11 noyabr 2011, 17:00

Şabanlı kənd sakinlərindən, Cəlilabad, Azərbaycan

Çox hörmətli cənab Prezident!

Biz, Cəlilabad rayonunun Şabanlı kənd inzibati ərazi dairəsinin sakinləri, həmin ərazidə yaşayan üç minə yaxın vətəndaşın arzu və istəklərini ifadə edərək, böyük qürur və iftixar hissi ilə bu sətirləri yazır, hamımızın dərin ehtiramını və sonsuz minnətdarlığını Sizə çatdırmaq istəyirik.

Artıq biz əminik ki, bundan sonra Azərbaycanın hər bir vətəndaşı kimi bizim özümüzün, övladlarımızın və nəvələrimizin həyatı da sabitlik, əmin-amanlıq və rifah şəraitində keçəcəkdir. Bu yalnız Sizin sözlə ifadə edilməsi mümkün olmayan gərgin əməyinizin nəticəsində mümkün olmuşdur. Əsası öz həyatını və ömrünü doğma xalqına sərf etmiş, hər gün ruhuna dualar oxuduğumuz ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş quruculuq və inkişafı strategiyasının yeni dünya düzənində uğurla davam etdirməyiniz və həyata keçirməyiniz bütün Azərbaycan xalqının qəlbində gələcəyə böyük inam hissi yaratmışdır.

Biz fəxr edirik ki, Siz respublikamıza rəhbərlik etdiyiniz az müddət ərzində dünya siyasi arenasında özünəməxsus dəsti-xətti olan, məsələlərə tamamilə yeni, açıq, prinsipial və qətiyyətli yanaşma tərzi nümayiş etdirən, qlobal problemlərin həllinə öz töhfəsini verən gənc siyasi lider kimi yaxşı tanınmısınız.

Siz yaxşı bilirsiniz ki, uğurlu xarici siyasət yalnız müvəffəqiyyətlə həyata keçirilən daxili siyasətin nəticəsində mümkün olur.

Ölkə iqtisadiyyatının dinamik və səmərəli inkişafı, xalqın rifah halının yaxşılaşdırılması üçün Sizin qəbul etdiyiniz və uğurla həyata keçirdiyiniz dövlət proqramları, onların icrası üçün gördüyünüz qətiyyətli tədbirlər dediklərimizə əyani sübutdur. Çöx yaxşı haldır ki, Siz bütün işinizi xalqla sıx təmasda qurur, çətinliklərdən qorxmayaraq bütün problemləri açıq və səmimi şəkildə müzakirə edir, onların həlli üçün cəsarətli qərarlar qəbul edir və bu qərarların həyata keçirilməsinə şəxsən özünüz nəzarət edirsiniz. Biz tam inamla qeyd edirik ki, bir ölkə rəhbəri kimi bu, MDB məkanında və yaxın dünya regionunda analoqu olmayan yeni iş üsuludur və özünü tamamilə doğrultmuşdur. Bütün bu çəkilən zəhmətlər və göstərilən səylər artıq öz bəhrəsinin vermişdir. Bir çox iqtisadi inkişaf göstəricilərinə görə Azərbaycan dünya dövlətləri arasında ön sıraya çıxmış, bütün ölkə boyu tikinti-quruculuq və abadlıq işləri geniş vüsət almış, xalqın güzəranı xeyli yaxşılaşmış, doqquz yüz mindən artıq yeni iş yeri açılmış, yoxsulluq həddi 67 faizdən 5,5 faizə enmişdir. Ölkədə qanunçuluq möhkəmləndirilmiş, sosial ədalət bərpa edilmiş, korrupsiyaya qarşı dövlət səviyyəsində mübarizə elan olunmuşdur. Bütün bunlar çox böyük uğurlardır və hər bir Azərbaycan ailəsi kimi biz də öz gündəlik həyatımızda bunun müsbət təsirini hiss edirik.

Bu məqamda Azərbaycanın inkişafı üçün Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, UNESCO və İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın böyük əməyini qeyd etməmək olmaz. Respublikamızın dünya dövlətləri arasında yaxşı tanınması, dövlətin xarici siyasətinin və mədəniyyətimizin təbliği, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkə daxilində aparılan böyük quruculuq işləri, təhsilimizin inkişafı üçün Fondun təşəbbüsü və rəhbərliyi ilə tikilən yüzlərlə məktəblər və digər təhsil ocaqları, xalqımızın qan yaddaşı olan unudulmuş muğam sənətinin yenidən dirçəldilməsi və xalqımıza qaytarılması onun gördüyü möhtəşəm işlərin yalnız bir hissəsidir və biz bununla çox fəxr edirik.

Ölkəmizin inkişafı üçün gördüyünüz bu böyük işlər bütün regionlarda olduğu kimi Cəlilabad rayonunda da bütün istiqamətlərdə uğurla davam etdirilir. Son bir neçə ildə rayonda Sizin rəhbərliyiniz altında aparılan abadlıq və quruculuq işləri, yeni müasir diaqnostika mərkəzi, Heydər Əliyev seyrəngahı və parkı, Heydər Əliyev adına yaradıcılıq mərkəzi və muzeyi, şahmat məktəbi, texniki peşə məktəbi, tarix-diyarşünaslıq muzeyi, yeni məktəblər, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün iri həcmli soyuducular, böyük un dəyirmanı tikilib xalqın istifadəsinə verilmişdir. Şəhərin mərkəzi küçələri asfaltlaşdırılmış və abadlaşdırılmışdır.

Rayonda aparılan quruculuq işləri bizim yaşadığımız Şabanlı kənd inzibati ərazi dairəsində də uğurla davam etdirilir.

Belə ki, ərazinin əhatə etdiyi yaşayış məntəqələrində kənddaxili və kəndlərarası yollar təmir edilərək abadlaşdırılmış, məktəblər təmir edilmiş, kənd əhalisinin yaşayışı üçün zəruri olan infrastrukturun yaxşılaşdırılması üçün mühüm işlər görülmüşdür. Yeni çəkilmiş, hər cür rahatlığı olan Cəlilabad-Yardımlı magistral asfalt yolu bizim də ərazinin içərisindən keçir və əhalinin rayon mərkəzi ilə əlaqəsini çox yaxşılaşdırmış, onların yaşayışına müsbət təsir göstərmişdir.

Cənab Prezident!

Bir daha bəyan edirik ki, Azərbaycan Respublikasının inkişafı və xalqın rifah halının daha da yaxşılaşdırılması üçün Sizin həyata keçirdiyiniz daxili və xarici siyasəti ürəkdən bəyənirik, bütün gücümüzlə onu dəstəkləyirik və əmin ola bilərsiniz ki, həmişə Sizin yanınızdayıq.

Allah Sizdən razı olsun və Sizi qorusun!

Hörmətlə, Şabanlı kənd sakinləri,
Mirzəyev Kərim, Əliyev Cəbrayıl, Ağayev Museyib, Turabov Möhübbət və başqaları. Cəmi 62 imza.

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Şabanlı kəndi.