ürəyi olan doğma Bakı şəhərinin günü-gündən gözəlləşməsi və Avropa şəhərləri ilə rəqabətə girə bilən Açıq muzeyə çevrilməsi hər bir vətənpərvər ziyalını ürəkdən sevindirir.

Respublikamızın bütün regionlarında aparılan tikinti-quruculuq işləri bu gün Gəncə şəhərində də böyük vüsət almışdır. Şəhərin elə bir küçəsi, elə bir məhəlləsi yoxdur ki, orada tikinti, təmir və abadlıq işləri getməsin.

Böyük Azərbaycan şairi, dünya şöhrətli dahi Nizami Gəncəvinin öz doğma vətənində, onun adına layiq görülən möhtəşəm tikinti-abadlıq işlərinə görə cənab Prezident ilk növbədə Sizə öz dərin minnətdarlığımızı bildiririk.

Sizin tapşırığınızla qədim Gəncədə Nizami Gəncəvi Mərkəzinin yaradılmasını Gəncə şəhər sakinləri böyük ruh yüksəkliyi ilə qarşıladılar.

Bu gün şeyx Nizaminin məqbərəsi və onun ətraf ərasizi də əsaslı yenidən qurulur. Şəhərimizin yeni Heydər Əliyev prospektində və Cavad xan küçəsində əsaslı yenidənqurma işləri aparılır. Artıq Heydər Əliyev parkında “Heydər Əliyev Mərkəzi”nin tikintisinə başlanılmışdır. Şəhərin perspektiv inkişaf proqramına və gözəlliyinə xələl gətirən tikililər sökülür, yeni müasir obyektlərlə əvəz edilir.

Bütün bu görülən işlərə və aparılan irimiqyaslı tədbirlərə görə möhtərəm cənab Prezident Gəncə ziyalıları adından Sizə öz dərin minnətdarlığımızı bildiririk və Sizi əmin edirik ki, Gəncə ziyalıları əsl ziyalı mövqeyi nümayiş etdirərək cəmiyyətin aparıcı fəal qüvvəsi kimi Sizin ətrafınızda sədaqətlə doğma Azərbaycanın çiçəklənməsi naminə çalışacaqdır.

Hörmətlə,

Professor Ziyad Abbasov
Professor Ələddin Əsgərov
Professor Nurəddin Məmmədov
Professor Abbas Səmədov
Professor Qənbər Abdullayev

Gəncə şəhəri, 12 oktyabr 2011-ci il.