İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı olmuşdur

25 oktyabr 2011, 22:10
İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı olmuşdur

Sənədlərin imzalanması mərasimi başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı olmuşdur.

Baş nazir Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev mətbuata bəyanatlarla çıxış etmişlər.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın bəyanatı

- Hörmətli Prezident İlham Əliyev!

Dəyərli mətbuat nümayəndələri!

Xanımlar və cənablar!

Sizləri ən dərin hisslərimlə salamlayıram.

Çıxışımın əvvəlində Van vilayətində baş vermiş zəlzələ ilə bağlı 145 nəfərlik xilasetmə dəstəsi ilə burada yardım edən həm heyətin bütün üzvlərinə, bununla bağlı göstəriş verən dəyərli qardaşım İlham Əliyevə öz adımdan və millətim adından ürəkdən təşəkkür edirəm. Hamımızın kədərinə səbəb olduğu, dərdlərimizin artdığı belə bir həssas vaxtda Azərbaycan tərəfinin uzatdığı dostluq əli, göstərilən qardaşlıq yardımı əziz millətimiz tərəfindən hər zaman minnətdarlıqla xatırlanacaqdır. Xüsusilə son bir həftədə millətimizi dərindən ağrıdan hadisələr yaşadıq. Bilirik ki, Azərbaycan xalqı türk xalqının yaşadığı bu kədəri paylaşır, bizlər kimi, onlar da bu dərdləri ürəklərində hiss edirlər.

Dəyərli dostlar, bu gün hörmətli Prezident, qardaşım İlham Əliyev ilə görüşümüzdə Türkiyə-Azərbaycan əlaqələrini, regional məsələləri müzakirə etdik. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması bizdə dərin iftixar hissi doğurmuşdur. Biz bunları da aramızda müzakirə etdik.

Bu gün Əliağa qəsəbəsində həqiqətən mühüm tədbirlərin birlikdə şahidi olduq. Həm açılış mərasimi, həm də Türkiyənin 2015-ci ilə qədər ən yüksək texnologiyalar əsasında qurulacaq bu mühüm kompleksinin inşaatında 10 min nəfər işlə təmin olunacaqdır. Ondan sonra isə burada 1000 nəfər daimi işlə təmin olunacaqdır. Beş milyard dollarlıq layihədir. İnanıram ki, belə bir investisiyanın İzmirə, Türkiyəyə qoyulması həm Türkiyə, həm də Azərbaycan iqtisadiyyatına - hər iki tərəfə çox böyük fayda verəcəkdir.

Sonra nazirliklərimizin gördükləri işlərlə bağlı hökumət üzvlərinin iştirakı ilə toplantı keçirdik.

Prezident İlham Əliyev, mən və nazirlərimiz gördüyümüz və görəcəyimiz işləri müzakirə etdik. Gələcəyə istiqamətlənmiş bütün vacib addımlarımız nazirlərimiz tərəfindən bir az əvvəl imzalanmış müqavilələrdə də öz əksini tapmışdır. Bu müqavilələrin, bu sənədlərin hər iki ölkə üçün xeyirli olmasını xüsusilə arzu edirəm. Təbii ki, bunlardan başqa, Türkiyə ilə Azərbaycan arasında Bakı-Tbilisi-Ceyhan çox vacib bir bağlantı idi. Bunun ardınca “Şahdəniz” layihəsi çox vacib bir addımdır. Dəmir İpək Yolu adlandırdığımız tarixi ipək yolu ilə bağlı sərmayənin qoyulması və bütün bunlarla bərabər Naxçıvanla Qarsı, İğdırı birləşdirən avtomobil yolları aramızdakı könül bağlantılarından başqa, eyni zamanda, fiziki olaraq bu imkanları da yaradır. Hava yolu ilə daşımada çox fərqli bir mərhələyə qədəm qoyuruq. Çox müxtəlif vilayətlərimizin Azərbaycan ilə hava nəqliyyatını inkişaf etdiririk. Bu addımları da atmış olduq. Bunlar da bizim üçün aramızdakı əlaqənin, qardaşlıq əlaqəsinin inkişafı baxımından çox vacibdir. Bunu da xüsusi ifadə etmək istəyirəm.

Azərbaycan 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd etdiyimiz Azərbaycanın bu bayramını ilk təbrik edən bir ölkə olaraq Türkiyə bundan böyük məmnunluq keçirir.

