Ağdaş rayon mərkəzi xəstəxanasının açılışında İlham Əliyevin nitqi

30 oktyabr 2011, 13:10
Ağdaş rayon mərkəzi xəstəxanasının açılışında İlham Əliyevin nitqi

- Sizi Ağdaş rayon xəstəxanasının açılışı münasibətilə ürəkdən təbrik edirəm. Gözəl hadisədir. Xəstəxananın tikintisi bir il bundan əvvəl başlanmışdı. Mən çox şadam ki, qısa müddət ərzində Ağdaşda çox gözəl, müasir xəstəxana tikilib istifadəyə verilmişdir.

Bildiyiniz kimi, ölkəmizin hər bir yerində yeni tibb ocaqları yaradılır, xəstəxanalar, poliklinikalar tikilir. O cümlədən indi Ağdaşda da dünya səviyyəsinə uyğun, gözəl xəstəxana yaradılmışdır. Xəstəxana ilə tanış olarkən gördüm ki, həm gözəl, keyfiyyətlə, zövqlə tikilib, eyni zamanda, burada dünyanın ən müasir avadanlığı quraşdırılıbdır. İndi bu xəstəxanada işləmək üçün çox gözəl şərait vardır. Əsas odur ki, burada göstəriləcək tibbi xidmət də yüksək səviyyədə olsun.

Ölkəmizdə bütövlükdə səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində böyük islahatlar aparılır, böyük işlər görülür. Hər bir bölgədə yeni, müasir xəstəxanalar tikilməkdədir. Bakının özündə əvvəlki dövrdə tikilmiş xəstəxanalar əsaslı təmir edilir, yeni xəstəxanalar tikilir və kadr hazırlığı ilə bağlı yeni təkliflər irəli sürülür. Burada işləyən həkimlər treninq keçmişlər, təcrübələrini artırmışlar. Elə etməliyik ki, burada göstərilən tibbi xidmət yüksək səviyyədə olsun.

Bu xəstəxananın açılışı bir daha onu göstərir ki, ölkəmizin inkişafı hərtərəflidir. Hər bir bölgə inkişaf edir, hər bir bölgədə insanların yaşayışı üçün lazım olan bütün məsələlər həllini tapır. Mən keçən il burada olarkən sizinlə bərabər Olimpiya Kompleksinin açılışını qeyd etdik. Ağdaş rayonunun su təchizatının birinci mərhələsini qeyd etdik. İndi Ağdaşda bu layihə davam edir, digər layihələr icra olunur və bütövlükdə rayonun siması dəyişilir. Ağdaş indi müasir, gözəl rayona çevrilməkdədir. İstirahət etmək, yaşamaq, işləmək üçün bütün şərait vardır.

Qazlaşdırılma sürətlə gedir. Mənə verilən məlumata görə, son vaxtlar yeni qəsəbələr, yeni yaşayış məntəqələri qazlaşdırılıbdır. Elə etməliyik ki, yaxın iki il ərzində rayonun bütün kəndləri qazlaşdırılsın. Elektrik enerjisi ilə təchizatda problemlər çoxdan aradan qaldırılmışdır. İndi içməli su, kanalizasiya layihələri icra edilir. Bu layihələr də əminəm ki, yaxın zamanlarda başa çatacaqdır. Yollar çəkilir, buraya gəlməzdən əvvəl Ləki-Ağdaş avtomobil yolunun açılışını qeyd etdik. Bu da çox gözəl yoldur. Həm bir neçə kəndi birləşdirir, eyni zamanda, rayon mərkəzinə də rahat gəlmək mümkündür.

Növbəti illərdə rayonun inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək, əlavə vəsait ayrılacaqdır. Bildiyiniz kimi, həm dövlət büdcəsində vəsait nəzərdə tutulur, eyni zamanda, Prezidentin Ehtiyat Fondundan bölgələrin inkişafı üçün vəsait ayrılır ki, hər bir rayon, hər bir şəhər, hər bir kənd abadlaşsın və yaşamaq üçün şərait daha da yaxşı olsun.

