20 oktyabr 2011, 15:00

Qənbər Qurbanovdan, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, təqaüdçü

Möhtərəm Prezident,

Dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə qovuşduq. Sizin 2011-ci il 18 oktyabr tarixli Sərəncamınızla öz ömrünü respublikamızın tərəqqisinə həsr etmiş insanlarla birlikdə mənim də “Tərəqqi” medalı ilə təltif olunmağım tək məni deyil, bütün ailəmizi, aşıq Şəmşir nəslini və bütün kəlbəcərliləri ürəkdən sevindirdi, qəlbimizi fərəh hissi ilə doldurdu.

Bir daha müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu öndər Heydər Əliyevin şah əsəri olan bir ölkədə yaşamağımla qürur duydum.

Ulu öndərin qurduğu Azərbaycan dövləti Sizin rəhbərliyiniz altında daha da güclənmiş, hər bir sahədə çox böyük uğurlar qazanmışdır. Xüsusilə son 7 ildə ölkəmizin hər yerində geniş abadlıq və quruculuq işləri görülmüş, Azərbaycanımızın kənd və qəsəbələri daha gözəl olmuşdur. Artıq hamı görür və etiraf edir ki, Azərbaycan regionun ən qüdrətli dövlətinə çevrilmişdir.

Biz fəxr edirik ki, bütün xarici təzyiqlərə baxmayaraq Azərbaycan dövləti sözün həqiqi mənasında müstəqildir və müstəqil siyasət yeridir. Hər bir azərbaycanlı kimi Sizinlə qürur duyuram. Sizin ardıcıl olaraq gördüyünüz işlər sayəsində bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Artıq onun güclü iqtisadiyyatı, güclü ordusu, yüksək mədəniyyəti və müasir dünya ilə ayaqlaşa bilən vətənpərvər xalqı vardır. Biz ürəkdən inanırıq ki, bu güclə, bu qüdrətlə Azərbaycanın ərazi bütövlüyü də tezliklə bərpa olunacaq, xalqımızın Şuşa, Kəlbəcər, bütövlükdə Qarabağ həsrətinə son qoyulacaqdır.

Möhtərəm cənab Prezident, mənim əməyimə, zəhmətimə verdiyiniz yüksək qiymətə görə ürəkdən minnətdarlığımı bildirir və Sizə təşəkkür edirəm.

Əmin ola bilərsiniz ki, yaşımın bu çağında da yenə Ulu öndər Heydər Əliyevin ölməz ideyalarının, Sizin həyata keçirdiyiniz siyasətin təbliğinə, gənc nəslin dövlətçiliyimizə sədaqət ruhunda tərbiyə olunmasına var qüvvəmlə çalışır və bundan sonra da çalışacağam.

Çox hörmətli Prezident, bir el ağsaqqalı kimi bütün kəlbəcərlilər adından Sizə uzun ömür, möhkəm cansağlığı, müstəqilliyimizin əbədi olması naminə gördüyünüz işlərinizdə yeni-yeni uğurlar arzulayıram.

Ulu Tanrı daim yardımçınız olsun və Sizi qorusun!

Hörmət və ehtiramla,

Qənbər Qurbanov

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı
İctimai Birliyinin sədri, təqaüdçü