Arzum budur ki, daha bir neçə 20 illəri daha təntənəli şəkildə qeyd etməyi rəbbim bizlərə nəsib etsin. Azərbaycan xalqının bu müstəqilliyinin əbədi olmasını arzu edirik. Çünki həqiqətən də dəyişən, yeniləşən Azərbaycan vardır. Azərbaycana hər səfərimizdə daha fərqli, dəyişilmiş bir Azərbaycanı görürəm. Bu da təbii, Azərbaycanın hazırda modern ölkələr arasında sürətlə inkişaf etdiyini, bu 20 il ərzində qazanılmış böyük uğurların bariz nümunəsidir. Bu, həm azərbaycanlı qardaşlarımıza, həm də bizlərə ayrı bir qürur verir. Bu, başda mərhum Heydər Əliyev olmaqla, Prezident İlham Əliyevin və hökumətinin uğurlu siyasətinin sübutudur. Qardaşım İlham Əliyevi bu xüsusda ayrıca təbrik edirik.

Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk toplantısını bu gün başa çatdırdıq. Bundan sonra bu toplantı Azərbaycanda keçiriləcəkdir. Amma bütün bunlarla bərabər, həsrətlə gözlədiyimiz məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasıdır. Bu münaqişənin həll olunması inanıram ki, bölgədə daha fərqli inkişafa imkan yaradacaqdır. Bu, sadəcə Azərbaycanın deyil, Türkiyə və bütün türk dünyasının ortaq sıxıntısı, ağrısıdır.

Mən hörmətli dövlət başçısına, bütün nümayəndə heyətinə, bugünkü görüşümüzdə əməyi olan dostlarımıza xüsusi təşəkkür edirəm. İkinci toplantını və vətəndaş cəmiyyəti forumunu gələn il, inşallah, Azərbaycanda keçirəcəyik. Azərbaycandakı toplantının gündəliyi inanıram ki, daha zəngin olacaq, fərqli bir təcrübəyə əsaslanacaqdır. Bu inamla Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısının xeyirli olmasını arzu edirəm və sözü hörmətli Prezident İlham Əliyevə verirəm.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Sağ olun, əziz qardaşım!

Hörmətli xanımlar və cənablar!

İlk növbədə iki gün əvvəl Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində insan itkisi ilə əlaqədar Azərbaycan xalqı adından bütün türk xalqına başsağlığı vermək istəyirəm. Biz sizin dərdinizə şərikik. Hər zaman olduğu kimi, bu ağır gündə də Azərbaycan Türkiyənin yanındadır. Zəlzələ nəticəsində həyatını itirmiş insanlara Allahdan rəhmət diləyirik, yaralananlara şəfa diləyirik. Rəhmətə gedənlərin, yaralananların yaxınlarına səbir diləyirik.

Bu gün Türkiyə-Azərbaycan əlaqələrinin tarixində unudulmaz bir gündür. İlk növbədə ona görə ki, bu gün biz Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının birinci toplantısını keçirdik. Bu toplantını Türkiyənin gözəl guşələrindən biri olan İzmir şəhərində keçirdik. Mən çox şadam ki, İzmirə də səfər etmək imkanım olmuşdur. Əvvəlki dövrdə Türkiyənin müxtəlif bölgələrində, müxtəlif şəhərlərində olmuşam, bu gün isə İzmirdəyəm. Mən deyə bilərəm ki, Türkiyənin hər bir yerində özümü doğma vətənimdəki kimi hiss edirəm. Əminəm ki, türk qardaşlarımız da Azərbaycana səfər etdikdə də özlərini evdəki kimi hiss edirlər.

Hörmətli qardaşım Baş nazir qeyd etdi ki, bu gün doğrudan da Türkiyə-Azərbaycan əlaqələrində çox vacib bir gündür. Birgə yaşadığımız bu günlər Azərbaycan müstəqilliyinin 20-ci ildönümünə təsadüf edir. Bu 20 illik müstəqillik, eyni zamanda, 20 illik Türkiyə-Azərbaycan qardaşlığı illəri olmuşdur. Bizi ilk müstəqil dövlət kimi tanıyan Türkiyə olmuşdur. İlk dövrdə bizim ən ağır, ən çətin illərimizdə Türkiyə yanımızda olmuşdur, bu gün də bu, belədir. Bu dostluq, qardaşlıq bundan sonra da əbədi yaşayacaqdır. Xalqlarımızı birləşdirən ortaq tarix, ortaq mədəniyyətdir. Bunlar çox güclü əsaslardır. Ölkələrimizi birləşdirən insanların bir-birinə olan məhəbbətidir, qəlbindəki sevgidir. Bizi birləşdirən strateji müttəfiqliyimizdir.