Ümid edirəm ki, yaxın zamanlarda ölkə qarşısında duran bütün vəzifələr, xüsusilə bölgələrin inkişafı ilə bağlı olan bütün vəzifələr icra ediləcəkdir. Bu günə qədər görülmüş işlər deməyə əsas verir ki, biz hədəfimizə çatacağıq. Çünki regionların sosial-iqtisadi inkişafı proqramının uğurla icra edilməsi nəticəsində bölgələrdə böyük dərəcədə dəyişikliklər baş vermişdir. Canlanma, inkişaf vardır, bölgələr indi çiçəklənir. Bu, gördüyümüz işlərin, qəbul edilmiş proqramların nəticəsidir. Bütün bu işlərin təməlində insan amili dayanır və buna görə səhiyyə məsələlərinin həllinə çox böyük diqqət göstərilir. Hər bir sahəyə diqqət göstərilir. İndi məktəblər tikilir, yollar çəkilir, yeni müəssisələr işə salınır. Ancaq insanların sağlamlığı birinci dərəcəli məsələdir. Mən çox şadam ki, son illər Azərbaycanda bu sahədə aparılan işlər müsbətdir, yeni xəstəxanalar, tibb məntəqələri açılır. İnsanların sağlamlığı üçün lazımi tədbirlər görülür. Növbəti mərhələlərdə biz diaqnostika məsələlərinə daha çox diqqət verməliyik, xəstəliklərin profilaktikası ilə məşğul olmalıyıq və beynəlxalq təcrübəni maksimum dərəcədə tətbiq etməliyik.

O ki qaldı xəstəxanaların tikintisinə, mən hesab edirəm ki, biz indi ən inkişaf etmiş ölkələrdən geri qalmırıq. Bizdə yaradılan gözəl şərait inkişaf etmiş ölkələrdəki şəraitə uyğundur, bəzi hallarda onları üstələyir. Avadanlıqla təchizat məsələlərinə də böyük diqqət göstərilir. Ən müasir avadanlıq – diaqnostika cihazları gətirilir. Ümid edirəm ki, biz növbəti illərdə daha çox həkimlərin peşəkarlığına diqqət göstərməliyik. Bu məqsədlə həkimlər daim öz təcrübəsini genişləndirməlidirlər. Bu məqsədlə əlbəttə ki, beynəlxalq əlaqələr də vacib məsələdir.

Beynəlxalq səhiyyə təşkilatları Azərbaycanda gedən islahatlara çox yüksək qiymət verirlər. Bir neçə ay bundan əvvəl Bakıda keçirilmiş Dünya Səhiyyə Təşkilatı Avropa Komitəsinin iclasında Azərbaycanda bu məsələlərə göstərilən diqqət yüksək qiymətləndirilmişdir. Əlbəttə ki, bu, gördüyümüz işlərin nəticəsidir və bu qiymət bizi daha da ruhlandırır. Çünki Dünya Səhiyyə Təşkilatı dünya miqyasında bütün səhiyyə məsələləri ilə məşğul olur. İnsanların sağlamlığı üçün bütün lazımi amillər - əlbəttə, tibbi xidmət və bununla bərabər qeyd etdiyim kimi, diaqnostika, profilaktika, maarifləndirmə diqqət mərkəzində olmalıdır. İndi belə gözəl şərait olduğu halda hər bir vətəndaş gərək vaxtlı-vaxtında diaqnostikadan, müayinədən keçsin.

İnsanların sağlamlığı üçün lazım olan digər məsələlər də həll olunur. İçməli su insan sağlamlığı üçün bir nömrəli məsələdir, indi həll olunur. Ekologiya ilə bağlı olan vəziyyət, təmiz hava, keyfiyyətli qida. Biz bütün bu məsələlərə diqqət veririk, dünya miqyasında inkişaf etmiş ölkələrin təcrübəsini də öyrənirik və tətbiq edirik. Bu xəstəxana Dünya Bankı ilə birgə icra edilmiş layihədir və burada bütün standartlar dünya səviyyəsindədir.

Mən bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm. Mən çox şadam ki, Ağdaşda belə gözəl xəstəxana artıq istismara verilir. Bu, Ağdaşa mənim Prezident kimi üçüncü səfərimdir. Mən rayonda gedən dəyişiklikləri görürəm, qiymətləndirirəm. Çox şadam ki, burada işlər yaxşı gedir. Ağdaşın gələcək inkişafı üçün də əlavə tədbirlər görüləcək, əlavə vəsait ayrılacaq ki, rayon daha da gözəl, daha da yaxşı olsun. Bir daha Sizi təbrik edirəm.