İyirmi il ərzində Türkiyə və Azərbaycan dünya miqyasında nadir müttəfiqlik münasibətlərini qura bilmişlər. Biz bütün sahələrdə dost, qardaş kimi bərabər hərəkət edirik. Bu gün biz bu müttəfiqliyi artıq yeni formatda formalaşdırdıq. Strateji Əməkdaşlıq Şurasının iclası və iclasın nəticələri onu göstərir ki, bundan sonra da onilliklər ərzində Türkiyə və Azərbaycan daim bir yerdə olacaqlar.

Bu gün imzalanmış sənədlər və əldə edilmiş razılaşmalar bundan sonrakı dövr üçün bir tövsiyədir. Bu sənədlərin icrası nəticəsində ölkələrimiz daha da sıx birləşəcək, siyasi, iqtisadi və bütün başqa sahələrdə əməkdaşlıq daha da dərinləşəcəkdir. Biz siyasi sahədə bütün məsələləri bərabər müzakirə edirik və beynəlxalq məsələlərlə bağlı mövqeyimiz daim üst-üstə düşür. Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli və qardaşlıq mövqeyinə görə bir daha bütün türk xalqına başda əziz qardaşım Baş nazir Tayyib Ərdoğan olmaqla minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan xalqı bu qardaşlıq münasibətini yüksək qiymətləndirir və haqlı işimizdə Türkiyənin dəstəyi bizim üçün çox önəmlidir. Azərbaycan da bütün məsələlərdə daim Türkiyənin yanında olmuşdur. Xüsusilə Türkiyə üçün çox ağır olan terrorizm probleminin həllində də Azərbaycan daim Türkiyənin yanındadır. Terrora, terroristlərə qarşı haqlı mübarizədə Azərbaycan hər zaman Türkiyənin yanındadır, Türkiyənin bütün hərəkətlərini dəstəkləyir və müdafiə edir. Bu, belə də olmalıdır, çünki biz qardaşıq. Eyni zamanda, biz haqq-ədalətin tərəfindəyik. Biz istəyirik ki, bütün bölgədə sülh, əmin-amanlıq, təhlükəsizlik olsun, insanlar mehribanlıq şəraitində yaşasınlar. Bizim niyyətimiz bundan ibarətdir və addımlarımız bu siyasəti gücləndirir.

Bu gün Azərbaycanın tarixində ən böyük sərmayə qoyuluşu layihəsi “Petkim” layihəsidir. İyirmi il ərzində bu günə qədər bu dərəcədə önəmli və böyük maliyyə mənbəyi tələb edən layihə Azərbaycan tərəfindən həyata keçirilməmişdir. Bu layihə Türkiyədə həyata keçirilir, çünki bu, bizim doğma vətənimizdir. Türkiyədə həyata keçirilən bu layihə Azərbaycanı, Türkiyəni gücləndirəcək, bölgədəki, dünyadakı mövqelərimizi gücləndirəcəkdir.

Eyni zamanda, qeyd etməliyəm ki, Türkiyənin son illər ərzində əldə etdiyi uğurlar bizi çox sevindirir. Türkiyə bu gün dünya çapında güc mərkəzidir, güclü dövlətdir. Türkiyənin çox güclü iqtidarı vardır. Qardaşım Tayyib Ərdoğanın rəhbərliyi altında 10 il ərzində Türkiyə böyük, uğurlu bir yol keçmişdir. Bu gün dünyada yaşanan böhranlara baxmayaraq, Türkiyə iqtisadiyyatı uğurla inkişaf edir. Burada gördüklərim nailiyyətlər məni çox sevindirir. Aramızda əlaqələr çoxşaxəlidir. Bu gün bu əlaqələrin bir hissəsi müzakirə edildi. Şuranın iclasında enerji, nəqliyyat, iqtisadiyyat və humanitar məsələlər müzakirə edildi. Bu, birinci iclasdır və bundan sonra belə toplantılar mütəmadi qaydada keçiriləcək - ildə ən azı bir dəfə. Növbəti toplantı Azərbaycanda keçiriləcəkdir. Biz çalışmalıyıq ki, növbəti toplantılarda daha da geniş əməkdaşlıq formatını təşkil edək. Mən çox şadam ki, bizim nümayəndə heyətlərinin üzvləri də, hörmətli nazirlər də bir-biri ilə səmərəli əlaqələr qura bilmişlər. Bu bizə imkan verəcək ki, bu gün əldə edilmiş razılaşmalar uğurla icra edilsin.

Enerji məsələlərinə gəldikdə, bu gün enerji və qaz sahəsində imzalanmış sənədlər bizim üçün yeni imkanlar, yeni üfüqlər açır, uzunmüddətli uğurlu əməkdaşlığımız üçün şərait yaradır. Əminəm ki, bu əməkdaşlıqdan həm xalqlarımız, həm də bizim üçün dost olan ölkələr faydalanacaqlar.

Mən bir daha mənə və mənimlə bərabər Türkiyəyə gəlmiş nümayəndə heyətinin üzvlərinə göstərilmiş qonaqpərvərliyə və məhəbbətə görə əziz qardaşım Baş nazirə minnətdarlığımı bildirmək istəyirəm. Bir daha demək istəyirəm ki, biz Azərbaycanda Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına müstəsna əhəmiyyət veririk. Bu əlaqələr güclənir, güclənməlidir. Qarşımızda böyük yol vardır. Biz artıq 20 il ərzində əsl müttəfiqlər kimi işləmişik. Bundan sonra da onilliklər ərzində Türkiyə-Azərbaycan iki qardaş xalq, iki qardaş ölkə kimi ancaq və ancaq irəliyə gedəcəkdir. Sağ olun.

X X X

Sonra jurnalistlərin sualları cavablandırıldı.

Elvin Mövsümov (Azərbaycan Dövlət Teleqraf Agentliyi – AzərTAc): Sualım, hörmətli Baş nazir, Sizədir. Azərbaycan ilə Türkiyə arasında qeyri-energetika sahəsində əməkdaşlığın, qarşılıqlı investisiyaların konkret gələcəyi ilə bağlı nə söyləyə bilərsiniz?

Baş nazir Rəcəb Tayyib ƏRDOĞAN: Çox təşəkkür edirəm. Təbii ki, enerjidən başqa bizim hazırda istər hərbi sahədə, istərsə də ticarət sahəsində, xüsusilə turizm sahəsində - bir çox münasibətimiz vardır. Bu, 2008-ci ilin sonunda təxminən 2,5 milyard dollar həcmində idi. Bu, təbii ki, bütöv bir ilin göstəricisidir. Bu ilin 10 ayı ərzində isə həmin rəqəm 2,4 milyard dollara çatıb. Bir arada qlobal iqtisadi böhran səbəbindən dövriyyənin aşağı düşməsi bizə bir az təsir göstərmişdi. Amma yenidən dirçəldi və hazırda görünən odur ki, bu ilin sonunda 2008-ci ilin nəticəsini keçəcəkdir.

Təbii ki, hədəfimiz bundan daha çox irəli getməkdir. Bunu hələ enerji sahəsində, müdafiə sənayesi istiqamətində atacağımız addımları nəzərə alsaq, - bir az əvvəl çıxışımızda, hərçənd ki, üç rəqəmi ifadə edildi, - mən bu rəqəmin də iki ölkəmizin hazırkı potensialını əks etdirmədiyinə inanıram. Bu potensialdan daha çox üstün olduğumuza inanıram. Düşünürəm ki, bunu 2012-ci ildə həyata keçirəcəyik. Əl-ələ verməklə bunu daha fərqli bir zəminə gətirəcəyik. Bu gün atdığımız addımlar sərmayələr ilə birlikdə çox ciddi bir sıçrayış gətirəcəkdir.

Nəcəf Həsənov (Xəzər Televiziyası): Əvvəlcə soruşmaq istərdim ki, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında müzakirə edilən məsələlər və ya qəbul edilən qərarlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi töhfələr verəcək? Digər sualım isə, həm Azərbaycanı, həm Türkiyəni yaxından maraqlandıran bir məsələ - “Nabukko” layihəsi ilə bağlıdır. Avropa İttifaqı layihəni həyata keçirmək istəyir, amma bəzi ölkələr “öncə Xəzər dənizinin statusu olsun, sonra “Nabukko” layihəsinə baxılsın” deyir. Bu məsələyə sizin münasibətinizi bilmək istərdim. Təşəkkür edirəm.

Prezident İlham ƏLİYEV: Bu gün gündəlikdə dayanan məsələlər kifayət qədər çoxdur. Əfsuslar olsun ki, vaxt imkan vermədi bütün məsələlər müzakirə edilsin. Ancaq əgər müzakirə edilmiş məsələləri sadalasam görərsiniz ki, kifayət qədər geniş gündəliyimiz vardır. Bu gün biz siyasi əlaqələrimizi müzakirə etdik, beynəlxalq məsələlərə münasibətimizi bildirdik və bir daha vurğuladıq ki, Türkiyə ilə Azərbaycan beynəlxalq məsələlərdə də vahid mövqedən çıxış etməlidir və edirlər. Bu gün hərbi sahədə əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılmışdır. Hərbi sənaye kompleksinin inkişafı üçün birgə təşəbbüslərin irəli sürülməsi nəticəsində yeni bir vəziyyət yaranmaqdadır. Bu sahədə əməkdaşlığımız həm ticarət dövriyyəsinin artmasına, eyni zamanda, Azərbaycanın ehtiyaclarının ödənilməsinə xidmət göstərəcəkdir.

Bu gün nazirlər bizə iqtisadi vəziyyətin son durumu ilə bağlı məlumatlar verdilər. Hətta qeyd etdilər ki, hansı şirkətlər hansı işləri görür. Biz çox şadıq ki, Türkiyə şirkətləri Azərbaycana həm yatırımlar edirlər, həm müxtəlif layihələrdə iştirak edirlər.

Enerji məsələləri, əlbəttə, “Cənub” qaz dəhlizi də müzakirə mövzusu idi. Humanitar məsələlərə də diqqətimizi əsirgəmədik. Bu gün iki qadın nazirimiz bu məsələ ilə bağlı çox maraqlı məlumatlar vermişlər. Yəni, Şuranın gedişatı da, nəticələri də çox müsbət olmuşdur. Əlbəttə ki, nəqliyyat məsələləri də diqqətdən yayınmadı. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi və hava nəqliyyatı, avtomobil nəqliyyatı ilə bağlı olan məsələlər də qeyd edildi.

Bu müzakirələrin Dağlıq Qarabağ məsələsinin həllinə birbaşa təsiri olmasa da, ancaq bu müzakirələr bu gün Türkiyəni və Azərbaycanı daha da sıx birləşdirdi. Biz güclərimizi daha da sıx birləşdiririk və əlbəttə, gücümüz nə qədər artsa, qarşımızda duran məsələlər də bir o qədər asanlıqla həllini tapacaqdır.

O ki qaldı “Nabukko” və digər layihələrə, deyə bilərəm ki, Azərbaycan “Cənub” qaz dəhlizinin reallaşmasına öz töhfəsini verməkdədir. Həm təşəbbüslərimiz, tikilmiş qaz kəmərləri, aşkar edilmiş yeni qaz mənbələri, Türkiyə ilə artıq gözəl əməkdaşlıq tariximiz və Avropa İttifaqı ilə imzalanmış sənədlər, əlbəttə, Azərbaycanı çox etibarlı və potensial ixracatçı kimi dünyaya təqdim edir. Ümid edirəm ki, bu gün bu məsələ ilə bağlı imzalanmış sənədlər həyata keçiriləndən sonra Azərbaycan qazı həm Türkiyəyə, həm Türkiyə ərazisindən Avropaya daha da böyük həcmdə nəql ediləcəkdir.

X X X

Deniz Kilisoğlu (CNN Türk televiziyası): Hörmətli Baş nazir, zənnimcə, imzalanan sazişlər arasında Türkiyənin uzun müddətdir gözlədiyi bir saziş vardır - “Şahdəniz-2” sazişi. Sazişin detalları ilə bağlı ətraflı məlumat verə bilərsinizmi? Nə qədər qaz alınması nəzərdə tutulur? Nə qədəri Avropaya transfer ediləcəkdir və Türkiyənin yenidən satış haqqı olacaqmı? Ətraflı məlumat versəniz çox şad olaram. Sağ olun.

Baş nazir Rəcəb Tayyib ƏRDOĞAN: Təbii ki, “Şahdəniz” sazişi ilə əlaqədar olaraq, enerji nazirlərimiz öz aralarında bu müzakirələri davam etdirirlər. Həmçinin buradakı xəttin inşası ilə bağlı intensiv iş gedir. Xəttin inşası ilə bağlı layihə işlərini bir il müddətində başa çatdırmaq nəzərdə tutulur. Ondan sonra digər məsələlərlə bağlı addımlar atılacaqdır. Avropaya nə qədər qaz ixrac edilib edilməyəcəyi, tələb-təklif məsələləri Azərbaycan ilə keçiriləcək görüşlərdə müzakirə ediləcək və qərar veriləcəkdir.

Bu məsələlər bizim gündəliyimizdə yer almadı. Bu məsələlər enerji nazirlərimiz arasında, həmçinin SOCAR ilə BOTAŞ arasında aparılacaq müzakirələrdən sonra bəlli olacaqdır.

Arda Yavuz (“Star” qəzeti): Mən Azərbaycan ilə bağlı bir şey soruşmaq istəmirəm, amma hörmətli Prezidentimiz də bildirdi, Türkiyənin məlum bir terror problemi vardır və hər zaman dəstək olduqlarını ifadə etdi. Bu gün – təxminən bir saat yarım-iki saat əvvəl, xəbər agentliklərinin saytlarında bir informasiya verilmişdir. BBC-nin İraq müxbiri təxminən 1300-1400 PKK terrorçusunun Türk Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirildiyi ilə bağlı xəbər yaymışdır. Bu, dünya qaynaqlarında da yer alıb. Siz bunu necə dəyərləndirirsiniz? Bu rəqəm doğrudurmu? Bir də Murad Karayılanın Şimali Kipr kürd rejiminə bir müraciəti vardır. Müraciətdə Türkiyəni dəstəkləməmək təklif edilir. İran da PEJAK ilə mübarizə apardı. Bir neçə gün əvvəl də xarici işlər naziri Türkiyəyə gəldi. İran və Şimali İraq regional rejimlərinin Türkiyəyə terror ilə bağlı dəstəyi nədir? Təşəkkür edirəm.

Baş nazir Rəcəb Tayyib ƏRDOĞAN: Hörmətli dostlar, əvvəla BBC-nin və sairin açıqladığı rəqəmlər ciddi rəqəmlər deyil, bunlar qeyri-ciddidir. Hər hansı bir əsası yoxdur. Yəni, haradan tapmışlar, belə bir şeyi necə ortaya çıxarmışlar, məlum deyildir. Bilirsiniz ki, bizim bu mövzu ilə bağlı olaraq Baş Qərargahımızın bir açıqlaması vardır. Beş gün içərisində Çuxurcada 54 terrorçu zərərsizləşdirilmişdir. Bundan başqa, sərhəddən kənarda aparılan əməliyyatlarda isə 200-270 terrorçunun zərərsizləşdirildiyi təxmin edilir. Təbii ki, bunların içərisində Çuxurcadakılar göz qabağındadır. Amma digərləri hava əməliyyatı nəticəsində texniki imkanlar ilə müəyyən edilən təxminlərdir.

Bundan başqa, BBC-nin açıqladığı rəqəm Baş Qərargah tərəfindən qətiyyən təsdiqlənmir. Bunu xüsusi olaraq vurğulayıram ki, belə bir şey müzakirə mövzusu ola bilməz. Başqa bir mövzu – tankların sərhədi keçməsi iddiası da doğru deyildir. Yəni, belə bir şey də müzakirə oluna bilməz. Bu, yenə də bizim mənbəyimizin ifadəsidir. Sadəcə sərhəddə normal bir əməliyyat aparılmışdır. Mən bunu başa düşməkdə çətinlik çəkirəm ki, necə yəni dostlarımız bu əməliyyatı sərhəddən kənarda görürlər? Orada da belə bir şey yoxdur. Ancaq burada bir yanlış anlaşılma vardır. Bu mövzuda biz daha əvvəl media nümayəndələri – istər redaktorları, istərsə də rəhbərləri ilə keçirdiyimiz toplantılarda bu mövzuda doğru xəbərə diqqət edin, Baş Qərargahın, Silahlı Qüvvələrin və Baş nazirin açıqlamalarına əgər diqqət yetirsəniz yanlış xəbər vermərik, ictimaiyyətə yanlış məlumatlar vermərik dedik. Biz də əlaqədar qurumlarımızı yanlış xəbər olmasın, dezinformasiya olmasın deyə tez-tez məlumatların verilməsi ilə bağlı təlimatlandırdıq. Burada həssas olsaq bunun çox müsbət nəticəsi olacaqdır. Bundan sonrakı prosesdə də bunu eyni həssaslıqla davam etdirəcəyik. Amma dediyim kimi, terrorla mübarizəni və siyasətlə də müzakirəni davam etdirəcəyik. Bizim anlayışımız budur. Təşəkkür edirəm.

Sağ olun. 

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10